Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ABŞ ALİMİNİN AZƏRBAYCANDA AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ DƏSTƏYİ İLƏ APARDIĞI ARAŞDIRMALAR...
ABŞ ALİMİNİN AZƏRBAYCANDA AMEA ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARININ DƏSTƏYİ İLƏ APARDIĞI ARAŞDIRMALAR...
  15.12.2017
13-15 dekabr tarixində ABŞ-ın Nyu-York Universitetinin Qədim Dünyanın Tədqiqatı İnstitutunun (New York University, Institute for the Study of the Ancient World / ISAW) əməkdaşı doktor (PhD) Selin Elizabeth Nugent AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının iştirakı və yardımı ilə birgə qısa müddətli elmi araşdırmalar aparmışdır. Dok. S.E.Nugent`in cəlb olunduğu beynəlxalq elmi tədqiqat layihəsinin əsas mövzusunu tunc dövründə (e.ə. IV minillikdən e.ə. I minilliyədək) Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində qədim yerli əhalinin qida rasionu və ərzaq çeşidləri, xüsusilə qədim əhalinin qidalandığı süd məmulatlarının müxtəlif kriterilər (dövr, mənşə, çeşid, hazırlanma texnologiyası, lokal fərqlər və s.) üzrə araşdırılması təşkil edir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və əməkdaşları dok. Selin Nugent`ə lazımi dəstəyi göstərmiş, amerikalı tədqiqatçının İnstitutun Arxeoloji Fondunda çalışmasına şərait yaratmışlar. Qeyd edək ki, texnoloji cəhətdən inkişaf etmiş qabaqcıl ölkələrdə qədim abidələrin arxeoloji tədqiqi zamanı üzvi qalıq tapıntıların izotop tərkibinin analizi nəticəsində qədim əhalinin istifadə etdiyi ərzağın çeşidi, qidasında yaşa və regiona görə fərqlər və d. mühüm məlumatlar əldə edilir. Son illər ərzində respublika ərazisində fəaliyyət göstərən ABŞ, Fransa, Almaniya, Yaponiya və d. ölkə alimlərinin iştirakı ilə birgə beynəlxalq ekspedisiyalar arxeoloji abidələrdən əldə edilmiş tapıntı fraqmentlərinin qeyd edilmiş laborator analizlərə cəlb edilməsini təmin edir. Bu sırada dok. Selin E. Nugent`in də araşdırmaları xüsusi yer tutur.
Uzun müddət Türkiyə Cümhuriyyətindəki neolit və xalkolit dövrü Çatal Höyük abidəsində apardığı tədqiqatlardan sonra o, Naxçıvan Muxtar Respublikasında (Şərur düzünün tunc dövrü abidələri) və Lerikdə (Piboztəpə antik nekropolu) üzvi tapıntıların izotop analizlərinin aparılması, Azərbaycanın qədim əhalisi barədə arxeometrik məlumatların beynəlxalq elmi dövriyyədə tanıdılması istiqamətində fəaliyyət göstərmişdir.
Xüsusi olaraq vurğulayaq ki, Türk və Azərbaycan dilini müfəssəl bilən doktor S.Nugent`in bu il Ohayo Universitetində müdafiə etdiyi dissertasiyası “Orta tunc dövründə Şərur düzündə maldarların hərəkət dinamikası və məskən komplekslərinin formalaşması” mövzusunda idi. Tədqiqatın əsas hissəsini məhz, Şərur düzü orta tunc dövrü arxeoloji abidələrindən əldə edilmiş tapıntı fraqmentlərinin stronsium, oksigen, karbon və d. çeşidli izotop analizlərinin nəticələri təşkil etmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
(012) 510 96 74, 055 689 04 95
parviz.gasimov.pr@gmail.com
http://arxeologiya.az/
https://www.facebook.com/AMEA-Arxeologiya-və-Etnoqrafiya-İnstitutu