POLUTƏPƏ QƏDİM YAŞAYIŞ YERİ
Polutəpə qədim yaşayış yeri
Cənubi Qafqazın coğrafi mövqeyi buradan bütün dövrlərdə ayrı-ayrı Avropa və Asiyanın müxtəlif bölgələrinə məxsus ənənələri təmsil edən iri və kiçik insan kütlələrinin miqrasiyasının üzərində yerləşməsini şərtləndirmişdir. Baş vermiş miqrasiyalar bu, nisbətən kiçik ərazidə çoxsaylı müxtəlif etnomədəni başlanğıcların enerjisinin yığılmasına səbəb olmuşdur. Onlar müxtəlif variasiyalarda öz aralarında və onlardan öncə burada məskunlaşmış “yerli əhali” təbəqəsi ilə qarışaraq, görkəmlərini dəyişmiş və tarixi inkişaf prosesində artıq “Cənubi Qafqaz avtoxtonları”nın yeni təbəqəsini əmələ gətirmişlər. Göstərilən proseslər müxtəlif miqyasda, iştirakçıların müxtəlif əlaqələrində və müxtəlif ərazi areallarında fasiləsiz olaraq təkrarlanmışdır. Bu etnomədəni rəngarəngliyə baxmayaraq nəticədə ümumi Cənubi Qafqaz etnomədəni mentalitetinin əmələ gəlməsini şərtləndirmişdir. Bu isə Cənubi Qafqazı Avropa ilə Asiya arasındakı etnomədəni proseslərə təsir göstərən müstəqil “oyunçu”ya çevirmişdi.
Cənubi Qafqazda aparılan arxeoloji tədqiqatlar yuxarıda qeyd etdiyimiz proseslər nəticəsində əmələ gəlmiş müxtəlif dövr törəmələrini fərqləndirməyə, eləcə də müvafiq olaraq onların yerləşmə areallarını təsvir etməyə imkan verir.
Buranın neolit dövrü ənənələrinin yayılma arealları əsasən Kür çayı ilə Kiçik Qafqazın şimal-şərqi yamacları arasındakı düzənliyi əhatə edir. Bu areal şimal-qərbdə Borçalı düzündən başlayaraq cənub-şərqdə Mil düzünə, daha sonra Araz çayını keçərək Burovar dağlarından şimal-şərqdəki dar dağətəyi zolaq olan Şərqi Muğan düzü də daxil olmaqla geniş ərazini əhatə edirdi. Ümumiyyətlə, Muğanın əsas hissəsinin Cənubi Qafqazın astanasında, daha çox Ön Asiyaya aid olmasına baxmayaraq, onun vahid Kiçik Qafqaz – Burovar dağları silsıləsi ilə ayrılması və bu ərazinin daha çox Kür-Araz düzənliyinin davamı olmasını nəzərə alaraq, buranın da etnomədəni inkişafının Cənubi Qafqaz çərçivəsində olduğunu deyə bilərik. Deyilənlər arxeoloji tədqiqatlarla da təsdiqini tapır.
Göstərilən ərazi çərçivəsində yayılma arealları tədricən bir-birinə keçən üç etnomədəni törəmədən ibarət olmuşdu. Elmi ədəbiyyatda onlar “Şomutəpə ənənəsi (mədəniyyəti)”, “Qarabağ neoliti ənənəsi” və “Muğan neoliti ənənəsi” kimi ayrılmışlar.
Bu ənənələrdə etnomədəni əsasların təşəkkülünü əks etdirən komponentlərdən ibarət müəyyən fərqliliklər mövcuddur. Bununla yanaşı, dövrü, ərazi və coğrafi mühitin yaxınlığı ilə əlaqədar olaraq onlar ümumi cəhətlərə də malikdirlər.
Göstərilmiş neolit ənənələri sırasında Muğan neoliti ənənəsi daha cavan olub. Bu ilk növbədə Cənubi Qafqaz və Şərqi Muğan düzənliklərinin geomorfoloji inkişafı və iqlim proseslərinin dinamikası ilə bağlıdır. Şərqi Muğan düzündə neolit ənənəsinin təsərrüfatı üçün şərait qalan düzənliklərdən bir qədər geç yaranmışdır. Qərbdən Burovar silsiləsinin qolları, şərqdən isə Xəzər dənizi arasında sıxılmış bu dar dağətəyi zolaq dağdan dənizə tərəf axan çoxsaylı kiçik çaylar və quru dərələrlə parçalanmışdır.
Hazırki günə qədər Muğan düzündə 20-dən çox neolit dövrünə aid yaşayış yerinin qalıqları qeydə alınmışdır (F.Mahmudov). Onlardan ikisində: Əliköməktəpədə (F.Mahmudov) və Polutəpədə (T.Axundov) geniş miqyaslı qazıntılar aparılmış, bir yaşayış yeri Fəttəpə (T.Axundov) stratiqrafik şurfla tədqiq olunmuşdur. Hal-hazırda Paşatəpə yaşayış yerində (V.Mahmudova) qazıntılar başlanmışdır. Digər abidələr isə yalnız vizual tədqiq olunmuş və üzərlərindən yerüstü materiallar toplanmışdır. Göstərilən abidələrdən alınmış dəlillər onların vahid “Muğan neoliti ənənəsi”ni təmsil etdiyini göstərir.
Yaşayış məskənlərinin qalıqlarının sahələri, əsasən, 0,25 h-dan 6 h-ra qədər dəyişən təpə şəklində mühafizə olunmuşdur. Onlar əksər hallarda çay və bu gün quru dərə şəklində mövcud olan dərələr və qobuların sahil terraslarının üzərində yerləşmişlər. Bəzi hallarda isə yaşayış yerlərinin qalıqları düzənliyin, demək olar ki, çayların izi belə olmayan hamar ərazilərdə yerləşir. Lakin Muğan düzündə geomorfoloji proseslərin öyrənilməsi göstərir ki, bu yaşayış yerlərində həyat qaynayan zaman onların yanlarında hazırda sonrakı allüvial çöküntülərlə örtülmüş su məcraları olmuşdur.
Qazılmış üç yaşayış yerində neolit dövrünə aid mədəni təbəqənin qalınlığı 6 m qədər (Polutəpə) olmuşdur.
Əliköməktəpədə yaşayış yerlərinin təpəşəkilli qalıqları sonralar orta tunc, antik və orta əsrlərin dəfnləri üçün istifadə olunmuşdur. Polutəpədə neolit dövründən sonra onun təpəşəkilli qalıqlarında qısa müddətli Kür-Arazlılar və onu əvəz edən “Erkən kurqan” ənənələrinin daşıyıcıları məskunlaşmış, boyanaxışlı saxsı qablara malik orta tunc dövrü tayfaları buranı dəfn üçün istifadə etmiş və eramızın IX-XI əsrlərində bura iri yaşayış yeri olmuşdur. Çay sahili zolağının bu iki yaşayış yerinə yaxın ərazilərdə erkən dəmir və antik dövrlərinə aid qalıqlar tapılır.
Fəttəpədə 5,5 metrlik neolit qatı nazik b.e. IX-XI əsrlər təbəqəsi ilə örtülmüşdür. Lakin ona yaxın ehtimal edilən çay yatağının cənub tərəfində Leylatəpə ənənəsinə aid olan Alxantəpə yaşayış yeri mövcuddur. Paşatəpə yaşayış yerində sonrakı dövrlərə aid tapıntılar demək olar aşkar edilməmişdir (V.Mahmudova). Lakin ona yaxın ərazidə boyanaxışlı saxsı nümunələri ilə təmsil olunan orta tunc dövrünün yaşayış yerinin qalığı qeydə alınmışdır (F.Mahmudov).
Qazılmış abidələrdə memarlıq qalıqları aşkar olunmuşdur. Bu qalıqlar çiy kərpicdən hörülmüş düzbucaqlı, oval və dairəvi tikililərlə təmsil olunur (Əliköməktəpə, Polutəpə). Kərpiclər düzbucaqlı formada olub, əsasən nazik gil məhlulu ila hörülmüşlər. Bunlarla yanaşı, kərpicin birləşdirici məhlulsuz, nəm halda işlənməsi “ehtimal” edilən tikililərdə aşkar edilmişdir.
Polutəpə: Qazıntı sahəsinin qərbdən görünüşü. Kərpic tikili və kürələr qalıqları.
Divarlar əksər hallarda divar boyu uzununa qoyulmuş tək kərpic qalınlığındadır. Lakin yan-yana iki uzununa, hətta bir halda iki eninə qoyulmuş kərpicdən divar qalıqları da aşkar edilib.
Bununla belə, Polutəpə yaşayış yerinin neolit təbəqəsinin üst qatında kərpic tikili qalıqlarına rast gəlinmədiyindən Muğan düzünün neolitinin sonuna yaxın memarlığında yüngül “Cığ” konstruksiyalı tikililərdən istifadə edilmişdir. Hal- hazırda bunun maddi sübutları da əldə edilmişdir.
Muğan neoliti ənənəsinin daşıyıcılarına məxsus tədqiq olunmuş yaşayış yerlərində onların qəbirlərinin qalıqlarına da rast gəlinmişdi. Dəfn mədəni təbəqənin müxtəlif hissələrində zəif nəzərə çarpan dayaz çalalarda icra olunurdu. Mərhumlar əsasən sağ və ya sol böyrü üstə, nadir hallarda isə kürəyi üstə müxtəlif dərəcəli bükülü vəziyyətdə və istiqamətdə qəbrə qoyulurdular. Burada körpələrdən yetkin insanlara qədər bütün yaşlara aid mərhumlara rast gəlinir. Əksər hallarda onların üzərinə və qəbrə tünd qırmızı oxra səpilirdi. Bəzi hallarda, o cümlədən uşaq qəbirlərində kiçik qablar və müxtəlif muncuqlar (müxtəlif minerallar, bir halda mis, digər halda – firuzə) aşkar edilmişdir.
Polutəpə: Oxra ilə boyanmış yaşlı insan qəbri.
Bununla yanaşı, yaşayış yerlərinin mövcud olduğu vaxtla müqayisədə qəbirlərin sayı həddindən artıq azdır və bu da Muğan neoliti ənənəsi daşıyıcılarının mərhumlara davranışda digər formaların da olduğunu ehtimal etməyə əsas verir.
Hər şeydən öncə arxeoloji ənənənin, əsasən də onun daşıyıcılarının etnik mənşəyini və məişətini müəyyən edən amil saxsı məmulatlardır. Muğan neoliti abidələri üçün nəzərə çarpacaq dərəcədə saxsı tapıntılarının zənginliyi səciyyəvidir ki, bu hal Qafqazın digər bölgələrindəki ənənələri bir neçə dəfə üstələyir. Bitki qatqılı gildən əldə hazırlanmış saxsı məmulatları adətən keyfiyyətli anqobla örtülmüş və bərabər səviyyədə, kifayət qədər yaxşı bişirilmişdir. Səthləri hamarlanmış və yaxud cilalanmışdır. Qəhvəyi rəngin müxtəlif çalarlarına məxsus anqob üstünlük təşkil etsə də, ağdan bozumtul qaraya kimi olan digər rəngli nümunələr də az deyil.
Polutəpə: Boyanmış saxsı qab.
Qabların formalaşdırılması müxtəlif üsulla aparılırdı. Burada iri qabların formalaşdırılmasında bad üsulundan, bəzi orta ölçülü qablarda lövhələrdən, kiçik qabların formalaşmasında isə daha çox bir parça gil kütləsinin qabartmasından istifadə edilirdi. Polutəpə yaşayış yerində açıq formalı qabların hazırlanmasında hörülmüş səbətin qəlib kimi istifadə etmə üsulu ilə hazırlanması da aşkar olunub.
Qafqazın əksər neolit ənənələrindən fərqli olaraq, ümumilikdə Muğan neoliti üçün xeyli sayda boyanaxışlı saxsı məmulatı səciyyəvidir. Bu mənada bu ərazinin saxsı məmulatında müəyyən fərglilik olmaqla yanaşı, daha çox Mil düzünün abidələrindən aşkar edilmiş saxsılara yaxındır. Naxışlar əksər hallarda, o cümlədən hörmə üsulu ilə formalaşdırılmış qablara qonur-şabalıdı rəngli (az miqdarda qəhvəyi, qırmızı, nadir hallarda sarı boya işlənirdi) boya ilə əsasən anqoblu səth üzərinə çəkilirdi. Forma və funksional təyinatından asılı olaraq naxış ya daxili, ya xarici, ya da hər iki səthə eyni vaxtda həkk edilirdi. Bəzən, xüsusilə də miniatür qabların səthləri naxışlanmaya qədər ilkin olaraq boyanırdı.
Polutəpə: Boya naxışlı saxsı qab.
Polutəpə: Boya naxışlı saxsı qab parçası.
Naxışlar həndəsi formalı, əsasən asılmış, içi boş və ya dolu üçbucaqlar, bəzən isə romblar, pillələr, torlar, dairəvi barmaq ləkələri və s. şəklindədir.
Qablar miniatür hündürlükləri və diametrləri 4-6 sm-dən başlayaraq, diametrdən 1,2 m-dən böyüyə qədər ölçüdədirlər. Saxsıların qalınlığına gəldikdə isə, 4 sm-ə çatan tapıntılar var. Nisbətən kiçik piyalələr və küpələr istisna olmaqla, qablar yastı oturacaqlıdır. Forma və təyinatından asılı olaraq həm enli, həm də dar oturacaqlı qablar mövcuddur.
Formalarına görə kiçik yarımkürə şəkilli piyalələr, ölçüləri miniatür diametrli kasalardan başlayaraq, diametri 50 sm-dən yuxarıya qədər dəyişən yastı oturacaqlı xeyrələr, divarları ağıza tərəf bir qədər daralan enli oturacaqlı “qazanlar”, oturacağa doğru daralan və silindrik çəlləkvari qablar xüsusilə seçilir.
Göstərilən qablarda qulp yoxdur. Yalnız “qazanlar”, əsas funksiyaları ilə yanaşı ehtimal ki, ovsuni məna daşıyan yumruqcuqlara bənzər tutacaqlarla təchiz olunublar.
Polutəpə: Saxsı qazan.
Onların arasında tez-tez heyvan başı, qadın və kişi cinsi orqanlarının stilizə ediilmış formalarına rast gəlinir.
Polutəpə: Gildən qadın fiquru.
Polutəpə: Bişmiş gildən heyvan fiquru
Qabların əksəriyyətində ağız hissələrı qabarıq deyil. Sadəcə ağız tilləri dəyirmi hamarlanıb. Lakin ağız tillərinə qalın dodaq forması verilmiş və ya divarının yuxarı kənarı yüngülcə kənara əyilmiş qablara da rast gəlinir.
Muğan neoliti üçün dar silindrik boyunlu və qabarıq çiyinli qab formaları səciyyəvidir. Onlar həmçinin Muğan üçün səciyyəvi olan, qabın boğaz və çiyninin kənarlarını birləşdirən iri ilgəkvari qulpla da təchiz olunub. Bununla yanaşı, oxşar qulpla təchiz olunmuş bir ədəd kasa da tapılıb.
Muğan neoliti ənənəsinin saxsı məmulatı boya naxışla yanaşı, həmçinin, çox güman ki, ovsunlarla bağlı müxtəlif yapmalarla da bəzədilirdi. Bunlar əsasən ağız kənarlarına, boyun və çiyinlərinə yapılmış məməciklərdir. Onların sayı müxtəlif olub. Birdən başlayaraq qabın formasından asılı olmayaraq, zəncirvari qurşaq şəklinə qədər. Həmçinin əyri və düz zolaqlar, sonluqları yuxarı olan aypara və nisbətən kiçik halqa şəklində yapmalar və s. də mövcuddur. Belə bəzək üsulu Müğan neoliti daşıyıcılarını Cənubi Qafqazın digər bölgələri ilə yaxınlaşdırır.
Muğan neolitinə aid yaşayış yerlərindən qablardan başqa, yastı diskşəkilli qapaq və nisbətən kiçik üçtilli konuslar da tapılmışdır. Bəzən sonuncular qırmızı boya ilə rənglənmişlər. Çox güman ki, onlar fərdi və ya ailəvi səcdəgahı təmsil edirdilər.
Bu sayda, keyfiyyətdə, müxtəlif ölçü və formalarda saxsı məmulatın hazırlanmasını müvafiq dulus kürələrsiz təsəvvür etmək çətindir. Əliköməktəpə, Polutəpə və Paşatəpə yaşayış yerlərində aparılmış arxeoloji tədqiqatlar nəticəsində saxsı bişirmək üçün onlarla kürə tapılmışdır. Onlar üç forma ilə təmsil olunmuşlar.
Əliköməktəpədə və Paşatəpədə əksər halda bişirilməmiş gildən qadın fiqurları tapılmışdır. Polutəpədə belə tapıntılar onlarla olması ilə yanaşı kifayət qədər bişirilmiş gildən müxtəlif heyvan fiqurları da əldə edilmişdir.
Bu bölgənin bütün neolit abidələri üçün xeyli sayda çiygil və ölçüsünə görə toplanmış sapand daşları səciyyəvidir. Bunlar həm ayrı-ayrı, həm də bir yerdə topa şəkildə rast gəlinir.
Neolit dövrü üçün ümumilikdə xeyli sayda sümük və buynuzdan hazırlanmış əşyaların mövcudluğu da xasdır. Muğan neoliti də bu baxımdam istisna deyil. Yaşayış yerlərində xeyli sayda sümük, nisbətən az miqdarda isə buynuz məmulatı tapılmışdı.
Polutəpə: Xırda heyvanın lülə sümüyündən hazırlanmış cilayıcılar.
Funksional təyinatına görə xırdabuynuzlu heyvanların lülə və dirsək sümüklərindən hazırlanmış bizlər üstünlük təşkil edir. Digər müxtəlif funksiyalı alətlər və əşyalar da kifayət qədərdir. Bunlar xırda və iri heyvanın lülə, dirsək, kürək, balıqların onurqa və quşların sümüklərindən hazırlanmışdır. Nadir tapıntılardan sümük xənçəl, süngü, miniatün kəsici daş lövhə üçün tutacaqları göstərmək olar.
Alətlərin hazırlanması üçün həmçinin müxtəlif növ daşlardan da istifadə olunurdu. Lövhəşəkilli alətlər qismində çaxmaqdaşından və obsidiandan istifadə olunurdu. İstehsal çıxarlarının və alətlərin kəmiyyətinə əsasən onların birbaşa yaşayış yerinin özündə hazırlandığını söyləmək olar. Təyinatına uyğun müxtəlif daş növlərindən çoxlu sayda müxtəlif formalı dəndaşı və sürtgəclər, həvəng və həvəngdəstələri, daş qablar, baltalar və s. aşkar edilmişdir.
Polutəpə: Çaxmaqdaşından alətlər.
Qazıntılardan əldə olunmuş maddi dəlillərdən çıxış edərək, Muğan neoliti daşıyıcılarının təsərrüfatının dənli bitkilərin becərilməsindən, müxtəlif növ ev heyvanlarının saxlanılmasından, ovçuluqdan, balıqçılıqdan və sənətkarlıqdan ibarət olduğunu söyləyə bilərik. Onlar yumşaq enliburun ayaqqabı geyinir, yaşayış yerlərində it saxlayırdılar.
Yaşayış yerlərindən at sümükləri də tapımışdır. Onların vəhşi və yaxud əhliləşmiş olduqları haqqında fikirlər müxtəlifdir. Hətta əhliləşmiş olmuşlarsa da, onların qalıqlarının yaşayış yerlərinin alt təbəqələrində də tapılması göstərir ki, at Müğan neoliti ənənəsinin daşıyıcılarının saxladıqları digər ev heyvanları kimi, Muğanda məskunlaşmalarından çox-çox qabaq digər ərazilərdə əhliləşmişdir.
Ümumiyyətlə, Cənubi Qafqazda nə heyvanların, nə də bitkilərin əhliləşmə prosesi izlənmir. Neolit mədəniyyətlərinin daşıyıcıları burada məskunlaşan zaman artıq tam inkişaf etmiş əkinçilik və maldarlıq təsərrüfatına, uzun inkişaf yolu keçmiş saxsı istehsalına malik olmuşlar.
Bu barədə Muğan neoliti ənənəsinin daşıyıcıları da istisna deyildi. Üstəlik onların yaşayış yerlərinin qalıqlarında sonraki dövrdə geniş yayilmış maddi mədəniyyət nümunələrinin rüşeymləri də izlənir.
Yuxarıda qeyd olunduğu kimi, “Muğan neoliti ənənəsi” bu dövrün nisbətən gec mərhələsini təmsil edir. Abidələrindən əldə olunmuş materialları müqayisə etdikdə bu ənənəni e.ə. V minilliyin ikinci yarısına – sonlarına aid edə bilərik.
Tufan Axundov