Muncuqlutəpə nekropolu

(2023-cü il)

         Muncuqlutəpə nekropolu Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşir. Nekropol 2007-ci ildə t.ü.f.d. dosent. Müzəffər Hüseynov tərəfindən qeydə alınmışdır. 1 ha-dan artıq ərazini əhatə edir. İndiyə qədər nekropolda 35 qəbir açılıb tədqiq olunmuşdur. Heç bir yerüstü əlaməti olmayan sadə və torpaq qəbirlərdir. Antropoloji araşdırmalar burada müxtəlif yaş qruplarına və cinslərinə məxsus insanlar dəfn olunduğunu sübut edir.

2023-cü ilin çöl-tədqiqat gedişində 15 qəbir açılıb öyrənilmişdir.

Qəbirlərdən bir sıra əlamətləri ilə seçilən maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur.

-Assuriya və Misir tipli şirli qablar və bəzək əşyaları.

-Tunc və dəmirdən hazırlanmış silah nümunələri-xəncərlər, bıçaqlar, döyüş yabası.

-Tunc kəmərlər (2 ədəd) və müxtəlif bəzək əşyaları.

-Antropomorf və zoomorf gil qabalar.

-Çox zövqlə hazırlanmış qara və qonur rəngli, üzəri cilalı saxsı qablar

Əsasən düzbucaqlı və oval formalarda hazırlanmış qəbirlərdə skeletlər sağ və sol yanı üstə, bükülü və yarımbükülü vəziyyətdə dəfn edilmişdir. Burada qəbirlərin sıx olması daha çox diqqəti cəlb edir. Diqqəti çəkən məqqamlardan biri bəzi qəbirlərdə qoşa dəfnin həyata keçirilməsidir.

Tədqiq etdiyimiz 35 qəbirdən 2-də qoşa dəfn həyata keçirilmişdir. Qəbirlərdən birində qadın və kişi skeleti, digərində isə 40-45 yaşında qadın və 14-15 yaşlarında yeniyetmə (qadın)  skeleti, başqa bir qəbirdə isə yeniyetmə və uşaq skeleti aşkar edildi. Ehtimal ki, birinci qəbir kişi və onun xanımına, ikinci qoşa dəfn isə qadın və ehtimal ki, onun yeniyetmə qızına aid olmuşdur. 2023-cü ildə tədqiq etdiyimiz qəbirlərdən birində oturmuş halda dəfn izlənilmişdir. Qəbirlərdən zəngin maddi-mədəniyyət nümunələri-saxsı qablar, tunc və dəmirdən hazırlanmış xəncərlər, bıçaqlar, müxtəlif minerallardan hazırlanmış bəzək əşyaları aşkar edilmişdir.

Muncuqlutəpə nekropolunda qadına məxsus meyitlərin daha çox sol, kişilərin isə sağ çiyni üstə dəfn edildiyinin şahidi oluruq.

Bəzi qəbirlərdə izlənilən dəfn mərasimləri maraq doğurur. Belə ki, 32 №-li qəbirdə meyit oturaqlı dəfn olunmuşdur. Muncuqlutəpə nekropolunda Gil qabların üzərinə qoyularaq dəfn etmə adətinə rast gəlinmişdir. Qəbirlərinin və bu qəbirlərdə basdırılan meyitlərin istiqamətləri  müxtəlifdir və vahid istiqamət prinsipi gözlənilmir.

Muncuqlutəpə nekopolunun qəbirlərindən əldə edilmiş arxeoloji materiallar içərisində gil qablar say etibarı və növ zənginliyi etibarilə üstünlük təşkil edirlər.

Saxsı qablar əksəriyyəti bütöv vəziyyətdə aşkar edildi. Əsasən qara cilalı bardaq, küpə, xeyrə, dopu və s. Aşkar edilmişdir. Ən çox bəzək əşyaları-muncuqlar əldə edilmişdir.

Nekropoldan aşkar edilən insan qalıqları yaxşı vəziyyətdə saxlanmışdır. Müxtəlif təyinatlı analizlərin aparılması üçün qəbirlərdən aşkar edilən insan qalıqlarının nümunələri Almaniya, Fransa və Türkiyənin bu sahədə ixtisaslaşmış labaratoriyalarına göndərilmişdir.

Xocalı-Gədəbəy mədəniyyətinin orta və inkişaf etmiş mərhələsinə aid edilən qəbirlərdə aparılan arxeoloji tədqiqatlarlar Azərbaycanda ibtidai-icma quruluşunun final mərhələsində mövcud olmuş ictimai-siyasi və sosial-mədəni prosesləri izləməyə imkan verir.

Muncuqlutəpə nekropolundan 1,5 km cənub istiqamətdə Naftalan Çayının sağ sahilində nekropola aid olması ehtimal edilən Qalaboynu yaşayış yerinin aşkar edilərək tədqiqatların aparılmasının böyük elmi əhəmiyyəti var.

Muncuqlutəpə nekropolunun dəfn adətlərinin öyrənilməsi və təhlili bölgənin qədim sakinlərinin dini dünyagörüşü, ictimai münasibətləri, mənəvi mədəniyyəti, mədəni-iqtisadi əlaqələri barədə məlumatlar əldə etməyə imkan verir. Bölgənin Son Tunc-İlk Dəmir dövrü sakinləri yüzilliklər boyu bu əlverişli ərazilərdə məskunlaşmış və özlərindən sonra zəngin maddi qalıqlar qoymuşlar.

Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin yayıldığı ərazilərdən biri olan Goranboy rayonu ərazisində həyata keçirilən arxeoloji qazıntılar göstərmişdir ki, bu hövzədə Son Tunc-İlk Dəmir dövründə yaşayan əhali arasında müxtəlif dəfn adətləri yayılmışdır. Belə müxtəliflik Muncuqlutəpə nekropolunda özünü aydın şəkildə əks etdirir. Qəbir abidələrinin Son Tunc-İlk Dəmir dövrü qəbir abidələrinin quruluşunda, inşa materiallarında dini etiqadla əlaqəli cəhətlər mühüm rol oynamışdır. Meyitlərin uzadılmış, sıx bükülü, və zəif, oturuqlu, bəzən arxası üstdə dəfn edilməsi etnik mənsubiyyət, sosial faktor, dəfn adətləri ilə sıx bağlıdır. Qəbirlərdə mülki bərabərsizlik aydın bilinir. Bu fərqi hətta qəbir avadanlığının rəngarəngliyi ilə yanaşı qəbirlərin ölçüsündə də görə bilərik. Hər halda bu qəbirlər və onlarda izlənilən xüsusiyyətlər eyni etnik-mədəni inkişaf prosesini əks etdirir.

Nekropolun Son Tunc-İlk Dəmir dövrü qəbirlərinin, onlardan əldə edilən maddi mədəniyyət qalıqlarının eləcə də dəfn adətlərinin kompleks şəkildə tədqiqi bütövlükdə qeyd olunan dövrdə Qaraçay hövzəsində yaşamış qədim insanların tarixi- mədəni inkişaf səviyyələrinin öyrənilməsinə xidmət edir.

Digər yerlərdə olduğu kimi, Qaraçay hövzəsinin qədim sakinlərinin də ictimai, iqtisadi vəziyyətlərinə və ideoloji görüşlərinə uyğun müxtəlif formalarda dəfn mərasimləri olmuşdur. Dəfn edilmiş şəxslərin xüsusi təntənə ilə basdırılması, qəbirlərə ərzaq və s. avadanlıq qoymaq adəti, qəbirlərin yanında qurbangahların salınması və s. ölülərə ehtiram ifadəsi olmaqla yanaşı, onların “o dünyada” diriləcəyinə olan inamla əlaqədar olmuşdur Qəbirlərin quruluşu və meyitin vəziyyəti dəfn olunmuş şəxslərin dini etiqad və baxışlarının, qəbirlərə qoyulan avadanlıqlar isə bu dövrdə yaşamış adamların ictimai-iqtisadi və mədəni səviyyəsinin göstəricisi olmaqla yanaşı cəmiyyətin mənsub olduğu dövrün dini ideologiyasını öyrənmək üçün qiymətli mənbələrdir

Nekropolun qəbirləri bir-birinə çox yaxın məsafədə salınmışdır. Hətta bəzi qəbirlər bir-birini kəsmişlər. Təpənin bütün ərazisi boyunca sıx yerləşmiş yerüstü çay daşları bu ərazinin qədim qəbristanlıq olmasından xəbər verir. Qəbirlərin konkret kameraları mövcud olmuşdur. Qəbir kameralarının sərhədləri çox yaxşı izlənilir. Nekropolun yerləşdiyi təpənin torpağı çox bərk, kameranın içərisinə tökülən torpaq isə çox yumşaqdır. Nekropolun qəbirləri eyni prinsip üzrə qurulmuş, sonra isə üstü və ətrafı tutduqıları sahəyə müvafiq olaraq çay daşları, çınqıl, qum qarışıq torpaqla örtülmüşdür.

Muncuqlutəpə nekropolunun qəbirlərinin və bu qəbirlərdə basdırılan meyitlərin istiqamətləri  sərbəstdir və vahid istiqamət prinsipi gözlənilmir.

Qəbir kameralarının və meyitlərin istiqaməti ilə bağlı tədqiqatçılar arasında müxtəlif fikir və mülahizələr vardır. Bunların bəziləri öz təsdiqini tapmasa da hər halda dəfn prosesində meyitin qəbirdəki istiqamətinin müəyyən bir anlamı olmuşdur. Mingəçevir qazıntılarına əsaslanaraq S.M.Qazıyev qeyd edir ki, meyitlərin şimal-qərb – cənub şərq istiqamətində basdırılması yəqin ki, qaranlıq dünya ilə əlaqədardır. Yəni ölülərin üzü qaranlıq – gün düşməyən tərəfə qoyulması onların o biri dünyaya göndərilməsinin rəmzidir Bəzi tədqiqatçılar isə qəbirlərin və meyitlərin istiqamət müxtəlifliyini dəfn mərasiminin günün müxtəlif vaxtlarına düşməsilə əlaqələndirirlər. Bu isə Günəşə olan ibtidai inam və sitayişin rəmzidir. Cənubi Azərbaycanda, Urmiya gölünün cənub sahilində Həsənli təpəsinin şimal ətəyindəki nekropol ərazisində 1947-1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri məhz bu cür şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi. R.Dayson da bu fikri təsdiqləyir və göstərir ki, e.ə. II minilliyin ortaları – I minilliyin əvvəllərinə Həsənlinin qədim tayfalarının Günəşə – “Böyük od tanrısına” sitayiş etmələri faktı məlumdur.

Muncuqlutəpə nekropolunun qəbirlərində meyitlər sıx və zəif bükülü halda dəfn edilmişlər. Ümumiyyətlə, səmavi dinlərin yayılmasına qədər dünyanın bütün yerlərində olduğu kimi Azərbaycanda da ölüləri sıx və ya zəif, arxası və sinəsi üstə və ya oturdulmuş vəziyyətdə basdırmışlar.

Bəzi ehtimallara görə ölülərin qəbrə sıx və ya zəif bükülü halda qoyulması isə mərhumun hələ dünyaya gəlməmişdən öncə ana bətnində hansı vəziyyətdə idisə, eynilə o biri dünyaya göndərilərkən həmin vəziyyətdə olması anlamını ifadə edirdi.

Qoşa dəfn şübhəsiz ki, ayrıca bir dəfn adəti kimi mövcud olmuşdur. Onun meydana çıxması haqqında müxtəlif fikirlər vardır. Bu fikirlərə əsasən qoşa və kollektiv dəfnin meydana çıxma səbəblərindən biri də ehtimal ki, epidemiya və xəstəliklər ola bilərdi.

Muncuqlutəpə nekropolunun bəzi qəbir abidələrində insanlarla birlikdə heyvanların dəfn edilməsi adətinin izlərinə də rast gəlinmişdir. Muncuqlutəpə nekropolunun bəzi qəbirlərində insan skeletləri ilə yanaşı heyvan  sümükləri də tapılmışdır. Bu qəbirlərdə insan dəfni ilə yanaşı heyvanların da ya bütöv halda, ya da parçalara ayrılaraq basdırılması ayini həyata keçirilmişdir. Bütöv skeleti aşkar olunan heyvanlar ya diri-diri, ya da öldürüldükdən sonra basdırılmışdır. Hər iki halda bu ayin bir məqsədə xidmət etmişdir: “o dünyada ölünün ruhu bu qidalarla qidalanmalı idi”.

Qəbirlərdə heyvan sümüklərinin tapılması, həmin qəbirdə dəfn mərasiminin zənginliyi ilə bağlıdır. Bu heyvanlar çox güman ki, öldürülərək qəbrə qoyulur və o dünyada ölünün “qidalanmasına” xidmət edirlər. Lakin, bəzi qəbirlərdə at, it, maral, dəvə və s. heyvanların sümüklərinin tapılması isə dəfn adətində heyvan kultu ilə bağlı mifik dini təsəvvürlərin mövcudluğundan xəbər verir.

Muncuqlutəpə nekropolunun qəbirlərində zoolatrik təsəvvürləri əks etdirən zoomorf materiallara da rast gəlinmişdir. Bunlar ən çox keramika üzərində yapma qoyun-qoç başları, ilan və quş fiqurları, asmaların və qolbağların üzərində olan ilan təsvirləridir. Nekropolun 8 №-li qəbirdən tapılmış iri həcmli küpə tipli qabın boğazı ilə çiyninin birləşdiyi hissəni kəmərvari yapma əhatələyir. Onun üstündə simmetrik qaydada gürzə ilanı xatırladan təsvir vardır. Muncuqlutəpə nekropolunda qoyun və ya qoç başı formasında yapma zoomorf materiallara xüsusilə daha çox rast gəlinmişdir. 32 №-li qəbirdən tapılan küpə tipli saxsı qabın ağız kənarında qoç təsvirli çıxıntı var. Onun buynuzları çox aydın cizgilərlə verilmişdir. Bu qəbirdə oturuqlu dəfn həyata keçirilmişdir.

Beləliklə, Muncuqlutəpə nekropolunun qazıntısı bölgənin Son Tunc-İlk Dəmir dövrü dəfn adətlərinin öyrənilməsində əsas rol oynayır. Qəbirlərdə meyitlərin basdırılma istiqaməti, vəziyyəti, avadanlığın yerləşdirilməsi və s. kimi məsələlər həmin dövr insanlarının dəfn mərasimlərinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Nekropolun qəbirlərinin və onlardan aşkarlanan materialların hərtərəfli təhlili göstərmişdir ki, qeyd olunan dövrdə Muncuqlutəpə sakinlərinin həyatında yuxarıda qeyd etdiyimiz müxtəlif dəfn adətləri mövcud olmuşdur. Bu dəfn adətlərinin çox kiçik məqamları yerli, lokal mahiyyət kəsb etsə də, böyük əksəriyyəti Xocalı-Gədəbəy tayfalarının dəfn adətləri ilə eynidir.

Arxeoloji materialların müqaisəli təhlilinə əsasən qəbirlərin e.ə. IX-VIII əsrlərə aid olduğunu söyləyə bilərik. Nekropolda arxeoloji tədqiqatların davam etdirilməsi planlaşdırılır.

Müzəffər Hüseynov