Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOJİ TƏDQİQATLAR


BƏRDƏ VƏ ƏTRAFININ ARXЕOLOJİ TƏDQİQİ (2010)

"Bərdə və ətrafının arxеoloji tədqiqi" mövzusu t.е.d. A.M. Məmmədov tərəfindən işlənmişdir.
Bərdə arxeoloji ekspedisiyası 2010-cu ildə arxeoloji qazıntı işlərini Şortəpə abidələr kompleksində davam etdirmişdir. Şortəpə kompleksi bir-birindən dərin çay yatağı ilə ayrılan iki abidədən Şortəpə və Balatəpədən ibarətdir. Şortəpə abidəsi əsasən antik və ilk orta əsrlər dövrünə, Balatəpə abidəsi isə son eneolit- ilk tunc dövründən başlayaraq son tunc- ilk dəmir dövrü də daxil olmaqla böyük bir mərhələni əhatə edir. 2010-cu ildə Bərdə arxeoloji ekspedisiyası əsas qazıntı işlərini Balatəpədə aparmışdır.
Balatəpə Bərdə şəhərindən 6-7 km şimal-qərbə, Şatırlı kəndindən 3 km şərqdə hündür torpaq təpə üzərində yerləşir. Balatəpə ilə Şortəpə əslində bir kompleksə aid olsalar da sonralar təbii qaynama su yığımı nəticəsində əmələ gələn gölün böyüməsi ilə bir-birindən ayrılmışlar. Hal-hazırda onların arasındakı dərənin eni 200-250 metrdir.
Balatəpə yaşayış yerinin ölçüləri şimaldan- cənuba dogru 180 metr, şərq- qərb istaqamətində isə 170 metr olmaqla sahəsi təqribən 4 hektardır. Ancaq sovet hakimiyyəti illərində təpənin xeyli hissəsi düzlənərək əkin sahəsinə qatıldığından dagıntılara məruz qalmışdır. Balatəpə yaşayış yerində ilk arxeoloji tədqiqatlara A.B.Nuriyev tərəfindən başlanılmışdır. O, aşkar etdiyi divar qalıgının qala divarı olduğunu bildirmişdi. XX əsrin 80-ci illərində həmin ərazidə arxeoloji tədqiqat işlərini davam etdirən H.Cəfərov buradan orta və son tunc dövrünə aid təsərrüfat və məişət qabları, həmçinin metal qəlib aşkarlamışdır.
2010-cu ilin iyul- avqust aylarında "Bərdə" arxeoloji ekspedisiyası Balatəpədə arxeoloji tədqiqat işlərini davam etdirmişdir. 2010-cu ildə arxeoloji qazıntı işləri 450 kv.metr sahədə aparılmışdır. Qazıntı sahəsi hər biri 5×5 metr ölçüdə olmaqla 18 kvadrata bölünmüşdür.
Arxeoloji qazıntı işləri 4,2 metrə qədər davam etdirilmişdir. Abidədəki arxeoloji qazıntılar zamanı uzunluğu 7 metr, eni 2 metr olan möhrə divar qalığı aşkarlanmışdır. Bu divarın vaxtilə yaşayış yerinin ətrafına çəkilmiş hasarın bir hissəsinin olduğu ehtimal edilmişdir.
Arxeoloji qazıntı işləri zamanı çıxdaş halında metal qalıqları, keçi və öküz fiqurları, daraqlanmış və boyalı keramika nümunələri, vəhşi pişik kəllələri, təndir və ocaq yerləri, osteoloji qalıqlar, təqribən 200-300 kq həcmində nəm çəkdiyindən qaralmış buğda qalıqları, qayıqvari və oval formalı dən daşları, tunc düymə, iy başlıqları və muncuqlar və s. maddi mədəniyyət qalıqları əldə edilmişdir.
Vəhşi pişik kəllələri hər biri 3 ədəd yanaşı qoyulmaqla dairəvi formada düzülmüşdür. Həmin dairənin ortası nisbətən orta həcmli çay daşı ilə döşənmişdir. Yanında hər tərəfi daşla qurulmuş ocaq yerinin olduğu müəyyən edilmişdir. Keçi, öküz fiqurlarının və vəhşi pişik kəllələrinin tapılmasının hansısa dini ayinlərlə əlaqəli olmasını güman etmək olar.
Aparılan arxeoloji tədqiqatlar Balatəpədə yaşayışın eneolitdən – ilk tunc dövrünə keçid mərhələsində salındığını, son tunc dövründə burada sənətkarlığın daha da inkişaf etdiyini və orada təbəqələşmə getdiyini, erkən dəmir dövründə ətrafına möhkəm hasar çəkildiyini, antik və ilk orta əsrlər dövründə əhalinin sayının artması nəticəsində yaşayış yerinin daha da böyüdüyünü və Şortəpə istiqamətində genişləndiyi fikrini söyləmək olar. Şortəpə abidələr kompleksinə aid olan Balatəpədə gələcəkdə arxeoloji qazıntıların davam etdirilməsi nəzərdə tutulur.