Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

QARABAĞIN PALEOLİT ABİDƏLƏRİ BARƏDƏ ƏSƏR ABŞ KONQRESİNİN VƏ HARVARD UNİVERSİTETİNİN KİTABXANALARINA GÖNDƏRİLDİ
QARABAĞIN PALEOLİT ABİDƏLƏRİ BARƏDƏ ƏSƏR ABŞ KONQRESİNİN VƏ HARVARD UNİVERSİTETİNİN KİTABXANALARINA GÖNDƏRİLDİ
  29.11.2017
Bu günlərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Qüdrət oğlu Cəfərovun “Qarabağın paleolit düşərgələri” adlı 23 çap vərəqi həcmində kitabı ABŞ Konqresinin və Harvard Universitetinin kitabxanalarına göndərilmişdir. Kitab 2016-cı ilin aprel ayında müqəddəs Qarabağ torpaqlarını azad edərkən şəhid olmuş qəhrəman Azərbaycan əsgərlərinin əziz xatirəsinə həsr olunmuşdur.
Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Abbas Qadir oğlu Seyidov, rəyçiləri: AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Hüseyn oğlu Əliyev və tarix üzrə fəlsəfə doktoru Ceyhun Sahib oğlu İsmayılov. Əsər Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının 9 fevral 2017-ci il qərarı ilə çap olunmuşdur (protokol №3).
“Qarabağın paleolit düşərgələri” adlı əsər Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən biri olan Qarabağın dünya şöhrətli Azıx, Tağlar və Şuşa qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunmuşdur. Kitabda çoxtəbəqəli Azıx, Tağlar və Şuşa paleolit düşərgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq olunmuşdur. Azərbaycan Respublikasının Qarabağ ərazisində müəyyən olunmuş quruçay, qədim aşel, orta aşel, son aşel, mustye və üst paleolit mədəniyyətlərinin xarakterik xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, neandertal tipli insanların inkişaf edib homo sapiens (kamil insan) tipli insanlara çevrilməsi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh olunmuşdur. Əsərdə həmçinin arxeoloji və tarixi mənbələr əsasında Qarabağın tarixi 2,5 milyon il bundan əvvəllərdən başlayıb XXI əsrin əvvəllərinə qədərki tarixi inkişaf mərhələləri də müfəssəl şərh olunmuşdur.
Beynəlxalq İNTAS-2000 proqramı əsasında Əsədulla Cəfərovun Avropa alimləri ilə birgə aparmış olduğu elmi tədqiqatlar zamanı əldə olunmuş nailiyyətlər kitabda ilk dəfə olaraq çap olunmuşdur.
Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni “tədqiqatçıların” fikirlərinin elmi əsassız olması faktlarla təkzib edilmişdir.
2001-ci ildə Amerika Birləşmiş Ştatları Kolumbiya Universitetinin Erməni mərkəzi tərəfindən professor Robert Hauzenin “Ermənistanın tarixi atlası” adlı 1139 səhifəlik kitabı çap olunmuşdur. Kitaba həmçinin 279 saxta xəritə əlavə edilmişdir (Hauzen, 2001).
Ə.Q.Cəfərov “Qarabağın paleolit düşərgələri” adlı əsərində kitabın tamamilə Azərbaycan tarixinin saxtalaşdırılmasına həsr olunduğunu və hətta 1958-1964-cü illərdə çap olunmuş üç cildlik Azərbaycan tarixi erməni tarixi kimi şərh edildiyini elmi faktlarla ifşa edir. Bununla yanaşı, qonşu İran və Türkiyənin də müəyyən əraziləri “tarixi Ermənistan” ərazisi olması iddia olunmuşdur.
Kitabda həmçinin Qafqaz Albaniyasına məxsus olan məbədlər və tarixi abidələrin ermənilərə məxsus olması iddia olunur (Hauzen, 2001).
Ümumiyyətlə, Robert Hauzen tərtib etdiyi “Ermənistanın tarixi atlası” tamamilə saxta məlumatlardan ibarət olub, nəinki Azərbaycanın tarixini, eyni zamanda Qafqazın, İranın və Türkiyənin tarixini saxtalaşdırmağa yönəlmişdir.
Əsərin qısa xülasəsi rus (13 səhifə) və ingilis (10 səhifə) dillərində şərh olunmuşdur.
Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleogeoloqlar, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu