21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlim-treyninq təşkil olunub. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilmişdir. Turizm bələdçilərinin peşəkar fəaliyyətinin əhəmiyyətini ön plana çıxarmaq, mədəni irsin elmi əsaslarla interpretasiyasını təşviq etmək və müasir bələdçilik yanaşmalarını ictimai müzakirəyə çıxarmaq tədbirin əsas məqsədi olmuşdur. Təlimlərin təşkili və tədbirin keçirilməsi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həyata keçirilən “Könüllülük Proqramı” çərçivəsində gənclərin inkişafı və təcrübə qazanması məqsədini ehtiva edərək, yeni təşkil olunmuş institutun “Arxeoloji Dərnəyi”nin fəal iştirakı ilə gerçəkləşdirilmişdir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-Sərgi Zalında keçirilən tədbirin açılışında şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Daha sonra moderator qismində çıxış edən İnstitutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov tədbirin mahiyyəti və aktuallığı barədə məlumat vermiş, maddi-mədəni irsin qorunması, elmi əsaslarla təqdim olunması və cəmiyyətə düzgün çatdırılması məsələlərini vurğulamışdır.

Açılış nitqlərində çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova və ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru Lətifə Summerer turizm bələdçilərinin milli kimliyin təbliği və ölkənin beynəlxalq imicinin formalaşdırılmasındakı rolunu xüsusi vurğulamışlar.

ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının baş müəllimi Əli Abuzərov turizm bələdçiliyində etik qaydaların, mənəvi dəyərlərin ön planda olmasının əhəmiyyətindən söz açdı. Qədim tarixlə müsir dövr insanları arasında vasitəçi kimi çıxış etdikləri üçün bələdçi öz üzərinə düşən məsuliyyəti dərk etməsini qeyd etdi.

Tədbir çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov “Arxeoloji qazıntıdan arxeoturizmə və muzey arxeologiyasına” mövzusunda məruzə ilə çıxış edərək arxeoloji tədqiqatların əhəmiyyəti, arxeoloji irsin turizm potensialı və muzey mühitində təqdimat mexanizmləri barədə geniş elmi məlumat vermişdir. Qeyd edilmişdir ki, arxeoloji materialların düzgün interpretasiyası turizm marşrutlarının məzmun keyfiyyətini yüksəldir, maarifləndirici funksiyanı gücləndirir və Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq auditoriyaya təqdimatına xidmət edir.

Daha sonra turizm və mədəni irs üzrə ekspert Şahin Şahbazov “Müasir bələdçilik fəaliyyəti və kommunikasiya bacarıqları” mövzusunda təqdimatla çıxış edərək bələdçilərin peşəkar etikası, auditoriya ilə effektiv ünsiyyət qurma bacarıqları və beynəlxalq standartlara uyğun fəaliyyət prinsipləri barədə fikirlərini bölüşmüşdür.

22 Fevral tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-Sərgi Zalında davam edən tədbir çərçivəsində dörd məruzəçi müxtəlif istiqamətlər üzrə çıxış etmişlər. Təşkil olunan elmi-praktik tədbir bələdçilərin, könüllülərin və təcrübəçi tələbələrin metodoloji hazırlığının təkmilləşdirilməsi və muzey işi ilə arxeologiya sahəsində müasir yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edib. Tədbirdə AMEA AAİ-nin müxtəlif universitetlərdən olan könüllü heyətilə birgə, Azərbaycan Universitetindən olan təcrübəçi tələbələr də yaxından iştirak etmişlər.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi Ekspozisiyanın təşkili şöbəsinin müdiri, tarixçi-arxeoloq Orxan Zamanov “Muzeylərdə Arxeoloji İrsin Tədrisi – elmi-metodik yanaşmalar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edərək muzeylərin təhsil prosesində rolu, arxeoloji eksponatların elmi-tədris potensialı və “muzey – tədris laboratoriyası” modeli barədə ətraflı məlumat verib. Bildirilib ki, arxeoloji materialın dərs prosesinə sistemli inteqrasiyası tələbələrdə empirik düşüncə və analitik yanaşma formalaşdırır.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov “Muzeylərdə maddi-mədəniyyət nümunələrinin düzgün tanıdılması” mövzusunda çıxış edərək eksponatların elmi interpretasiyası, təqdimat dili və terminoloji dəqiqlik məsələlərinə toxunub. Qeyd edilib ki, maddi-mədəniyyət nümunələrinin düzgün identifikasiyası və kontekstual təqdimatı bələdçiliyin peşəkar keyfiyyətini müəyyən edən əsas amillərdəndir.

BDU Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru Aslan Qasımov “Tarixin canlı səsi: peşəkar muzey bələdçisi” mövzusunda məruzəsində bələdçinin tarixi məlumatı canlı və inandırıcı şəkildə təqdim etmə bacarığının əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bələdçi yalnız məlumat ötürən şəxs deyil, həm də tarixi yaddaşın daşıyıcısı və auditoriya ilə mədəni dialoq qurmağı bacaran peşəkar kommunikator olmalıdır.

Muzeyşünas Hacı Hacıyev isə “Bələdçinin ‘uğur modulu’ nədir?” mövzusunda təqdimatla çıxış edərək müasir bələdçinin peşəkar inkişaf modeli, kommunikasiya bacarıqları, etik davranış prinsipləri və auditoriya ilə interaktiv əlaqə qurma üsulları barədə fikirlərini bölüşüb.

Təlim-treyninqlər çərçivəsində iştirakçılar arasında aktiv müzakirələr aparılıb, praktiki suallar cavablandırılıb və müasir turizm bələdçiliyinin elmi-metodik əsasları ətrafında fikir mübadiləsi həyata keçirilib. Tədbir bir daha nümayiş etdirib ki, turizm bələdçiliyi milli-maddi mədəni irsin qorunması və onun cəmiyyətə düzgün təqdim olunması prosesində strateji əhəmiyyət daşıyan fəaliyyət sahəsidir.

Elmi-praktik təlim treyninqlər 24 fevral 2026-cı il tarixinədək davam edəcək.