Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İNSTİTUTUN ƏMƏKDAŞI TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT RUSLAN RƏHİMLİ POLŞA VƏ MACARISTAN UNİVERSİTETLƏRİNDƏ QARABAĞLA BAĞLI TƏQDİMATLAR VƏ KİTAB SƏRGİLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR
İNSTİTUTUN ƏMƏKDAŞI TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU, DOSENT RUSLAN RƏHİMLİ POLŞA VƏ MACARISTAN UNİVERSİTETLƏRİNDƏ QARABAĞLA BAĞLI TƏQDİMATLAR VƏ KİTAB SƏRGİLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR
  09.11.2017
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Avropa Universitetlərində gənc alimlər arasında Qarabağ təbliğatı” adlı layihə çərçivəsində 26 oktyabr – 05 noyabr 2017-cı il tarixlərində Macarıstanın Pannonia və Polşanın Vistula universitetlərində gənc alimlər, doktorantlar, magistrlər, universitet müəllimləri, elmi tədqiqatçılar üçün təqdimatlar və kitab sərgiləri təşkil etmişdir. Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtaraşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmişdir.
Avropa Gənc Alimlər Şurasının (EURODOC) və onun üzv təşkilatlarının dəstəyi ilə Macarıstan və Polşada təşkil olunmuş elmi təqdimat və kitab sərgilərində Pannonia və Vistula Universitetlərindən gənc alimlər, doktorant və magistrlər iştirak etmişlər.
Tədbirdə layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışmış və bildirmişdir ki, artiq uzun illərdir ki Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirirlər. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Layihənin eksperti, AMEA Arxeologiya ve Etnoqrafiya Institutunun elmi əməkdası, tarix üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd etmişdir ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 271 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilmişdir.
Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunmuşdur.
Universitetlərdə təşkil olunmuş kitab sərgilərndə Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunmuşdur. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunmuş, eyni zamanda, iştirakçılar arasında paylanmışdır.
Macarıstanın Pannonia universitetinin müəllimi, EURODOC-un İdarə Heyətinin üzvü Peter Szabo tədbirdə çıxış etmiş, həm EURODOC-la, həm də təmsil etdiyi Macarıstanın DOSZ təşkilatı ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti arasında əməkdaşlıqdan danışmış və bu cür maarifləndirici tədbirlərin gələcəkdə də həyata keçirilməsinin önəmini qeyd etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu