Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, gənc alimlər və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 mart – Elm Günü münasibətilə bir qrup Akademiya əməkdaşlarına Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, eləcə də AMEA-nın Fəxri fərmanları, “İstinadda rekord” diplomları, AMEA-nın Fəxri diplomları, AMEA-nın Təşəkkürnamələri və AMEA-nın “İlin gənc alimi” diplomları təqdim olunub. Təltif olunanlar içərisində AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da olmuşdur. İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyevə “İstinadda rekord” diplomu təqdim olunub. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov “İstinadda rekord” və institutun elmi işçisi Abdulla Abdullayev “İlin gənc alimi” diplomları ilə təltif olunublar.