Əsas səhifə   |   

Tarix   |   

Əlaqə   |   

Saytın xəritəsi

ARXEOLOJİ TƏDQİQATLAR


GÖYTƏPƏ NEOLİT DÖVRÜ YAŞAYIŞ MƏSKƏNİNDƏ APARILAN ARXEOLOJİ QAZINTILAR

Hal-hazırda inkişaf etmiş ölkələrdə arxeologiya elminin ən aktual tədqiqat istiqamətlərindən biri istehsal təsərrüfatına yiyələnmiş oturaq həyat tərzi keçirən erkən əkinçi-maldar tayfaların formalaşması və məkunlaşması problemidir. Tarix elmində «Neolit inqilabı» adlanan bu proses ən qədim dövrdə Yaxın Şərq, Ön Asiya və Qafqazda müxtəlif fərqli xüsusiyyətlərlə cərəyan etmişdir.
Cənubi Qafqazda neolit dövrünün öyrənilməsi Naxçıvan şəhəri yaxınlığında I Kültəpə abidəsinin arxeoloji tədqiqi ilə başladı. Kültəpə abidəsinin arxeoloji tədqiqi Azərbaycanın qədim erkən əkinçilərin yaşadığı qədim mərkəzlərdən biri olduğunu təsdiq etdi. Azərbaycanda uzun illər aparılan tədqiqatlar nəticəsində erkən əkinçilərə məxsus neolit və eneolit dövrünə aid olan 150-yə qədər yaşayış məskənləri aşkar edilərək qeydə alınmışdır.
Bir sıra vacib faktorlar, əlverişli ekoloji durum, Ön Asiyanın mədəniyyətlərinə yaxınlıq, Azərbaycanda qədim istehsal təsərrüfatı sahələri olan əkinçilik və maldarlığın formalaşmasına şərait yaratmışdır. Nəticədə Azərbaycanda və ümumən Qafqazda Yaxın Şərq mədəniyyətlərinin sinxron abidələrindən fərqli xüsusiyyətləri ilə seçilən tam özünəməxsus erkən əkinçilik mədəniyyəti yaranmışdır.
Neolit və eneolit dövrünə mənsub olan qədim yaşayış məskənlərinin bir qismi Gəncə-Qazax bölgəsində, əsasən Kür çayının orta axarı boyunca yerləşirlər. Bu yaşayış məskənlərinin ərazisi 0,5-2 hektar olub, əsasən təpə formasındadırlar.
Bölgədə olan yaşayış məskənlərinin ən böyüyü Göytəpə neolit dövrü yaşayış yeri Tovuz rayonunun Aşağı Quşçu kəndindən 2 km aralı məsafədə, şimal-şərq istiqamətində yerləşir. Təpə magistral yolundan 1 km aralıda olub 2 hektardan çox ərazini əhatə edir. Qədim yaşayış məskəninin diametri 145 metr, hündürlüyü isə 8 metrdir.
2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin topoplanını çəkmiş, buradan yerüstü materiallar toplamışlar.
Abidənin xronoloji dövrünün dəqiq təyin edilməsi üçün üst qatdan götürülmüş kömür qalıqlarının Fransa Respublikasının Milli Araşdırmalar Mərkəzində (CNRS) radiokarbon C14 analizi aparılmışdır. Analizin nəticəsinə əsasən Göytəpə yaşayış məskəninin yaş həddi (üst qatı) b. e.ə. VI minilliyə aid edilir. Elmi ədəbiyyata əsasən Göytəpə yaşayış məskəni Azərbaycanda və Gürcüstanda aşkar olunmuş Qafqazın ən qədim Şomutəpə-Şulaveri erkən əkinçilik mədəniyyətinə aid olan abidələr sırasına daxildir.
2008-ci ilin avqust ayının 1-dən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun neolit və eneolit dövrü problemlərilə məşğul olan arxeoloji ekspedisiya yaşayış məskənində stasionar arxeoloji tədqiqatlara başlamışdır.
Dairəvi şəkildə olan təpənin üst qatı şumlanmış və bəzi yerlərində ağac əkmək məqsədilə dərin arxlar acılmışdır. Nəticədə yaşayış yerinin mədəni təbəqəsi 80 sm dərinliyində dağıdılmışdır. Arxeoloji qazıntı işləri aparmaq məqsədilə təpənin üst hissəsi seçildi. Qazıntı sahəsi hərəsi 100 kv.m olmaqla (0 nöqtədən şimal və şərq istiqamətində) 10×10 m ölçüsündə 4 kvadrata (1A, 1B, 2A, 2B) bölünmüş, 2B kvadratında 3 m qalınlığında neolit-eneolit dövrünə aid mədəni təbəqə təmizlənmişdir. Burada sıx olan qalın tikilmiş komplekslər, biri-birinə bağlı olan yaşayış evləri, təsərrüfat tikililəri aşkar edilmişdir. Bütün tikililər saman qatışıqlı çiy kərpicdən hörülmüşdür. Dairəvi planlı memarlıq üslubunda olan sarı gildən hörülmüş kərpiclərdə tünd rəngli bərkidici məhluldan istifadə olunmuşsa, tünd gildən olan kərpiclərin hörgüsündə əksinə olaraq açıq rəngli bərkidici məhlul istifadə olunmuşdur.
Qazıntı sahəsinin 10×10 ölçüsündə olan 2B kvadratında çiy kərpicdən mükəmməl hörülmüş 8 tikili aşkar edildi. Biri-birinə çox yaxın olan tikililərin diametrləri 2 və 3,50 metr, divarlarının hündürlüyü isə müxtəlif olub 80-1,80 metrə qədərdir. Hündür divarlı tikililərdə 9 və 10 sm qalınlığında olan kərpiclərin hörgüsü 4-7 və 12 cərgədən ibarət idi.
Burada növbəti illərdə aparılacaq qazıntı işləri zamanı Göytəpə yaşayış məskəninin bina tikililərinin funksional məxsusluğu məsələsi əsaslı şəkildə öyrəniləcəkdir.
Göytəpədə aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan tikililərin içərisindən və ümumiyyətlə qazıntı sahəsindən çoxlu sayda neolit dövrü üçün xarakterik olan maddimədəniyyət nümunələri, keramika, obsidian və sümükdən düzəldilmiş müxtəlif tipli əmək alətləri aşkar edilmişdir. Tapıntılar içərisində sümükdən düzəldilmiş nadir nümunələr əsasən bizlər, iynələr, maral buynuzundan toxalar, heyvan dərisinin soyulmasında istifadə olunan alətlər, balta və çəkiclərdən ibarətdir. Ən maraqlı tapıntı üzəri yaxşı şüyrələnmiş çəkicdir.
Çəkicin orta hissəsi zolaqlı, aşağı hissəsi iki tərəfdən çərtmədir. Çəkicin hakimiyyət rəmzi olan skipetrə bənzədiyi ehtimal olunur. Göytəpə yaşayış məskənində arxeoloji qazıntılar zamanı 1525 ədəd keramika nümunəsi aşkar olunmuşdur. Abidənin keramik məmulatının gilinə müxtəlif tərkibli qatışıqlar əlavə olunmuşdur. Nümunələr arasında boyalı və boyanaxışlı keramikada vardır. Göytəpə keramikası əsasən bad üsulu ilə formalaşdırılmışdır. Qab oturacaqlarının 17 ədədində toxunmuş həsir və ya parçanın izləri qalmışdır. Qabların hamısı düz oturacaqlıdır.
Hesabat dövrü ərzində Göytəpə neolit yaşayış yerinin arxeoloji qazıntıları ilə tanış olmaq məqsədilə Yaponiyanın Tokio Universitetinin və Almaniyanın Berlin Arxeologiya İnstitutunun neolit dövrü ilə məşğul olan mütəxəssisləri Azərbaycana gəlmişlər. Xarici mütəxəssislər abidənin tədqiqi prosesi ilə yaxından tanış olmuş və gələcəkdə birgə əməkdaşlıq üçün müzakirələr aparmışlar. İlkin olaraq abidənin yaş dövrünün dəqiq təyin edilməsi məqsədilə, Göytəpə yaşayış yerinin mədəni qat yatımından götürülmüş kömür qalıqlarının analizinin Yaponiyada aparılması nəzərdə tutulmuşdur. Proto-şəhər tipli abidədə bir neçə il ərzində əsaslı tədqiqatlar aparmağı nəzərdə tutan mütəxəssislərin qarşısında duran əsas məqsəd abidənin xronoloji dövrünün təyin olunması, yaşayış yerinin memarlığının müəyyənləşdirilməsi, paleobotanik və paleozooloji məsələlərin aydınlaşdırılması və erkən əkinçilərin etno mədəni əlaqələrinin istiqamətlərini, ideoloji baxışları ilə sosial inkişafının səviyyəsinin öyrənilməsindən ibarət olacaqdır.