Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

İSLAM ARXEOLOGİYASI MÖVZUSUNDA ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ
İSLAM ARXEOLOGİYASI MÖVZUSUNDA ELMİ NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ
  05.12.2017
2017-ci il noyabrın 29-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən elmi-nəzəri seminarın növbəti məşğələsi keçirilmişdir. Elmi nəzəri seminarın sədri tarix elmləri doktoru Əsədulla Cəfərov tədbiri açaraq bildirdi ki, müasir dövrdə dünyada baş verən prosesləri anlamaq üçün sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanların maariflənməsi əsas şərtdir.
“İnsanlar yalnız elm və bilik vasitəsilə dövrün çağrışları ilə ayaqlaşa bilər. Bu gün Azərbaycan arxeologiyasının dünya səviyyəsində olması üçün əsas şərt yeni tədqiqat istiqamətləri ilə tanışlıq və onların mahiyyətinin dərk edilməsidir. Bu istiqamətlərdən biri də İslam arxeologiyasıdır. Bir çoxları bu istiqamət barədə çox az məlumata malikdirlər və ya dünyada bəzi qüvvələr tərəfindən aparılan subyektiv təbliğat nəticəsində mövzu barədə neqativ fikirlərə sahib olmuşlar. Azərbaycanda bu mövzuya marağı, həmçinin, bu istiqamətin mahiyyəti və tarixi ilə bağlı məlumatlara olan ehtiyacı nəzərə alıb, elmi nəzəri seminarın növbəti məşğələsinə orta əsr Şəmkir qalasını tədqiq edən ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru, professor Tarix Dostiyev “İslam arxeologiyası (təşəkkülü, hazırki durumu və perspektivləri)” mövzusunda mühazirə ilə çıxış etmək üçün dəvət olunmuşdur” -deyə Ə.Cəfərov xüsusi olaraq vurğuladı. Daha sonra Ə.Cəfərov sözü professor Tarix Dostiyevə verdi.
Professor T.Dostiyev ilk olaraq “islam arxeologiyası” termininin tarixindən və bu terminin ehtiva etdiyi məna barədə dolğun məlumat verdi. Məruzəçi göstərdi ki, arxeologiyanın müxtəlif əsas istiqamətləri sırasında “din arxeologiyası” vardır. Bu sırada “Bibliya (Əhdi-Ətiq və Əhdi-Cədid) arxeologiyasını”, “İudaizm arxeologiyasını” və s. göstərmək olar. İslam arxeologiyası bu sırada dursa da mahiyyət etibarilə fərqli və özünəməxsusdur. Termin Qərb elmində yaranmışdır, hal-hazırda İslam arxeologiyası üzrə ABŞ-ın və Avropanın tanınmış mütəxəssisləri və onların bu istiqamət üzrə arxeoloji məktəbləri vardır. Nisbətən cavan sahə olan İslam arxeologiyası 1911 və 1912-ci ildə alman arxeoloqlarının Samirə (Səmarra, İraq) və Fustat (Misir) şəhərlərində apardığı qazıntılarından etibarən formalaşmağa başlamışdır.
İslam arxeologiyası təkcə müasir islam ölkələrini deyil, həmçinin, əhalisi əksəriyyətən qeyri-müsəlman olan ölkələri (məsələn, Çin, Rusiya, Hindistan, İsrail, İspaniya və d.) əhatə edir. Bu gün İslam arxeologiyası üzrə aparıcılığı yenə də Qərb arxeoloji məktəbləri tuturlar. Tez-tez İslam arxeologiyası ilə bağlı beynəlxalq konqreslər keçirilməkdədir.
Professor T.Dostiyev qeyd etmişdir ki, İslam arxeologiyasının əsas istiqamətləri aşağıdakı maddi-mədəni abidə və artefaktların aşkar edilməsi və tədqiqini ehtiva edir: 1) dini təyinatlı binalar; 2) dini təyinatlı olmayan, amma müsəlman icması üçün xarakterik tikili qalıqları; 3) ibadətlə bağlı olan maddi qalıqlar; 4) xatirə və dəfn abidələri; 5) islam mədəniyyəti üçün xarakterik olan hifzedici artefaktlar (məişət avadanlığından başlamış bəzək əşyalarınadək); 6) islam qadağaları ilə bağlı tapıntılar. İslam sivilizasiyasının ən başlıca səciyyəvi əlaməti, özəlliyi və fenomeni - şəhərsalma mədəniyyətinin yüksək səviyyəyə çatmasıdır. İslam mədəniyyəti sırf inkar üzərində qurulmamış, əksinə, özündən əvvəlki mədəniyyətlərin sintezi və transformasiyası əsasında formalaşmışdır. Burada iki ana xətt kimi Bizans və Sasani mədəni irsini göstərmək olar. Sonrakı Səlcuq dövrü isə, islam aləminə yeni bir nəfəs gətirdi ki, arxeologiyada bu özünü bariz göstərməkdədir.
Məruzəçi göstərmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış “Arxeoloji Cəmiyyət”, sonra onun davamı olan “Şərqin öyrənilməsi cəmiyyəti”, daha sonra 1919-cu ildə Bakı Dövlət Universitetinin nəzdində təşkil olunan “Müsəlman Şərqini öyrənən cəmiyyət” ölkəmizin ərazisində islam dövrü arxeologiyasının tədqiqi barədə layihələr (Nizaminin türbəsinin axtarışı, Şabranın tədqiqi, Bakı ətrafı qədim islam abidələrin öyrənilməsi və s.) irəli sürmüşdü. Amma 28 aprel 1920-ci il rus-bolşevik işğalı nəticəsində bu tədqiqatların gerçəkləşməsi mümkün olmadı. Sovet dövründə isə, Azərbaycanın İslam arxeologiyası əsasən “orta əsrlər arxeologiyası” kimi təqdim olunurdu.
Ümumilikdə, Azərbaycan ərazisində İslam arxeologiyasının, ən qədim abidələrə görə, VIII əsrin sonu IX əsrin əvvələrindən etibarən başlandığını söyləmək olar. Azərbaycandakı İslam arxeologiyası da hal-hazırda sovet dönəmində formalaşmış “orta əsrlər arxeologiyası” kimi məktəbin bazasında təşəkkül tapmaqdadır.
Elmi məruzəsini qurtardıqdan sonra professor T.Dostiyev məşğələ üzvlərinin çoxsaylı suallarını cavablandırmışdır.
Elmi-nəzəri seminara yekun vuraraq Ə.Cəfərov maraqlı elmi məruzə üçün professor T.Dostiyeva təşəkkürünü bildirmiş, elmi nəzəri seminarların institut əməkdaşlarının bütövlükdə Azərbaycan arxeologiyasının müasir nailiyyətləri, perspektivləri ilə tanışlığı, həmçinin, çağdaş dünya arxeologiyası barədə dərin biliklərə yiyələnməsi üçün vacibliyini qeyd etdi. Ə.Cəfərov bildirdi ki, vaxtilə Ərəbistan yarımadasında yaşayan ərəb tayfalarını Məhəmməd Peyğəmbər vahid bir din altında birləşdirərək Avrasiyanın böyük bir hissəsində möhtəşəm sivilizasiyanın əsasını qoydu. İslam dini və sivilizasiyası barədə bəzi kənar qüvvələrin əsassız mənfi təbliğatına baxmayaraq, bu möhtəşəm mədəniyyətin bəşəri mahiyyətini və mədəni irsini dünyaya tanıdan elmin istiqamətlərindən biri də məhz İslam arxeologiyasıdır. Tarix elmləri doktoru Ə.Cəfərov bildirdi ki, İslam arxeologiyası barədə bu günki tədbiri bir ilk kimi qəbul edərək, gələcəkdə bu mövzu üzrə mühazirələrdə arxeoloqlarla yanaşı, şərqşünasların, ilahiyyatçıların da iştirakı vacib hesab olunmalıdır. Ə.Cəfərov, yaxın gələcəkdə İslam arxeologiyasına həsr edilmiş növbəti beynəlxalq konqreslərinin birinin də Bakıda təşkil olunacağına əminliyini açıqladı.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu