İMARƏT KOMPLEKSİNDƏ APARILMIŞ ARXEOLOJİ TƏDQİQATLAR
İmarət Kompleksində aparılmış arxeoloji tədqiqatlar
(aprel 2023- dekabr 2023)
5 aprel 2023-cü il tarixindən etibarən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Ağdam” arxeoloji ekspedisiyası Ağdam şəhərində yerləşən Pənahəli Xanın sarayı və İmarət Kompleksi ərazisindəki tarixi qəbiristanlıqda (GPS koordinatları: 39°59’33.14″N 46°56’19.00″E) arxeoloji tədqiqatlara başladı. Tədqiqatların ilkin mərhələsi 2023-cü ilin dekabrında yekunlaşdı.
Romb formasında olan Ağdam İmarət Kompleksi, ekspedisiya tərəfindən kompleksin şimal-qərb xətti üzrə divarı istinad kimi götürülərək hər birinin sahəsi 100 kv.m (10×10 m) olmaqla kvadratlara bölünmüş və qazıntı planı hazırlanmışdır. Tədqiqatlar nəticəsində müəyyən edildi ki, İmarət Kompleksinə daxil tarixi qəbiristanlığın ərazisi 6000 kv.m-dir (A1-A8, B1-B8, C1-C5, D1-D5, E1-E4, F1-F4, G1-G4, H1-H4, I1-I4, J1-J4, K1-K4 və L1-L4 kvadratları). Tədqiqatlar 2023-cü il dekabr ayı üçün 60 arxeoloji qazıntı kvadratlarında (6000 kv. m ərazidə) yekunlaşıb.
İmarət Kompleksindəki tarixi qəbiristanlıqda mövcud beş türbə qalığı tədqiqat sahəsinə daxil edilib. Türbələrin içi və ətrafı erməni işğalçılarının bu abidələrin içində qurduğu donuzçuluq təsərrüfatının tullarntılarından, 2 saylı dağıdılmış türbə isə, bütünlüklə dağıntı qalıqlarından təmizləndi.
Tədqiqatlar nəticəsində Kompleks ərazisində 213 müsəlman qəbiri aşkar edilmişdir. Onlar müxtəlif dövrlərə aiddirdirlər, orta əsrlərin son mərhələsindən XX əsrin əvvəllərinə aid qəbirlər konstruksiyalarına görə, torpaq və ya ənənəvi yerli kustar, həmçinin, sənaye üsulu istehsalı olan bişmiş qırmızı kərpiclərdən hörülmüş sərdabə tiplidirlər. Onlardan 18-i türbələrin daxilindədir: 1) türbə № 1: 4 (2 sərdabə tipli, 2 torpaq qəbir); 2) türbə № 2: 7 sərdabə tipli; 3) türbə № 3: 1 sərdabə tipli qəbir; 4) türbə № 4: 3 (2 sərdabə tipli, 1 torpaq qəbir); 5) türbə № 5: 3 (2 sərdabə tipli, 1 torpaq qəbir). X.Natəvanın obeliskinin arxa hissəsində (kvadrat A6) 4, kvadrat A4-də 2 və kvadrat A2-də 4 sərdabə tipli qəbir aşkar edilib.
Erməni işğalı dövründə zərər çəkmiş, donuzçuluq təsərrüfatı üçün istifadə edilmiş türbələr daxilindəki qəbirlərin hamısından (1 uşaq qəbirindəki skelet tam aşınmaya görə istisna olmaqla), həmçinin, X.Natəvanın obeliskinin cənub hissəsində 1 torpaq və qərbində 3 sərdabə tipli qəbirlərdəki skeletlərdən DNT analizi üçün nümunələr götürülüb. Türbələrdəki qəbirlərdəki skeletlərin yaşı və cinsi müəyyən edilib. Türbələrin daxilindəki qəbirlərin sayı və dəfn edilənlərin sayı, cinsi və yaşı bəzi yazılı mənbələrdəki məlumatlardan fərqlidir.
Qəbirlərin hamısının başdaşı və sinədaşı erməni işğalçıları tərəfindən dağıdılıb, əksəriyyəti tikinti materialı kimi istifadə üçün Kompleks ərazisindən çıxarılıb. Tədqiqat nəticəsində qəbiristanlıq ərazisində 59 daş abidələrin fraqmentləri (başdaşı, sinədaşı, antik dövr sütun bazası, antropomorf büt) aşkar edilib, arxeoloji çöl şifrlənməsi ilə qeydə alınmışdır. Sındırılmış başdaşı fraqmentlərinə görə, 213 qəbirdən yalnız 2-sinin kimə məxsusluğu dəqiq identifikasiya edilib. XX əsrin 30-cu illərindən 70-ci illərinədək qurulmuş qəbirlərin baş hissəsinin əksəriyyəti dağıdılmış, skeletlərin çənələrindəki qızıl protezlərin talan edilməsi məqsədilə erməni işğaıçıları tərəfindən qəbirlərə müdaxilə olmuşdur.
Tədqiqat sahəsindən kənar olan Kompleksin ərazisində aşağıdakı tədqiqatlar aparılıb: 1) şimal-qərb divarına dışarı hissəsindəki erməni işğalçıları tərəfindən dağıdılmış evlərin qalıqları arasında qədim tikili özülü aşkar edilmişdir (şərti “Namazgah” adı ilə); 2) şərti A13 kimi qeyd edilmiş və yeni tikinti sahəsində aşkar edilən 18 müsəlman qəbiri Kompleksin L1 kvadratına daşınaraq yenidən dəfn edilmişdir; 3) qədim karvansarayın olması barədə məlumatları yoxlamaq üçün qəbiristanlığın şərq hissəsində (keçmiş stadionun tribunasının dağıntılarının yaxınlığında) 14 şurf, digər nişan verilmiş yerdə, qəbiristanlığın cənub-qərb küncündə 7 tranşey qazıldı. Qədim karvansaray barədə məlumatlar öz təsdiqini tapmadı.
Fərhad Quliyev, Pərviz Qasımov