QARABAĞIN NEOLİT DÖVRÜ ABİDƏLƏRİNDƏ APARILMIŞ SON ARXEOLOJİ TƏDQİQATLAR
Qarabağın neolit dövrü abidələrində aparılmış son arxeoloji tədqiqatlar
(2013-2014-cü illər)
“Qarabağ neolit-eneolit ekspedisiya”sı tədqiqat planına əsasən Qarabağın erkən-əkinçi – maldar tayfalarına aid yaşayış yerlərinin arxeoloji tədqiqatını davam etdirmişdir. Belə ki, bu ildə də abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsinin ilkin mərhələsi başa çatdırılmış, ekspedisiyanın əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü və Fərmantəpə eneolit dövrü yaşayış yerlərində arxeoloji qazıntılar davam etdirilmişdir.
Yeni arxeoloji abidələrin, o cümlədən erkən-əkinçi maldar tayfalara aid yeni abidələrin aşkar edilməsi və arxeoloji tədqiqatı Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibənin nəticəsində 20 ildən çox müddətdə dayandırılmışdır. Nəhayət, 2010-cu ildən “Qarabağ neolit-eneolit ekspedisiyası” Qarabağ düzənliyi ərazisində yerləşən arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsinə başlamışdır. İlkin mərhələdə 50-dək arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq xəritələşdirilmişdir. 2012-ci ildən etibarən isə Qarabağ düzənliyində mövcud olan arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşdirilməsi işi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun ayırdığı qrant çərçivəsində aparılmışdır. Fondun ayırdığı maliyyə vəsaiti hesabına bir il ərzində Ağdam rayonunun işğal edilməmiş əraziləri və Ağcabədi rayonunun şimal-qərb hissəsini əhatə etməklə, təxminən 990 kv.km ərazidə arxeoloji kəşfiyyat işləri aparılmış, 169 arxeoloji abidə elektron şəkildə qeydiyyata alınaraq 1:50000 miqyasında “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilmişdir.
Qeydiyyata alınmış bu abidələrdən 125-i erkən əkinçi-maldar tayfalarına aid yaşayış yerləridir. Bu faktın özü Qafqaz arxeologiyası üçün bir yenilikdir.
2014-cü ildə Ağdam, Ağcabədi və Bərdə rayonları ərazisində aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində daha 49 abidə qeydiyyata alınaraq xəritələşdirilmişdir.
Qeydiyyat zamanı abidələrin fotoları çəkilir, onların vəziyyəti haqqında qeydlər aparılır. Hər bir abidədən mümkün olacaq miqdarda yerüstü arxeoloji materiallar toplanılaraq foto və qrafikləşdirilir. Abidənin vəziyyətindən asılı olaraq onların topoplanı da tərtib edilir. Abidə haqqında yığılmış bütün bu informasiyalar ümumiləşdirilərək, onların elektron pasportu hazırlanır. Qarabağın arxeoloji abidələrinin pasportlaşdırılmasında əsas məqsəd “Qarabağın arxeoloji abidələr toplusu” və “Elektron məlumat bazası” nın yaradılmasıdır ki, artıq bu işlərin də əsas hissəsi başa çatdırılmışdır.
Ekspedisiyanın əsas tədqiqat obyekti olan İsmayılbəytəpə neolit dövrü yaşayış məskənində arxeoloji qazıntılara 2012-ci ildə başlanılmışdır. 2013-cü ildə qazıntı sahəsinə daha 2 kvadrat ( 3A və 2B ) əlavə edilmiş və onun ümumi sahəsi 400 kv.m-ə çatdırılmışdır
Topoplan və qazıntı planı 1.
Yeni kvadratlarda işlərə başlamazdan əvvəl 1A kvadratında 2012-ci il qazıntıları nəticəsində aşkar edilmiş, təbii və antropogen səbəblərdən tamamilə dağılmış tikili qalıqları təmizlənərək, kvadrat yeni qazıntı üçün hazırlandı. Bu kvadratda aparılan təmizləmə işləri zamanı 9 saylı tikil qalığının bir hissəsi aşkar edildi.
1A kvadratınında təmizləmə işləri başa çatdırıldıqdan sonra 2A kvatratında qazıntılara başlanıldı. İlkin olaraq bir hissəsi 1A kvadratında olan 9 saylı tikili qalığı təmizlənərək onun divarlarının üst hissəsi üzə çıxarıldı. 9 saylı tikili qalığı yaşayış yerinin II tikinti dövünə dövrünə aiddir. Dairəvi plan quruluşuna malik olan bu evin diametri 5, 4 m, divarlarının qalınlığı isə 30-45 sm arası dəyişir (Şəkil 1).
Şək.1
Evin indiki vəziyyətdə hündürlüyü 147 sm-dir. Tikinti zamanı ölçüləri 40x19x13 sm və 35x15x12 sm olan samansız çiy kərpiclərdən istifadə olunub (Şəkil 2).
Şək.2
Divarlar kərpiclərin bir-birinə paralel qoyularaq inşa edilib. Evin aşağı hissəsində divarlar bir qədər enlidir və kərpiclər arasında bərkidici palçıqdan istifadə edilməmişdir. Böyük ehtimal ki, burada kərpiclər divara yaş halda hörülmüşdür. Bu cür tikinti texnikası təməlsiz olan bu cür evlərin möhkəmliyini təmin etmək üçün tədbiq oluna bilərdi.
Bu il 9 saylı tikili qalığının ancaq 2A kvadratına düşən divarı tamamilə təmizləndi. Onun daxili hissəsinin isə təxminən 1/6 hissəsi qazılaraq təmizlənildi ki, burada da dörd döşəmə səviyyəsi müəyyənləşdirildi. Tikili qalığının I döşəməsi -270 sm, II – 227 sm, III -173 sm, IV -154 sm dərinliklərdə qeydə alınmışdır. Döşəmələr samansız palçıqdan salınmış və presləndiyində bərkdir, onların qalınlığı 7-11 sm arası dəyişir. III və IV döşəmələr onlarda aşkar edilmiş artefaktlara görə daha çox maraq kəsb edir. Hər iki döşəmədə təsərrüfat küpü basdırılmışdır. III döşəmədə, evin şimal-şərq hissəsində basdırılmış küpün hündürlüyü 46 sm olub, səthi zoğalı qırmızı rəngdə boyanmışdır. Armudvari quruluşa malik küpün bir hissəsi divarın içində idi. Onun digər ətrafı möhrə ilə bərkidilmişdir. Küp deformasiyaya uğramış və parçalanmışdır (Şəkil 3).
Şək.3
Belə vəziyyətdə onu bütöv halda çıxara bilməyəcəyimizi nəzərə alaraq qabın parçalanmış hissələrini işarələyərək götürdük. Küpün ağız tərəfdən hissələrini götürdükdə burada sapand daşlarının saxlanıldığını gördük. Bu sapand daşları öz ölçüləri və çəkisinə görə indiyə kimi bütün həmdövr abidələrdən aşkar edilmiş sapand daşlarından fərqlənir. Yumru topu xatırladan sapand daşları samansız palçıqdan hazırlanmış, diametrləri 8-13 sm, çəkiləri isə 150-400 qr arası dəyişir. III döşəmədə aşkar edilmiş küpdə çox yaxşı vəziyyətdə qalmış 40 ədəd sapand daşı aşkar edilmişdir.
IV döşəmədə -148 sm-də dərinlikdə aşkar edilmiş çölmək tipli saxsı qabın hündürlüyü 35 sm, ağzının diametri 45 sm, gövdəsinin və oturacağının diametrləri isə müvafiq olaraq 50 və 30 sm-dir. Qabın oturacağına bitişik novşəkilli lüləyi var (Şəkil 4).
Şək. 4
9 saylı tikili qalığında aşkar edilmiş döşəmə qalıqları bu tip evlərin inşaetmə xüsusiyyətlərinin öyrənilməsi baxımından da maraqlıdır. Bu tikili qalığının daxili hissəsində qazıntılar başa çatmaığı üçün onun konstruksiyası haqqında ümumiləşdirilmiş nəticəyə gəlmək hələ çətindir. Çox güman ki, tikilinin divarları hər hansı bir səbəbdən uçduqdan sonra yenidən inşa edilmiş və dağıntıların üzərində yeni döşəmə salınmışdır. Döşəmə səviyyələrinə görə 9 saylı tikili qalığının zamanında ən azı üç dəfə bərpa olunaraq yenidən istifadə edildiyini söyləyə bilərik.
2A kvadratında aşkar edilən ən maraqlı memarlıq nümunələrindən birini də 10 saylı tikili qalığını (Şəkil 5) hesab etmək olar.
Şək.5
Tikili qalığı 2A kvadratının cənub-qərb hissəsində -1,50 sm-də qeydə alınıb. Onun bir hissəsi 2012-ci il qazıntıları zamanı üzə çıxarılmış və 8 saylı tikili qalığı kimi qeydiyyata alınmışdır. Dairəvi plana malikdir və bütünlüklə samansız yaş kərpiclə inşa edilib. Formasına görə başıkəsik konusu xatırladan tikilinin hündürlüyü 330 sm-dən çoxdur. Yuxarı hissədə onun perimetri boyunca 65 sm hündürlüyündə ciy kərpicdən təkqat divar hörülüb və döşəməsi çiy kərpiclə döşənib. Onun ən aşağı hissəsini müəyyənləşdirməkdən ötrü kiçik kəşfiyyat şurfu qoysaqda, yerin darısqal olması səbəbindən qazıntıları saxladıq. Tikili qalığının ən maraqlı cəhəti onun aşağı hissəsinin təpənin təbii qatından ən azı 1,2 m dərində inşa edilməsidir. Diametri 5 m-dən çox olan bu tikili qalığının hansı məqsədlə tikildiyi məlum deyil. Onun ölçüləri, forması və təyinatını tam olaraq qazıntılar başa çatdıqdan sonra müəyyənləşdirmək mümkündür.
12 saylı tikili qalığı 2A kvadratının mərkəzi hissəsində yerləşir (Şəkil 6).
Şək.6
Samansız ciy kərpicdən inşa edilən bu tikili qalığı sahələri müvafiq olaraq 5,6 və 5 kv.m olan 2 otaqdan ibarətdir. İnşa zamanı 35x13x16 sm ölçüləri olan samansız çiy kərpicdən istifadə olunmuş və divara 5 – 12 sm qalınlığında samansız palçıqdan suvaq çəkilmişdir. Kərpiclər arasında bərkidici məhlul kimi qalınlığı 1,5-2 sm olan palçıqdan istifadə edilmişdir. Qeyd etmək istərdik ki, aşkar edilmiş tikili qalıqlarında palçıq suvaqdan geniş istifadə edilmişdir. Çəkilmiş suvağın qalınlığı divarın forması, vəziyyəti ilə bilavasitə bağlı idi və estetik funksiya ilə yanaşı onun möhkəmliyini də təmin edirdi. Çox güman ki, bu səbəbdən də yaşayış yerində aşkar edilmiş tikili qalıqlarında müxtəlif qalınlıqda suvaqlanmaya təsadüf olunur. Burada divarların eni 46-sm-dən 125 sm-ə kimi dəyişir. İndiki vəziyyətdə onların hündürlüyü təxminən 50-75 sm arasındadır. Otaqları bir-birindən ayıran arakəsmə divar əsas divara bitiştirilərək inşa edilmişdir ki, onlar arasında da çox güman ki, havalandırma funksiyasını daşıyan dəlik açılmışdır. Birinci otaqda, arakəsmə divara bitişik uzunluğu 135 sm, dərinliyi təxminən 57 sm olan quyu formasında ocaq yeri aşkar edilmişdir ki, onun da eni 29-57 sm arasında dəyişir (Şəkil 7).
Şək.7
12 saylı tikili qalığının əsas divarının uzunluğu 4,7 m olub, 10 saylı tikili qalığına bitişdirilərək inşa edilmişdir. Divarın hündürlüyü evin daxili hissəsində döşəmənin səviyyəsindən asılı olaraq 50-75 sm arasında dəyişir. Burada aşkar etdiyimiz ocaq yeri olan döşəmə tikili qalığının sonuncu döşəməsidir. Həm ocağın içinin təmizlənilməsi zamanı, həm də divarın dibində qoyduğumuz kəşfiyyat şurfundan aydın görünür ki, əsas divar aşağı dərinliklərdə də izlənir. Onun ən əşağı hissəsi -3,75 sm-ə kimi izlənilir və burada onun hündürlüyü 1,6 m-dir. Bu divar küllü təbəqənin üzərində deyil, daha möhkəm möhrə təbəqənin üzərində inşa edilmişdir. “Təməl” funksiyasını yerinə yetirən bu möhrə təbəqəsinin əvvəlki dövr tikinti mərhələsinə aid olub-olmadığı və ya məhz 12 saylı tikili qalığı üçün inşa edildiyi hələlik bizə hələ məlum deyil. Çünki tikili qalıqlarının çox sıx olması kəşfiyyat şurfunun genişləndirilməsi imkanlarını heçə endirir. 2A kvadratında tikinti qalıqlarının necə növbələndiyini müəyyənləşdirməkdən ötrü daha böyük ərazidə mədəni təbəqənin ən aşağı qatlarını əhatə edən qazıntıların aparılması zəruridir, ki, bunu da ekspedisiya gələcək çöl-tədqiqat mövsümündə həyata keçirilməsini planlaşdırır.
12 saylı tikili qalığında aparılan arxeoloi qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrindən ən maraqlısı sapand daşınabənzər kürə formalı əşyadır. I otağın döşəməsində (-2,95 sm) təsadüf edilən kürənin diametri 48 mm, kütləsi 218 qr-dır (Şəkil 8).
şək.8.
Öz rəngi və çəkisinə görə gildən olan sapand daşlarından kəskin fərqlənən kürənin AMEA Geologiya İnstitutunun müvafiq laboratoriyasında element analizi aparılmış və məlum olmuşdur ki, onun 98,654 % – ni dəmir elementi təşkil edir. İlkin ehtimala görə gildən daha ağır olan dəmir filizindən hazırlanmış sapand daşı ov zamanı daha effektiv olduğu üçün İsmayılbəytəpə sakinləri tərəfindən istifadə edilmişdir.
3A kvadratı qazıntı sahəsinə 2013-cü ildə əlavə edilmiş və təpənin ətəyində qoyulmuşdur (Plan 1). Qeyd etmək istərdik ki, abidənin tam stratiqrafiyasını müəyyənləşdirməkdən ötrü İsmayılbəytəpə yaşayış məskənində qazıntı sahəsi təpənin radiusu boyunca şərq istiqamətində qoyulmuşdur. Bu kvadratda aparılan qazıntılar zamanı elə də zəngin artefaktlar aşkar edilməsə də, ümumilikdə yaşayış yerinin quruluşu, memarlıq xüsusiyyətləri haqqında müəyyən informasiyanın əldə edilməsinə yardım etmişdir.
3A kvadratında qazıntılar zamanı -2,97 m-dən divar qalıqları aşkar edildi ki, onun da eni 50 sm-dən 90 sm-ə dəyişir. Təpənin təbii qatı üzərində tikilən divarın uzunluğu 5,4 m olub, şimala getdikcə daralır və 2A kvadratının içərisinə girir. Divar samansız çiy kərpiclərdən inşa edilmişdir. Kərpiclər nizamsız olaraq yaş halda hörüldüyündən divar çox möhkəm və səliqəsizdir. Divarın səthi 3-5 sm qalınlığında samansız palçıqla suvanmışdır. Divarin inşa texnikası, vəziyyəti və ölçülərinə əsaslanaraq onun yaşayış yerinin mühafizə divarının bir hissəsi olduğunu ehtimal edirik (Şəkil 9).
Şək.9
Onun təyinatı haqqında isə 2A və 2B kvadratlarında gələcəkdə aparılacaq qazıntılar başa çatdıqdan sonra dəqiq fikir söyləmək mümkün olacaqdır. Divarın şərq hissəsində dərinliyi 20-25 sm olan, təbii qatda qazılmış zibil quyuları aşkar edildi. Quyular küllü-çürüntülü təbəqədən ibarət idi ki, onun da içərisində obsidian, sümük və saxsı fraqmentlərinə təsadüf edilmişdir. Bu quyularda tapılan maddi-mədəniyyət nümunələrindən ən maraqlısı gil fiqurdur. Hündürlüyü 34 mm olan fiqur təmiz gildən hazırlanıb, açıq qəhvəyi rəngdədir. Başı və qolunun biri qopub, aşağı ətrafı yumru hazırlanıb (Şəkil 10).
Şək. 10
Füqur -3,95 m dərinlikdən aşkar edilib.
Divar və zibil quyularından başqa kvadratda hər hansı bir artefaktda təsadüf edilməmişdir. 3A kvadratının digər hissələrində qazıntılar zamanı -3,18 m-dən insan fəaliyyətinin hər hansı bir izini özündə daşımayan bir təbii təbəqənin başladığını müşahidə etdik. Bu təbəqə açıq qəhvəyi rəngdə olub, narın gil və qum ilə zəngindir. Təxminən 50 sm qalınlığı olan bu təbəqədə qum və lilin çox olmasını subasmalar ilə əlaqələndirmək mümükündür. Ehtimal ki, bu təbəqə subasmalar nəticəsində yaranmışdır. Çox güman ki, yaşayış yerinin ətrafında mühafizə divarının salınması və inşa edilən divarların enli olmasını məhz subasmalarla əlaqələndirmək olar. Bu hələ ehtimaldır, qəti fikrə isə qazıntılar başa çatdıqdan və paleonoloji analizlərin nəticələri məlum olduqdan sonra gəlmək mümkündür.
-3,76 m-dən isə tünd qəhvəyimtil – sarı təbəqə başladı ki, onun da tərkibi mergelli olmaqla yanaşı, çox möhkəmdir. Kvadratın cənub-şərq küncündə kiçik kəşfiyyat şurfu qoyuldu və mergelli təbəqənin -4,26 sm-dən də dərinə getdiyi müəyyənləşdi (Plan 2).
Plan 2.
3A kvadratında aparılan qazıntıların nəticəsində qeyd edə bilərik ki, İsmayılbəytəpə yaşayış yerinin əsası qoyulduğu zaman burada hündürlüyü 1 m-ə yaxın təbii təpə mövcud idi. Məhz bu təbii təpə də erkən əkinçi-maldar tayfaları tərəfindən məskən kimi seçilmişdir.
2013-cü il çöl-tədqiqat mövsümündə qazıntı sahəsinə əlavə edilmiş 2 B kvadratında aparılmış arxeoloji qazıntılar zamanı 15 saylı tikili qalığı aşkar edilmişdir (Şəkil 11).
Şək.11
Tikili qalığı öz ölçülərinə görə çox möhtəşəmdir. Burada əsas maraq doğuran enli və hündür divarlara malik I otaqdır ki, onun da sahəsi 12,5 kv.m-dir. Otağın divarları daxili hissədə üç tərəfdən kontrforslarla möhkəmləndirilmişdir. Divarlar 40x15x18 sm ölçülərində samansız çiy kərpiclərlə hörülmüşdür. Kərpiclərarası bərkidici məhlul kimi də samansız palçıqdan istifadə edilmişdir ki, onun da qalınlığı 1-2 sm arası dəyişir. Divarlar həm daxildən, həm də xaricdən samansız palçıqla suvanmışdır. Suvağın qalınlığı divarın vəziyyətindən asılı olaraq 3-12 sm-dir. 16 saylı tikili qalığının divarlarının eni 56 – 140 sm aralığında dəyişir. I otağın əsas divarının hündürlüyü 344 sm-dir. Divar daxili hissədə 55×53 sm ölçüsündə kontrforsla möhkəmləndirilmişdir (Şəkil 12).
Şək.12
Eni 1,4 m olan bu əsas böyük istinad divarının qalığıdır. Ehtimallarımıza görə bu divar ilkin dövrdə həm də yaşayış yerinin mühafizə divarı funksiyasını da yerinə yetirmiş və erkən tikinti dövrünə aiddir. Sonrakı mərhələdə isə ona xaricdən divarlar əlavə olunaraq ev halına salınmışdır. Fikrimizin sübutu kimi əsas divar və ona istinad olunaraq tikilin divarların təməllərinin səviyyə fərqini göstərə bilərik. Belə ki, əsas divarın təməli -502 sm, yardımçı divarlar isə -357 dərinlikdə aşkar edilmişdir. I otaq kimi qeydiyyata aldığımız hissə iki tikinti dövründə formalaşmış tikili qalığıdır. Divarların quruluşundan da aydın görünür ki, I otaq daha sonra yəni II tikinti mərhələsində əlavə divarların hörülməsi nəticəsində meydana gəlmişdir. Divarlar bünövrəsiz olub, birbaşa xam torpağın üzərində inşa edilmişdir. I otağın döşəməsi oxra əlavə edilmiş samansız palçıqla suvanmış və yer səviyyəsinə uyğun
I otağın 2 saylı divarının uzunluğu 5,7 m, eni isə 51 sm-dir. Divar kontrforsla möhkəmləndirilmişdir. Divarın kontrforsdan aşağıda olan hissəsi bağlama olmadan, sadəcə kontrforsa birləşdirilərək inşa edilmişdir. I otağın şərq hissəsində uzunluğu 3,7 m, eni isə 42 sm olan divar qalığı aşkar edilmişdir ki, onun da hər hansı bir tikili ilə bağlantısı yoxdur. Kvadratda qazıntılar başa çatmadığı üçün bu tikili qalığının ilkin forması və vəziyyəti haqqında qəti fikir söyləyə bilmirik. Ehtimal ki, bu divar qalığı I və II otaqlardan öncə inşa edilmiş və daha erkən tikinti dövrünə aiddir.
I otağa bitişik, onun cənub hissəsində II otaq da qeydə alınmışdır ki, onun da bir hissəsi 2A kvadratına daxildir. II otağın memarlıq quruluşu və digər tikililər ilə bağlılığını müəyyənləşdirmək ötrü 2A və 2B kvadratları arasında yerləşən stratiqrafiq arakəsmənin (“brovka”) bir hissəsi götürüldü. Məlumat üçün qeyd etmək istərdim ki, arakəsmə qazılarkən buradan sovet dövrünə aid tikinti materiallarının qalıqları aşkar edildi. Bu hissədə səviyyədən asılı olaraq təxminən 50 sm dərinliyə kimi təbəqə qazılaraq qarışdırılmışdır. II otaqda da divarlar materikdə bünövrəsiz inşa edilmişdir. I taqla II otaq arasında havalandırmanı və ya otaqlar arası əlaqəni təmin etmək məqsədilə eni 50 sm, hündürlüyü isə 44 sm olan dəlik inşa edilmişdir. Məhz II otağın divarının tikintisi zamanı bu dəlik inşa edilmiş, I otaqda isə divar deşilərək formalaşdırılmışdır. II otağın tikinti texnikası və dəliyin vəziyyəti bizə onun I otaqdan sonra inşa edildiyi fikrinə gəlməyimizə səbəb olur. Belə ki, I otaqla II otaq arasında divar iki hissədən ibarətdir. II otaq tikilən zaman I otağın cənub divarına paralel və ona bitişik olaraq divar tikilmişdir. Dəliyin tikinti quruluşuna əsasən söyləyə bilərik ki, elə bu vaxtda bu divarda dəlik inşa edilmişdir. Otaqlar arasında əlaqəni təmin etmək üçün sonradan I otağın divarında da bu cür dəlik yonularaq açılmışdır. II otağin divarlarinin hündürlüyü səviyyədən asılı olaraq 1,3-1,75 sm arasında dəyişir. Burada da divarlar samansız palçıqla suvanmışdır. Otağın içərisində hər hansı ocaq izlərinə təsadüf edilməmişdir. II otağın cənub hissəsi ehtimal ki, sonrakı dövrlərdə aparılan tikinti işləri zamanı dağıdılmışıdr. Ümumiyyətlə, 2A kvadratı öz artefaktları ilə daha çox maraq doğurur. Bu kvadrat öz-özlüyündə qazıntı sahəsinin əsas düyün nöqtəsidir ki, burada qazıntıların başa çatdırılması mübahisəli məsələlərin həlli baxımından vacibdir.
2B kvadratında qazıntılar zamanı iki təsərrüfat küpünün qalıqları da aşkar edilmişdir. Küplər -360 sm dərinlikdə, materik üzərində qoyulmuşdur. Təsərrüfat küplərinin üst hissələri burada aparılmış təsərrüfat-qazıntı işləri zamanı dağılmışdır. İndiki vəziyyətdə hündürlükləri 25 və 30 sm-dir.
15 saylı tikili qalığına aid olan I və II otağın qazıntıları zamanı diqqətimizi çəkən ən maraqlı faktlardan biri buradan tapılan sapand daşlarıdır (118 ədəd) (Şəkil 13).
Şək.13
Ölçüləri və quruluşuna görə onları 3 qrupa bölmək olar (Şəkil 14).
Şək.14
Kürə formalı sapand daşları böyükdür, çiy samansız palçıqdan hazırlanıb ki, onun da ölçüləri haqqında yuxarıda məlumat verilib.
İkinci qrup sapand daşları öz formasına görə limona bənzəyir. Onların uzunluğu 7- 9 sm, eni isə 4-5 sm-dir. Çəkiləri 150-240 qr-dır. Qazıntılar zamanı cəmi 4 ədəd bu tip sapand daşı aşkar edilmişdir.
Üçüncü qrup sapand daşları kiçik ölçülü olub, qoza bənzəyirlər. Onların uzunluğu 2-3 sm, eni isə 1,2-1,7 sm – dir. Şəkiləri 40-75 qr arası dəyişən bu qrup sapand daşları Muğan, Mil-Qarabağın həmdövr abidələrindən məlumdur. İsmayılbəytəpə yaşayış məskənində aparılan qazıntılar zamanı 19 bu tip sapand daşına təsadüf edilmişdir.
I və II qrup sapand daşlarına həmdövr abidələr içərisində ancaq İsmayılbəytəpə yaşayış yerinin qazıntılarında təsadüf edildiyi üçün onları “İsmayılbəytəpə tipli sapand daşları” olaraq adlandırılmasını məqbul saydıq.
2 B kvadratında qazıntılar zamanı qeydə alınan ən uzun divar qalığı kvadratın qərb divarı boyunca şimal-qərb, cənub-şərq istiqamətində uzanan uzunluğu 8,1 m olan divardır. Divarın inşası zamanı istifadə edilən kərpiclər öz rənginə görə bütün qazıntı sahəsində aşkar edilmiş tikili qalıqlarında istifadə edilmiş kərpiclərdən fərqlənir. Burada istifadə edilən kərpiclər sarımtıl-qəhvəyi rəngli gildən, samansız olaraq kəsilmiş və digər kərpiclərdən fərqli olaraq kövrəkdirlər. Belə ki, qazıntılar zamanı suvaqları təmizlənmiş bu kərpiclər günəş şüaları və rütubətə qarşı dayanıqsız olub, tez bir zamanda aşınmaya məruz qalmışdılar.
İsmayılbəytəpə neolit dövrü yaşayış yerində 2013-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı 2603 ədəd saxsı qab fraqmenti, iki ədəd bütöv qab aşkar edilmişdir. Hər iki bütöv qab 9 saylı tikili qalığının döşəməsində aşkar edilmiş və onlar haqqında yuxarıda da qeyd edilmişdir. Saxsı qab fraqmentlərinin 494 ədədi (19%) qabların ağız (Şəkil 15-17), 158 ədədi (6 %) isə oturacaq hissələrinə (Şəkil 18-19) aiddir.
Şək.15
Şək. 16
Şək. 17
Şək. 18
Şək. 19
Qeydə alınmış saxsı qab oturacaqları düz formalıdır. İkitərəfli dəliyi və ya lüləyi olan oturacaq fraqmentləri 4 ədəddir (Şəkil 20).
Şək. 20
Saxsı fraqmentlərinin 1951 ədədi (75%) isə forması təyin olunmayan nümunələrdir. Saxsı məmulatı içərisində hər hansı formada qulplara təsadüf edilməmişdir. Formalaşdırılan zaman ağız kənarı qabın daxili hisəsinə doğru əyildilmiş qab fraqmentlərinə (11 ədəd) təsadüf edilmişdir ki, biz də onların qabların daşınmasını asanlaşdırmaq üçün edildiyini ehtimal edirik (Şəkil 21).
Şək. 21
Saxsı qab fraqmentlərinin tədqiqi nəticəsində qabların forma etibarilə elə də böyük çeşidə malik olmadığını söyləyə bilərik. Qabların ağız formalarına görə qazan (23 ədəd), tava (17 ədəd), boşqab (14 ədəd), küp (57 ədəd), küpə (167 ədəd), xeyrə (64 ədəd), kasa (151 ədəd) və bardaq (1 ədəd) tipli qabların hazırlandığını müəyyənləşdirmək mümkün olmuşdur.
Saxsı məmulatı tərkibinə müxtəlif qatışıqlar əlavə edilmiş gildən hazırlanmışdır. Burada əsasən bitki tərkibli fraqmentlər üstünlük təşkil edir ki, onların da sayı 2239 ədəddir (86%). Gilinin tərkibinə qeyri orqanik qatışıqlar-qum və xırda daşlar əlavə edilmiş nümunələrin sayı 104 ədəddir (4%). Bu tip nümunələrin səthləri texniki baxımdan işlənilməmiş olub, çox kobuddur. Gilinin tərkibinə qeyri orqanik və bitki qatışıqları birgə əlavə olunmuş fraqmentlərə də təsadüf olunmuşdur ki, onların da sayı 260 ədəddir (10%). Bu tip nümunələr digərlərindən davamlılığı ilə seçilir. Ehtimal ki, bu kombinasiyadan istifadə etməklə qədim dulusçular qabların dayanıqlığını artırmaq məqsədi güdmüşdülər.
Saxsı qablar əldə, bad üsuli ilə formalaşdırılmışdır. İki mərhələdə formalaşdırılmış qab fraqmentlərinə də təsadüf edilmişdir. Bu cür formalaşdırılma üsulu qalın divarlı qablarda müşayət edilmişdir.
Saxsı qab fraqmentlərinin böyük əksəriyyətinin səthləri texniki baxımdan işlənilmişdir. Belə ki, burada şüyrə və anqobdan istifadə edilərək qabların səthləri texniki baxımdan işlənilmişdir. Fraqmentlərin 937 ədədinin (36%) səthi şüyrələnmişdir. Bir çox nümunələrdə şüyrələmə çox keyfiyyətlə edilsə də, əksəriyyət fraqmentlərdə bu iş kobud aparılmışdır.
Saxsı qab məmulatının 27%-i, yəni 703 ədədi anqoblanmışdır. Əsasən açıq qəhvəyi və qırmızımtıl-qəhvəyi rəngli sadə anqoblardan istifadə edilmişdir. 2013-cü ildə aşkar edilmiş saxsı məmulatının nəzəri-statitik müqayisəsini apardığımız zaman boyalı saxsı məmulatının kəmiyyət artımını müşayət etdik. Belə ki, nümunələrin 35 %-dən çox hissəsi (927 ədəd) al qırmızı rəngli boyadan istifadə edilməklə, 11 ədəd fraqment isə şabalıdı rəngdə boya ilə boyanmışdır.
Boyalı saxsı məmulatının (Şəkil 22) artımı fonunda təsadüf edilmiş boyanaxışlı nümunələr elə də nəzərəçarpacaq miqdarda olmasa da (6 ədəd), naxışların motivləri baxımından maraqlıdırlar.
Şək. 22
Burada əsasən həndəsi naxışlamadan istifadə edilmiş, motiv seçimi və naxışların çəkilmə texnikası çox bəsit və kobuddur. Boya ilə naxışlamadan başqa burada daha iki naxışlama üsulundan istifadə edilmişdir. Bunlardan birincisi və ən geniş tətbiq olunanı dırnağabənzər izləri xatırladan basma naxış növüdür (Şəkil 23).
Şək. 23
Belə naxış qablar formalaşdırıldıqdan sonra onun yaş səthinə dırnaq və ya dirnaq izlərinə bənzər izlər buraxan alətlə döyülürdü. Qazıntılar zamanı 83 ədəd bu cür naxışlanmış fraqmentə təsadüf edilmişdir. İkinci naxış növünə aid olan qabartma köbə (dekor) yalnız bir fraqmentdə təsadüf edilmişdir. Saxsı məmulatının təsnifini yekunlaşdıraraq qeyd etmək istərdik ki, bişirilmə keyfiyyətinə görə fraqmentlər bir-birindən fərqlənir. Daha qalın divarlı fraqmentlərin daxili hissəsi qaralmış, istənilən səviyyədə bişirilməmişdir. Çox böyük ehtimal ki, iri həcmli qablar açıq ocaqlarda bişirildiyindən qeyri-bərabər istilik paylanması səbəbindən istənilən keyfiyyətdə bişirilməmiş və bir o qədər də davamlı olmamışdılar. Nazik divarlı fraqmentlər isə daha keyfiyyətlə bişirilmişdilər. Güman ki, kiçik həcmli qablar dulus sobaları və ya xüsusi quyularda bişirildiyindən iri həcmli qablara nisbətən daha keyfiyyətlidirlər.
2014-cü ildə İsmayılbəytəpə neolit dövrü yaşayış yerində aparılmış arxeoloji qazıntılar zamanı əvvəlki illərlə müqayisədə çox az miqdarda maddi-mədəniyyət nümunəsinə təsadüf edilmişdir. Yaşayış yerinin erkən tikinti dövrünə aid 15 saylı tikili qalığının qazıntıları zamanı saxsı məmulatını kəskin azaldığı müşahidə edilmişdir. I saylı otağın qazıntıları zamanı cəmi 72 saxsı qab fraqmenti aşkar edilmişdir ki, onların da əsas hissəsi böyük istinad divarının ətrafından tapılmışdır. Bu il ki, qazıntılar nəticəsində 205 saxsı qab fraqmenti və 2 küp qalıqlarına təsadüf edilmişdir. Saxsı məmulatı saman tərkibli olub, bəziləri al qırmızı boyalıdır. Basmanaxışlı nümunələrin ən alt təbəqələrdə azalaraq tamamilə yoxa çıxdığı müşahidə edilmişdir.
2013-cü il qazıntıları zamanı daş alətlər çox az miqdarda aşkar edilmişdir. Bunlar dən daşı fraqmentləri (11 ədəd), bülöv daşı (Şəkil 24), 2 ədəd ağ daşdan yonulmuş qab fraqmentləri (Şəkil 25) və obsidiandan alət fraqmentləridir.
Şək. 24
Şək. 25
Abidənin xronoloji dövrünü təyini məqsədilə ən üst tikinti təbəqəsindən götürülmüş nümunələrin İsraildə C14 analizləri aparılmış və məhz həmin təbəqənin e.ə.VI minilliyin II rübünə aid olduğu müəyyənləşmişdir.
İsmayılbəytəpə neolit dövrü yaşayış yerində 2013-2014-cü illərdə aparılmış arxeoloji qazıntıların təsnifatına yekun vuraraq qeyd etmək istərdik ki, bu kvadratda aparılmış qazıntılar nəticəsində ümumilikdə abidənin stratiqrafiyası, mədəni təbəqə yatımının qalınlığı, tikinti mərhələləri və texnikası kimi bəzi məsələlərə aydınlıq gətirilmişdir. Belə ki, mədəni təbəqə yatımının qlınlığının bu hissəsdə 5 m-dən çox olduğu müəyyən edilmiş, iki tikinti dövrünə aid tikinti qalıqları aşkar edilərək öyrənilmişdir. Yaşayış yerinin Qarabağın arxeoloji qazıntılar aparılmış digər abidələrindən fərqləndirən əsas cəhətlərindən biri də onun memarlıq xüsusiyyətləridir. Burada ən qədim tikinti dövrü düzbucaqlı plan quruluşuna malik tikililərlə təmsil olunmuşdur. Dairəvi və oval quruluşlu evlər isə yaşayış yerinin son tikinti dövrlərini özündə əks etdirən ən üst təbəqədə izlənilmişdir. Bu çür memarlıq xüsusiyyətləri nə Azərbaycanın, nə də ki, Cənubi Qafqazın həmdövr abidələri üçün xarakterik deyil. İsmayılbəytəpə yaşayış yerində izlənilmiş məhz bu və ya digər xüsusiyyətlər əsasında e.ə. VI minilliyin I yarısında Qarabağ ərazisində baş vermiş etnik-mədəni münasibətlər haqqında ilkin ümumiləşdirmələr aparılmasına şərait yaradır. Abidənin tədqiqatı nəinki Azərbaycan, ümumilikdə isə Qafqaz neoliti üçün aktual olan erkən neolit məskənləri, neolit dövrü abidələrin differensiyası, mədəni-ictimai və təsərrüfat həyatı kimi problem məsələlərinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Abidə çox unikal olduğu üçün burada daha geniş miqyaslı arxeoloji qazıntı işlərinin aparılması vacibdir.
“Qarabağ neolit – eneolit ekspedisiyası”nın 2013-2014-cü illərdə apardığı arxeoloji tədqiqatların qısa nəticələri aşağıdakılardır:
- Qarabağ düzənliyində təxminən 1200 kv.km ərazidə ilk dəfə olaraq arxeoloji abidələrin elektron qeydiyyatı aparılmışdır.
- Azərbaycan arxeologiyasında ilk dəfə olaraq 1:50000 miqyasında elektron arxeoloji xəritə – “Qarabağın arxeoloji abidələri xəritəsi” tərtib edilmişdir. Xəritəyə 215 arxeoloji abidə daxil edilmişdir ki, onlardanda 141-i neolit-eneolit dövrünə aiddir.
- Qeydiyyata alınmış abidələrin hər birinin elektron pasportu hazırlanmışdır.
- “Qarabağın arxeoloji abidələri toplusu” nun I cildi çap üçün hazırlanmışdır.
- Fərmantəpə eneolit dövrü yaşayış yerində arxeoloji qazıntılara başlanılmışdır.
- İsmayılbəytəpə neolit dövrü yaşayış yerində qazıntı sahəsi 400 kv.m-ə kimi artırılmış, dövrün memarlığı, təsərrüfat həyatına aid çox unikal artefaktlar əldə edilmişdir.
Xəqani Alməmmədov
Nasir Quluzadə