GÖYTƏPƏ NEOLİT DÖVRÜ YAŞAYIŞ YERİ

 

Tovuz bölgəsində arxeoloji ekspedisiyanın əsas tədqiqat obyekti Cənubi Qafqaz regionunda e.ə.VI minilliyə aid ən böyük qədim yaşayış yerlərindən biri olan Göytəpə arxeoloji kompleksidir (abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir Tovuz şəhərindən 10 km şərq tərəfdə yerləşir). Əvvəlki illərdə qədim yaşayış yerində aparılan qazıntılar göstərdi ki, abidə neolit dövrünün inkşaf mərhələsini özündə əks etdirir. Buradan çiy kərpicdən qalın tikilmiş komplekslər (geniş və kiçik dairəvi tikililər), biri-birinə bağlı olan yaşayış evləri, çıxıntılı divarlar, ocaq yerləri və sobalar kimi digər tikililər aşkar edilmişdir. Dairəvi planlı memarlıq üslubunda tikilmiş kiçik binalar iri ölçülü tikililər ilə enli divarlar vasitəsilə birləşir. Nəticədə, binaların daxili həyəti əmələ gəlirdi. Kiçik məhəllələr şəklində formalaşmış binalar dövrün sosial-iqtisadi inkişafından irəli gələn yeniliklərdən olmuşdur. Qazıntılar zamanı abidənin bina tikililərinin yaxşı vəziyyətdə aşkar olunması onların funksional mahiyyəti haqqında yeni elmi məsələləri ön plana çəkməklə yanaşı həmçinin bina tikililərin virtual rekonstruksiyasını hazırlamaq mümkün etmişdir.

Göytəpə qədim yaşayış yerinin yerləşdiyi ərazidə əsasən neolit dövrünün qədim yaşayış yerlərinin çoxluğu ilə müşahidə olunur. Ətrafda biri birindən 1 və 2 km aralı məsafədə yerləşmiş neolit dövrünün kiçik kəndləri yerli qədim tayfaların biri-birinə yaxın məsafədə məskunlaşdığını göstərir.

Azərbaycanda Neolit dövrünün  cəmiyyətləri oturaq həyat tərzi sürmüş erkən əkinçi tayfalarından ibarət olduğundan, qədim yaşayış yerlərində neolit sakinlərinin yüksək olmuş aktiv həyat səviyyəsinin izlərini müşahidə etmək olur.

  Bu baxımdan Göytəpə nəinki ölkəmizdə o cümlədən regionda neolit dövrünə aid olan ən maraqlı abidələrindən biridir.  Birincisi ona görə ki, 10 metr mədəni təbəqəsi olan Göytəpə qədim yaşayış yeri digər neolit dövrü abidələrindən fərqli olaraq stasionar şəkildə əsaslı öyrənilir. Qazıntılar zamanı mədəni təbəqədən aşkar olunan arxeoloji materialların zənginliyi və bina tikililərinin stratiqrafiq təhlilləri neolit dövrü haqqında ciddi elmi informasiyalar vermişdir. Abidənin 8 il ərzində 1000 kvadrat metr sahəsində qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı əsaslı şəkildə mədəni təbəqənin daha gec mərhələsinə aid tikili horizontları araşdırılmışdır. Abidənin stratiqrafik cəhətdən əsaslı araşdırılması yaşayış yerinin 13 memarlıq horizontunu üzə çıxarmışdır. Yəni qədim yaşayış yeri mövcud olduğu dövrdə Göytəpə sakinləri tərəfindən 13 dəfə tikinti prosesinə məruz qalmışdır. 2013-2014 illərin qazıntı mövsümündə təpənin şimal-şərq küncündə qədim yaşayış yerinin 14 – cü tikili horizontu və materik nöqtəsi aşkar olunmuşdur.

ÇÖL İŞLƏRİ:

Son iki il qazıntı mövsümündə Göytəpənin 2B, 3B, 1B (hər biri 100 kadrat metr olmaq şərtilə) və 4B kvadratlarında tədqiqatlar davam etdirildi. Əvvəlki illərdə bu kvadratlarda qazıntılar zamanı qədim yaşayış yerinin üst təbəqəsinə aid olan biri birinə bağlı olan dairəvi planlı mükəmməl bina tikililəri aşkar edilmişdir. Bu illərdə isə yuxarıda qeyd olunan kvadratların daha dərin mədəni qat yatımlarının qazıntısı həyata keçirildi (şək.1).

Şək. 1.

           2B KVADRATI

Bu kvadratda ilk dəfə qazıntılar 2008-ci ildə aparılmışdır. İlk dəfə  qazıntılar zamanı 2B kvadratında qədim yaşayış yerinin üst təbəqəsində yerləşən (təpədə son yaşayış dövrünü əks etdirir) tikili horizontları öyrənilmişdir. Sonrakı illərdə qeyd olunan qazıntı sahəsində davamlı qazıntıların genişlənməsi nəticəsində qədim yaşayış yerinin daha qədim tikili horizontları üzə çıxarılmışdır. Bu kvadratda torpaqdan təmizlənmiş arakəsmə divarlarla biri-birinə bağlı olan 6 dairəvi tikililər (lokus 1- 6, 365.80m yüksəklikdə) və iki ocaq yerləri stratiqrafik təhlillərə görə 4-cü səviyyədə (tikili horizontu) birləşir.

Həmçinin (2B kvadratında, 3-cü lokus) bina tikili qalıqlarının aşkar edilmiş həyətinin içərisində qalın kül qatı çoxlu sayda arxeoloji tapıntılarla müşayət olunurdu. 2B kvadratının 3-cü lokusunda aşkar edilmiş tapıntılar arasında maraqlı olan bütöv formalı saxsı qab və gildən hazırlanmış fiqurdur. Gildən hazırlanmış fiqur 3sm hündürlüyündə olub üzəri basma deşiklərlə naxışlanmışdır. Fiqur bütöv olan saxsı qabın ətrafından boz-kül qarışıqlı torpaqdan tapılmışdır (şək.2).

Şək. 2

2B kvadratında tapılan ən iri ölçülü bina tikilisinin əsas hissəsi (lokus 2) deformasiyaya uğramış formada idi (şək.3).

Şək.3.

 

Divarları üst-üstə on cərgədən ibarət çiy kərpiclə hörülmüş  iri ölçülü tikilinin giriş hissəsi ilk baxışdan görünmürdü. Guman olunur ki, bina tikilinin ərazi baxımından böyük olması nəticəsində şərq divarının yuxarı hissəsi, zamanında dağılmış və tikilinin qapısı evin bir hissəsini örtmüşdür. Hesab edirik ki, heç bir tikiliyə birləşməyən bu böyük ölçülü çiy kərpiclə inşa edilmiş ev (diametri 5 metrdən çox) tayfanın toplaşdığı ictimai bina rolunda çıxış edirdi.

Qeyd olunan iri ölçülü binanın divar qalıqlarının stratiqrafik təhlili  onu deməyə əsas verir ki, bu tikili ilk olaraq 5-ci səviyyədə tikilmiş və kvadratda (2B) olan digər tikililər kimi, eyni zamanda sonrakı 4-cü səviyyədə istifadə edilmişdir.

         3B KVADRATI

Bu ərazidə arxeoloji qazıntıların ilk mərhələsi 2010-cu ildə başlanmış və cari ildə (2013-2014)  geniş tədqiq edilmişdir. Qazıntılar zamanı kvadratın şimal-şərq hissəsində bir böyük dairəvi tikili ilə (3B lokus 10) birləşən digər kiçik olan bina tikililəri aşkar olundu (3 B kvadratı, lokus 6, 7 və 9).  Burada kvadratın qərb hissəsində artıq ayrı olan növbəti bina kompleksi (bir neçə biri-birini bağlıyan dairəvi evlər nəticədə həyəti olan kiçik ərazisini formalaşdırır) torpaqdan təmizləndi. Hər iki bina kompleksinin (özünə aid həyətyanı ərazisi olmaqla yanaşı) arasında kifayət qədər geniş olan dəhliz qeydə alındı (ərazinin ortasında bitum topası da aşkarlanmışdır).

Bu kvadratının cənub-şərq küncündəki dairəvi tikilinin özülü qara-qəhvəyi rəngli çiy kərpiclərdən ibarət olub üzərindən isə bir başa sarı çiy kərpiclərlə inşa edilmişdir. Həmçinin oxşar çiy kərpicdən ibarət struktur (məsələn, 4-cü səviyyənin 3A kvadratında dairəvi bina tikilisi) Göytəpənin digər kvadratlarında da müşahidə olunur, lakin belə rəngli kərpiclərin nə məqsədlə istifadə olunduğu hələ də naməlum olaraq qalır.

  Kvadratın qərb tərəfində 4.2 m diametrə malik böyük bina tikilisi üzə çıxarıldı. Bu yuxarıda qeyd etdiyimiz 2B kvadratında olan iri ölçülü tikilisindən nisbətən kiçik olsa da, inşa edilmə texnologiyası 2B kvadratının böyük tikili binası ilə eynidir. Bu baxımdan da ehtimal edilir ki, 3B-1 kvadratında olan tikili də ictimai xarakter daşımışdır (şək.4).

Şək.4

4B KVADRATININ QAZINTILARI (4BIIX SAYLI ŞURF)

Göytəpənin üst hissəsində aparılan ardıcıl surətdə qazıntı işlərindən başqa həmçinin təpənin şimal küncündə də qazıntılar aparılır. Bu o məqsədlə edilir ki, təpənin ətəyi qədim yaşayış yerinin bütün stratiqrafiyasının təhlili üçün qısa müddət tələb edir.

Göytəpədə qazıntı işləri ərzində 2011-ci ilə qədər 10 tikili səviyyəsini müəyyən edə bildik. 2012-ci ildə isə daha erkən səviyyələri müəyyən etmək üçün 4B kvadratının şimal-şərq küncündə yerləşən sahədə 2×2 m ölçüdə kiçik bir şurf qazıldı. 4BIIX saylı şurf qazılarkən qədim yaşayış yerinin 10-cu səviyyəsindən başlayaraq, 12-ci və 13-cü səviyyənin tikinti qalıqları üzə çıxarıldı (şək.5). Növbəti müvsümlərdə (2013-2014) qazıntılar qeyd etdiyimiz şurfun üzərində cəmləşmiş oldu.

Şək.5. Tikinti qalıqları

12-ci Səviyyə

Burada çiy kərpicdən ibarət dairəvi tikilinin, cənubdan şimal – qərbə doğru uzanan divarın hündürlüyü 1.4 m-dir. Sarımtıl-qəhvəyi rəngli çiy kərpiclər yuxarı hissədə 1cərgə, ondan aşağıda üç cərgə, dib hissədə isə iki cərgə təşkil edir. Divarın konstruksiyasında həm bütöv, həm də yarımçıq kərpiclərdən istifadə edilmişdir. Çiy kərpicləri bir-birinə bərkitmək üçün kül qarışıqlı boz palçıqdan istifadə olunmuşdur. Palçığın tərkibində bəzən xırda çay daşları da görünürdü. (şək.6). Bu divar tikilisinin döşəməsində çoxlu sayda kərpic uçqunundan qalmış fraqmentlər var idi (4BIIX-107).

Şək. 6

13-cü Səviyyə

Bu səviyyədə əvvəlki illərdə qazıntılar zamanı səliqəli şəkildə düzülmüş sarı çiy kərpiclərdən ibarət maili mükəmməl hörülmüş divar aşkar edilmişdir (12-ci səviyyəyə aid heç bir tikili yox idi).  Cari mövsümdə isə 13-cü səviyyənin tikili qalığı tam olaraq torpaqdan təmizləndi. Qazıntılar göstərir ki, mükəmməl hörülmüş divar təbii amillərdən kifayət qədər yaxşı qorunmuşdur. Aşkar edilmiş kərpic divarın hündürlüyü təxminən 150 sm-dir (şək.7). Divar ən azı 10 qat çiy kərpicdən ibarət olub bucaqları aşağıdan yuxarıya doğru nazikləşir. İçərisinin çiy kərpiclərlə dolu olması hələ də qazılmadığı üçün məlum deyl. Onun funksiyası da hələlik qaranlıq olaraq qalır. Ola bilsin ki, su dağıntlarının və yamac sürüşməsinin qarşısını almaq məqsədilə tikilmişdir və ya hər hansı böyük tikilinin özülüdür. Hər iki halda əvvəlki illərdə təpənin digər künc hissələrində buna oxşar tikiliyə rast gəlinməsi və qədim yaşayış yerinin hələlik ancaq ətəyində mükəmməl hörgüyə malik bu cür divarların əsas funksiyası haqqında şərh verməyə imkan yaradır.

Şək.7.

14-cü Səviyyə

13-cü səviyyədən aşağıya doğru qazıntı sahəsinin ölçüsü kiçilməyə başladı. Burada, 13-cü səviyyənin alt hissəsində süni formalı su quyusu (drenaj) şimal-qərb istiqamətində uzanaraq aşkarlandı (şək.8).

Şək.8

 Onun en kəsiyindən aydın olur ki, tərkibi yumşaq torpaqdan ibarət olmaqla bozumtul-sarı rəngdədir və heç bir tapıntı və üzvi qalıqlara rast gəlinmir. Bozumtul-sarı rəngli torpağın altında nazik qum qatı, ondan aşağıda isə çınqıl qatı aşkar edildi. Bu stratiqrafik ardıcıllıq göstərir ki, təpənin bu hissəsində olan 80 sm qalınlığındakı bozumtul-sarı rəngli torpaq xam torpaqadır.

Beləliklə, 2013-2014-ci illərin qazıntı müvsümlərində qazıntılar nəticəsində Göytəpə qədim yaşayış yerinin materiki (xam torpaq) aşkar edildi. Bu isə müvafiq olaraq Göytəpənin ilkin sakinlərinin məskunlaşdığı səviyyəni (yəni 14-cü səviyyəni) dəqiqləşdirməyə imkan verir. Bununlada Göytəpə qədim yaşayış yerinin neolit dövrünə aid mədəni təbəqəsinin 11 m olduğu müəyyən edildi.

       11 m dərinlikdə 14 səviyyənin olması Azərbaycanın qərb bölgəsində olan istənilən neolit dövrü abidəsi ilə müqayisədə öz misilsizliyi ilə seçilir və hal-hazırki tədqiqatlara çox vacib töhfə verməkdədir (şək.9-10).

  Son yeddi il ərzində Göytəpə qədim yaşayış yerində aparılan geniş miqyaslı qazıntılar neolit dövrü yaşayış məskənləri arasında əsas diqqəti özünə çəkmişdir.  Müvafiq olaraq, memarlıq tikili qalıqlarının quruluşu və məkan etibarilə yerləşmə nöqtəsinin və həmçinin həmin tikililərin strateqrafik dəyişkənliyinin tam düzgün müəyyən edilməsi neolit dövrü cəmiyyətinin sosial birliyindəki struktur dəyişkənliyi barəsində olduqca düzgün və çox dəyərli məlumatlar əldə etməyə təsəvvür yaradır. Bu mövsümlərdə tədqiqat apardığımız 2B, 3B və 4A kvadratlarında stratiqrafik bölgülərin təhlili aparılmışdır. Aşkar edilmiş dairəvi tikililərin stratiqrafik uyğunluğu diqqətlə yoxlanıldı. Burada göstərilən neolit dövrü memarlıq tikililəri ilə bağlı yeni məlumatlar və müvafiq kvadratlar üzərində həyata keçirilən stratiqrafik analizlər çöl tədqiqaqları zamanı əldə edilmişdir. 2B və 3B kvadratlarında mövcud olan müxtəlif struktur qalıqlarının stratiqrafik bölgülərini tamamilə başa düşmək üçün metrə ilə ölçü işləri aparılmışdır Ölçü işlərinə aşağıdakılar aiddir: dairəvi tikililərin daxili və xarici diametrləri, yaşayış evlərinin döşəmələrinin hündürlüyü, divarların hündürlüyü və yüksəkliyi və s. Hər bir dairəvi tikilinin qapısına gəldikdə isə, onlar ardıcıl olaraq bu tikililərin hamısı üçün xarakterik deyl. Bu onunla izah oluna bilər ki, qapılar dairəvi tikililərin qazılmamış hissələrində və ya divar qalıqlarından hündürdə açılmışdır. Nisbətən kiçik dairəvi tikililər isə anbar məqsədilə istifadə edilmiş və ya əhalinin buranı tərk etməsi zamanı qapı yerləri çiy kərpiclərlə doldurulmuşdur. Son olaraq qeyd edə bilərik ki, qapı yerindəki çiy kərpiclər hər iki tərəfdən şaquli istiqamətdə uzanan kərpiclərlə ayrılır. Buna misal olaraq, 2B-5 kvadratının xarici divarını göstərmək olar. 3B-7 kvadratının şərqində yerləşən tikilinin cənub hissəsində qəhvəyi torpaqdan ibarət qapı yeri nəzərə çarpır Girişin kandarı qara-qəhvəyi çiy kərpiclərlə bağlanır.

Göytəpənin tikili qalıqlarının araşdırılması mükəmməl quruluşa malik neolit dövrü yaşayış məskənləri haqqında maraqlı fikirlər irəli sürməyə imkan verir. Stratiqrafik araşdırmalar hər bir tikilinin stratiqrafiyasını üzə çıxartmaqla yanaşı həmçinin tikinti şəraitinin müxtəlif aspektlərini də müəyyən etmiş oldu. Sonrakı tədqiqatlar, aşkar edilmiş tapıntıların analizləri ilə birlikdə tikililərin funksiyasını nümayiş etdirəcək.

E.ə təxminən 5750 və 5300 (50-yə yaxın radiokarbon C14 və C12 analizlərinin aparılması əsasında) illər ilə dövrləşən və memarlıq baxımından bir neçə tikili horizontunu nümayiş etdirən mədəni təbəqələri Azərbaycanda və ümumən regionda bu günə qədər neolit dövrünün tikili horizontları arasında müəyyən edilmiş ən mükəmməli hesab oluna bilər.

 

 

F.QULİYEV, Y.NİŞİYAKİ, F.HÜSEYNOV, K.ŞİMAQAMA, H.NAKATA, P.QASIMOV, V.ƏLƏKBƏROV, Ş.SƏLİMBƏYOV, S.ABBASOVA, V.ƏHMƏDOVA, S.ARAY