Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

“QOBUSTAN: TƏDQİQATLAR VƏ MÜLAHİZƏLƏR” ADLI KİTAB NƏŞR OLUNMUŞDUR
“QOBUSTAN: TƏDQİQATLAR VƏ MÜLAHİZƏLƏR” ADLI KİTAB NƏŞR OLUNMUŞDUR
  04.12.2017
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin “Qobustan: tədqiqatlar və mülahizələr” adlı kitabı nəşr olunmuşdur. Əvvəlki şablon təkrarlardan uzaq, Azərbaycan, ingilis və rus dillərində üç fəsildən ibarət əsərdə N.Müseyibli Qobustan ərazisində aparılmış arxeoloji tədqiqatlardan bəhs etmiş, daş dövrünə aid petroqliflərin semantik şərhi ilə bağlı irəli sürülmüş mülahizələri təhlil etmişdir.
Əsərin “Qobustanın tədqiqatlarının bəzi məsələləri: mütəxəssislər və diletantlar” adlı birinci fəslində arxeoloji kompleksdə İ.Cəfərzadə, С.Rüstəmov, F.Muradova və digər mütəxəssislərin tədqiqatları barədə məlumat yer alır. Həmçinin, bəzi qeyri-mütəxəssislərin, diletantların irəli sürdüyü mülahizələrin əsassızlığı göstərilir.
“Qobustanın ilk məskunlaşma tarixi: üst paleolit, yoxsa mezolit?” adlı ikinci fəsildə Qobustanın ilkin məskunlaşma tarixi barədə elmi fikirlər təhlil edilmişdir. N.Müseyibli buradakı qayaüstü təsvirlərin, arxeoloji qazıntılardan aşkar edilmiş tapıntıların xüsusiyyətlərinə əsasən Qobustanda ən qədim tarixin son 30 ildə yazıldığı kimi üst paleolit dövrünə deyil, sonrakı erkən mezolit dövrünə aid olması nəticəsinə gəlmişdir.
Əsərin “Qobustanın qayıq təsvirləri” adlı üçüncü fəslində Qobustan və Azərbaycanın digər abidələrindən aşkar edilmiş qayıq təsvirlərinin ümumi səciyyəsi göstərilmişdir. Tədqiqatçı qayıq təsvirlərinin sonluğunda bu günədək yazıldığı kimi Günəşin deyil, əslində müxtəlif heyvanların başlarının rəsm edildiyini bu qayıq təsvirlərinin özünün xüsusiyyətləri və tarixi-xronoloji aspektdə müqayisəli təhlillərlə əsaslandırmışdır. Sonuncu fəsildə həmçinin, məşhur səyyah Tur Heyerdalın norveçlilərin əcdadlarının Qobustandan Skandinaviyaya miqrasiyası barədə mülahizəsinin tənqidi analizi aparılmışdır. Müəllif Qobustan kompleksində müasir texnologiyaların istifadəsi ilə arxeoloji tədqiqatların bərpasının zəruriliyinin elmi əhəmiyyətini xüsusi olaraq vurğulayır.
Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 27 oktyabr 2017-ci il tarixli qərarı (Protokol № 8) ilə nəşr olunmuşdur. Tədqiqat əsəri arxeoloqlar, tarixçilər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu