TÜLÜ ALBAN KİLSƏSİ

(2017-2021-ci illərdə aparılmış tədqiqatlar)

 

Qafqaz Albaniyası Xristian Abidələrinin Arxeoloji Tədqiqi Ekspedisiyası 2017-ci ildən başlayaraq 2021-ci ilə qədər ümumilikdə 6 ay müddətində Balakən rayonu Tülü kəndi ərazisində kənd sakini Elşad Dabaxovun həyət yanı sahəsində yerləşən ilk orta əsrlərə aid inventar nömrəsi 4149 olan V-IX əsrlərə aid yerli əhəmiyyətli türbənin ətrafında arxeoloji qazıntı işlərini aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində bu türbənin Qafqaz Albaniyasının xristianlıq dövrünə aid bir nefli kilsənin zəng qülləsi və ya aynabəndi olduğu müəyyən edilmişdir.

2017-2018-ci illər ərzində aparılan arxeoloji tədqiqat nəticəsində kilsənin bişmiş kərpiclərdə döşənmiş ibadət zalı 2-2,5 m dərinliyində 150 m2 ərazidə tam tədqiqi edilmişdir. Altar hissədə Alban xaç altlığının yer müəyyən edilmişdir. (Şək. 1, 2)

Şək 1. Tülü Türbəsi Qazıntıdan öncə (2017-ci il).

Şək 2. Tülü Kilsənin daxili vəziyyəti (2018-ci il).

Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənmişdir. Burada yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri zəng qülləsi və ya aynabəndin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerlərinin müəyyən edilməsi olmuşdur. Zəng qülləsi və ya aynabəndə giriş qapısının qərb üzündə 90 sm, enində olmaqla izlənmişdir.

Kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlarla şimal girişi də dörd sütun üzərində inşa edilmiş və döşəməsinin bişmiş kərpiclərdən döşənməsi müəyyən edilmişdir.

Aşkar edilmiş döşəmədə tədqiqatlar zamanı üç yerdən şərq–qərb istiqamətində söküldüyü müəyyənləşmişdir. Arxeoloji tədqiqatlar zamanı döşəmənin sökülmüş hissələrində iki ədəd daş qutu, bir ədəd isə torpaq qəbir abidəsini olduğu müəyyən edilmişdir. Daş qutu qəbirlərdə təkrar dəfn izlərinə rast gəlinmişdir. Bir nömrəli qəbirdə birinci skeletin az miqdarda sümüklərinə rast gəlinmiş, ikinci sarkofaqda birinci skeletin ikincinin ayaq hissəsinə toplandığı müəyyən edilmişdir. Üç qəbirdən aşkar olunan 6 skelet nümunələri antropoloji tədqiqatların aparılması ilə əlaqədar Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Antropologiya mərkəzinə təqdim edilmişdir.

Ümumilikdə 250-300 m2, ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində şirsiz keramika nümunələrinə, kirəmitlərə və s. tikinti materiallarına rast gəlinmişdir. Qazıntı prosesində uzunluğu qərb girişi ilə birlikdə 19,5 m, eni şimal girişi ilə birlikdə 5,7 m – 12,7 m arasında dəyişən Qafqaz Albaniyasına məxsus alban xristian abidəsi tədqiqata cəlb edilmişdir. (Şək. 3) 

Şək 3. Şimal girişinin sökülmüş döşəməsi (2018).

2019-cu ildə ekspedisiya tərəfindən abidənin memarlıq nöqteyi-nəzərdən tədqiqatı 70 faiz yekunlaşmış, lakin kilsənin dəqiq inşa tarixi müəyyən etmək əvvəlki tədqiqat ilində mümkün olmamışdır. Abidənin inşa tarixini müəyyən edilməsi istiqamətində cənub divarında 6×6 m. ölçüsündə bir ədəd kvadrat qoyularaq xam təbəqəyə qədər tədqiqi nəzərdə tutulurdu. Lakin bu ilki araşdırmalarımız fərqli mənzərə ortaya qoymuşdur. Müəyyən olunmuşdur ki, ötən tədqiqat mövsümündə aşkar edilmiş alban xristian abidəsi daha qədim özüllər üzərində inşa olunmuşdur. Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidədə mövcud olan üçüncü tikinti qatı aşkarlanmışdır. Bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edildi ki, Tülü kilsəsi uzunluğu 14,70 m, eni 10,5 m, olan daha qədim dini ictimai tikili üzərində inşa edilmişdir.

Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılmış və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənmişdir. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulmuşdu. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşdi. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olmuşdur ki, bu qəbirlər bəzilərində təkrar dəfn həyata keçirilmişdi. Aşkarlanan qəbirlərin əksəriyyəti uşağa, yeniyetməyə və yetkin insana məxsus olması müəyyən edilmişdir.

Aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunmuşdu.

Bununla yanaşı üç il ərzində arxeoloji tədqiqat nəticəsində yığılmış torpaq, daş və kilsə tikintisində istifadə olunmuş, lakin hazırkı vəziyyətdə istifadəsi yararsız olan 45 Kamaz tullantı materiallar yerli icra hakimiyyətinin köməkliyi ilə daşınmışdır. (Şək. 4, 5)

Şək 4. Kilsənin cənub divarında aşkarlanmış üçüncü tikili qatı (2019).

Şək 5. Kilsənin cənub divarında aşkarlanmış xristian qəbirləri (2019).

2020-ci ilin sentyabr-oktyabr aylarında ümumilikdə bir ay ərzində tədqiqatlar davam etdirildi. Aparılan arxeoloji tədqiqat işləri nəticəsində 2019-cu ildə aşkar edilmiş üç zallı olması güman edilən uzunluğu 14,70 m, eni 10,50 m olan kilsənin giriş qapılarında birinin cənub divarında olduğu müəyyən edildi.

Bununla yanaşı üst qatda yerləşən, uzunluğu qərb girişi ilə birlikdə 19 m, eni 5,70 metrlə 12,30 m arasında dəyişən bir zallı kilsənin ilk dövrlərdə cənub divarında olan və hələlik bizə bəlli olmayan səbəbdən hörülərək bağlanmış giriş qapısının yeri müəyyənləşdi.

Memarlıq nöqteyi-nəzərən alt qatda yerləşən üç zallı abidə xristianlığın Suriya, üst qatda yerləşən abidə isə Bizans memarlığına yaxınlığı ilə xarakterizə edilir. Son üç ildə bir zallı və üç zallı kilsənin xarici divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində çoxlu sayda maddi mədəniyyət nümunələri ilə yanaşı xristian dəfn ənənəsinə uyğun bütöv şəkildə 40 insan skeleti və pərakəndə halda 30-dan artıq insana məxsus sümük fraqmentləri Antropoloji mərkəzə tədqiqat üçün təqdim edilib.

Xristian dəfn ənənəsində əlin qoyuluş formasının fərqli xüsusiyyətləri, ilk xristianlıq dövrü üçün xarakterik qəbirlər və dəfn olunma prosesinin kilsə ətrafında intensivliyi buranın uzun müddətli fəaliyyətinin göstəricisi kimi qəbul olunur. (Şək. 6, 7)

Şək 6. Tülü kilsəsində aparılan arxeoloji qazıntı prosesi (2020) .

Şək 7. Tülü kilsəsində aparılan arxeoloji qazıntı prosesi (2020) .

2021-ci avqust-sentyabr aylarında kilsə ətrafında tədqiqatlar davam etdirilmişdir. Tədqiqatlarla müəyyən edilib ki, üçnefli (nef – sütunlarla haşiyələnmiş kilsənin interyeri) kilsənin şərq divarının cənub-şərq və şimal-şərq divarları qismən sökülüb, altar (mehrab) hissəni əhatə edən mərkəzi divar tamamilə dağılıb. Bir zallı kilsənin fəaliyyəti dövründə üst qatda aparılan inşaat və zamanla kilsə ətrafında davam edən dəfn prosesləri bu hissədə tam dağılmanı sürətləndirən amil olub.

Tədqiqatın nəticəsinə əsasən söyləmək olar ki, dini-memarlıq nümunəsində tarixin müxtəlif dövrlərini əhatə edən üç inşaat mərhələsi mövcud olub. Memarlıq nöqteyi-nəzərən üç zallı abidənin düzbucaq daxilində inşa olunan altarı xristianlığın Suriya, altarı xaricində olan bir zallı kilsə isə Bizans memarlıq məktəbinə aiddir.

Kompleksin memarlıq xüsusiyyətləri nəzərə alınmaqla üçnefli kilsə V-VI əsrlərə, birnefli kilsə IX-X əsrlərə və bir zallı kilsənin şimal və qərb girişində Arran memarlıq elementlərinə malik aynabəndlər (narteks) isə X-XII əsrlərə aid edilə bilər.

Son üç ildə birnefli və üçnefli kilsənin xarici və daxili divarları boyunca aparılan arxeoloji tədqiqatlar nəticəsində xristian dəfn ənənəsinə uyğun tam şəkildə 61 insan skeleti və təkrar dəfnlər zamanı pərakəndə halda 300-dən artıq sümük fraqmentləri tədqiq olunub. Buradan belə bir qənaətə gəlmək olar ki, Tülü kilsəsinin ilkin mərhələsindən ərazidə kilsə qəbiristanlığı salınıb. Kilsə qəbiristanlığında tədqiq olnumuş dəfnlər sadə torpaq, daş qutu, üzəri plitələrlə bağlanan daş qutu və kirəcdən tökülmüş plitələrdə hazırlanan qəbir tiplərindən ibarət olub. Qəbirlərdə ölü ilə birlikdə qoyulmuş şüşə və metal qolbaqlar, muncuqlar və digər asma bəzəklər müxtəlifliyi ilə seçilir.

Qeyd edək ki, uzunluğu 16,30 m, eni 10,50 m olan üçnefli kilsənin tağvari örtüyünü saxlayan sütunlarının özülləri hələlik müəyyən edilməyib. Buna səbəb kilsənin növbəti inşaat mərhələsində üst qatda yerləşən birnefli alban xristian abidəsinin nisbətən kiçik ölçüdə inşasıdır. (Şək. 8)

Şək 8. Tülü kilsəsində aparılan arxeoloji qazıntı prosesi (2021).

2021-ci ilin oktyabr-noyabr aylarında aparılan yerüstü müşahidələr və yoxlama işlərinə əsasən kilsə ətrafında divar qalıqları müəyyən edilib. İlkin olaraq arxeoloji tədqiqatlara Tülü kilsəsindən 10 m şimala, 150 m2 sahədə yoxlama qazıntısı ilə başlanıb:

Arxeoloji tədqiqatların nəticəsində 50 sm dərinlikdə yeni tikili qalıqları qeydə alınıb. Qeydə alınan tikili qalıqlarının təyinatının müəyyən edilməsi üçün qazıntı sahəsi genişləndirilib, çaydaşı və kirəc məhlulundan istifadə olunmaqla 1,40 sm enində olan divarlar tədqiq edilib. Düzbucaqlı olması ehtimal olunan ictimai binanın şimal-qərb və şimal-şərq divarlarının bir qismi 50-90 sm dərinlikdə izlənilib.

Arxeoloji tədqiqatlar zamanı əsasən ilk orta əsrlər üçün xarakterik kərpic və kirəmit fraqmentlərinin kütləvi şəkildə aşkarlanması, ərazidə ictimai bina kompleksinin varlığı üçün əsas əlamət hesab olunub: Burada qeydə alınan kirəmit və kərpic nümunələrindən Tülü kilsə kompleksində tədqiq olunan və inşası IX-X əsrlərə aid edilən birnefli (bir zallı) kilsənin divar və üst örtüyündə istifadəsi ötən tədqiqat mövsümündə qeydə alınıb.

Qeyd edək ki, 2017-2021-ci il tədqiqat dövrlərində Tülü kompleksində aparılan arxeoloji tədqiqatlar nəticəsində memarlıq xüsusiyyətləri nəzərə alınmaqla V-VI əsrlərə aid üçnefli kilsə (üç zallı), onun qalıqları üzərində IX-X əsrlərə aid birnefli kilsə (bir zallı) və birnefli kilsənin şimal və qərb girişində inşa olunan X-XII əsrlərə aid narteks (aynabəndlərdə) arxeoloji tədqiqatlar yekunlaşdırılıb.

Ümumilikdə tədqiqatlar nəticəsində Tülü kilsəsi ətrafında dəmir, antik və ilk orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət nümunələri qeydə alınıb və ərazinin çox təbəqəli yaşayış yeri olması fikri öz təsdiqini tapıb.

Bunlara müxtəlif təyinatlı daş alətlər, dəmir dövrü, antik və ilk orta əsrlərə xarakterik keramika, tunc, şüşə və pastadan hazırlanan bəzək əşyaları və s. daxil olub. Gələcəkdə qeyd olunan yaşayış yerində orta əsr, antik və dəmir dövrünə aid mövcud mədəni təbəqələrin mərhələli şəkildə araşdırılması nəzərdə tutulur. Kompleks aparılan arxeoloji tədqiqatların yekunlaşdırılmas əldə edilmiş maddi mədəniyyət və memarlıq nümunələri əsasında monaqrafiyanın yazılması üçün kilsə ətrafında aşkar olunmuş memarlıq abidəsinin təyinatı və mədəni təbəqənin dərinliyinin müəyyən edilməsi üçün tədqiqatların davam etdiriməsi vacibdir. (Şək. 9, 10)

Şək 9. Tülü kilsəsi ətrafında aparılanarxeoloji qazıntı prosesi (2021).

Şək 10. Tülü kilsəsi ətrafında aparılanarxeoloji qazıntı prosesinin dron görünüşü (2021).

Natiq Alışov