ŞƏMKİR ŞƏHƏR YERİ

(2013-2014-cü illərdə aparılmış tədqiqatlar)

2013-2014-cü illərin çöl-tədqiqat mövsümlərində Şəmkir şəhər yerində  arxeoloji qazıntılar Narınqalada, IV qazıntı sahəsində, qismən Narınqaladan şimalda, bayırşəhərdə V qazıntı sahəsində aparılıb. Geniş sahəli arxeoloji qazıntılarla yanaşı şəhər qalasının şimal-şərq bürcündən 50 m şimaldakı ərazidə beş yoxlama qazıntısı qoyulmuşdur.

 V qazıntı sahəsində aparılan qazıntıların məqsədi şəhər divarına birləşən tağlı-açırımlı tikilidən cənub-şərqə uzanan, çaydaşından hörülmüş divarın xarakterini müəyyənləşdirmək idi. Bu səbəbdən V qazıntı sahəsinin aşağı yarusunun cənub tərəfi 21 m uzunluqda şimalda 1,5 m, cənubda 8,5 m olmaqla şərqə doğru genişləndirildi (şəkil 1).

Şəkil 1. V qazıntı sahəsindən görünüş.

Qazıntı nəticəsində tağlı-açırımlı tikilidən cənub-şərqə uzanan, çaydaşından hörülmüş divarın davamı 12 m məsafədə üzə çıxarıldı. Ehtimal etmək olar ki, o yamacı bərkitmək təyinatına malik olmuşdur. Onun hündürlüyü relyefə uygun cənub-şərqə doğru  azalır. Əgər başlanğıcda hündürlük 2,6 m təşkil edirdisə, cənub-şərqdə divarın hündürlüyü 60 sm idi (şəkil 2).

Şəkil 2. V qazıntı sahəsinin aşağı yarısında yeni açılmış divarın qalıqları

Həmin divar qalıqlarından 3,9 m qərbdə biri-digərindən 2,9-2,95 m aralı olmaqla 21,5×21,5×5 sm ölçülərdə bişmiş kərpicdən hörülmüş dörd sütun qalığı aşkarlanıb  (şəkil 3).

Şəkil 3. V qazıntı sahəsində aşkarlanmış sütun qalıqları.

Onların ölşüləri 70×70 sm, 75×75 sm və 75×78 sm-dir. Nisbətən yaxşı qalmış sütunun hündürlüyü 53 sm tışkil edir. Hörgünün 7 cərgəsi salamat qalıb. Sütunun bünövrəsi 110 sm x 95 sm ölçülərdə olub içərisində kiçik çay daşları, qırma daşlar olan əhəngli, keyfiyyətli məhlul qatından ibarətdir.

Sütun qalıqlarının aşkarlanması və onların 2008-ci il qazıntıları zamanı V qazıntı sahəsində üzə çıxarılmış şəhər qala divarının bürcünə birləşən, bişmiş kərpic hörgü istiqamətində olması belə bir mülahizəni irəli sürməyə əsas verir ki, vaxtilə şəhərə girişdə sıra tağlar olmuş, onlar şəhər qala divarının bürcünə qədər davam etmişdir. Üzə çıxarılan sütün qalıqları isə həmin sıra tağların sütunlarının qalıqlarıdır.

V qazıntı sahəsindən tapıntılar çoxsaylı olmayıb, əsasən, saxsı qab qırıqlarından, ox ucluğundan, əqiq muncuqlardan və “xaçdaş” fraqmentindən ibarətdir.

Yuxarıda qeyd olunduğu kimi, 2013-2014-cü illərdə qazıntı işləri əsasən Narınqalada, IV qazıntı sahəsində aparılıb. Qarşıya quyulan məqsəd Narınqalanın şimal və qərb divarlarını içəri tərəfdən hərtərəfli tədqiq etmək, Narınqalada 2008-ci ildən tədqiq olunan monumental binanın qərb divarını aşkarlamaq, bununla da onun sərhədləri haqqında dəqiq təsəvvür əldə etmək, bu binanın otaqlarının tədqiqinin davam etdirməkdən, qazıntı sahəsinin qərb kvadratlarında orta əsr mədəni təbəqəsini xam torpağadək tədqiq etməkdən ibarət idi.

Qeyd etmək lazımdır ki, 2013-2014-cü illərdə tədqiqat prosesində IV qazıntı sahəsi daha 400 kv.m. genişləndirilmişdir. Yeni kvadratlarda XIX əsrə aid edilən üst mədəni təbəqənin qalınlığı fərqli olub cənub kvadratlarda 30-40 sm təşkil etdiyi halda, şimal tərəfdəki kvadratlarda 1 metrdən artıqdır. IV qazıntı sahəsinin qərb hissəsinin cənubunda, 2S-2J kvadratlarında götürülən üst, XIX əsr təbəqəsi qalın olmayıb 30-40 sm təşkil edirdi. Bu təbəqədə 2012-ci ildə üzə cıxarılan XIX əsrə aid tikili qalıqları kompleksinin davamı öyrənilmişdir (1, s. 259). 9P-9R kvadratlarından 3P-3R kvadratlarınadək həmin kompleks düzbucaq biçimdə 22,5 m məsəfədə davam edir, 3P-3R kvadratlarında köndəlininə divar onu qapayır, həmçinin qərbə və şərqə doğru uzanır və 16,9 m məsafədə izlənilir. Binanın yükgötürən paralel divarlarının qalıqları eyni dərəcədə mühafizə olunmayıb. 9R kvadratından cənuba bünövrə qalıqları 14,8 m uzunluqda nisbətən yaxşı qalmışdı. 8P-8R kvadratlarında paralel divarları qalınlığı 70 sm olan digər bir divar kəsirdi. Digər bir köndəlinə divar 13,8 m cənubda yerləşirdi. Nəticədə qeyd olunan iki köndələn divar düzbucaq biçimli, sahəsi 53,2 kv.m. olan otaq əmələ gətirirdi. Düzbucaq bicimli otaqdan cənubda yerləşən iki otaqdan qərbdəki daha çox dağıntıya məruz qalmışdı. Şərqdəki otağın içərisində şimal-cənub istiqamətdə uzunu 3,1 m, qərb-şərq istiqamətdə isə 2,9 m idi. 3R-3L kvadratlarında üzə çıxarılan divar 3R kvadratında, eləcədə 3L kvadratında dönərək cənuba doğru davam edir. Həmin kompleksin 3L kvadratında cənuba dönən divarı 2L-2N kvadratlarında düzbucaqlı tikili yaratmaqla bitir. Qərb-şərq istiqamətli bu otağın içəridən uzunluğu 6,93 m, eni 4,4 m idi. Otağın cənub divarı 8,2 m qərbə doğru uzanırdı. Ardı tamamilə dağıldığından həmin divarın burada yaratdığı otağın biçim və ölçülərini müəyyənləşdirmək mümkün olmamışdır.

2S-2J kvadratlarında XIX əsrə aid mədəni təbəqənin qalınlığı 30-40 sm təşkil etdiyi halda, 16K, 16 J,16İ, 17 J, 17İ kvadratlarında 1m və daha artıq idi.

16K kvadratında yer səthindən 20 sm dərinlikdə bişmiş kərpiclərdən hörülmüş tikinti qalığı aşkarlandı. Bu tikinti qalığından şərqdə çürüntülü torpaq qeydə alındı və buradan darboğazlı bardaq, təsərrüfat küpü, üzərində 32 rəqəmi olan metal düymə, ağ daşdan kəsilmiş pravoslav xaçı və Rusiyada zərb olunmuş sikkə tapıldı. Xaçın alt ucu qırılıb. Bu təbəqənin cənub kənarında orta əsrə aid  çiy kərpicdən hörülmüş divarda basdırılmış ağac dirəklərin qalıqları aşkarlandı. Onların diametri 18 sm, aralarındakı məsafə 70 sm idi (şəkil 4). Qeyd edək ki, çürüntülü torpaq qatından altda iri və orta ölçülü çaydaşı qalaqları qeydə alındı.

Şəkil 4. IV qazıntı sahəsində XIX əsr təbəqəsində üzə çıxarılmış tikinti qalıqları və “xaçdaş”.

XIX əsrə aid ağac dirəklərin qalıqları həmçinin 10J və 11J kvadratlarında aşkarlandı. 12J kvadratında, monumental binanın qərb divarının qalıqları üzərində bişmiş kərpicdən qurulmuş və səkkizkünclü formaya malik ocaq,  13J kvadratında isə XIX əsrə aid kanalizasiya qurğusunun qalığı üzə çıxarıldı. 14J kvadratında monumental binanın qərb divarının çiy kərpic hörgüsündə planda oval formalı quyu qazılmışdı. Onun diametri 1,15 -1,25 m, dərinliyi 1,1 m idi.

16 J,16İ, 17 J, 17İ kvadratlarında inşaat zibillərinin əmələ gətirdiyi yatım diqqəti çəkir. 16 J kvadratında 70-110 sm dərinliklərdə cənub-şimal istiqamətli, hündürlüyü 40 sm, uzunluğu 1,7 m, eni 65 sm olan dikinə, çəpinə bişmiş kərpic düzümü topası üzə çıxarıldı. Onun XIX əsrə aid olduğu, dağıdıldığından topa halında mədəni təbəqəyə düşərək qaldığı ehtimal olunur. Dikinə, çəpinə bişmiş kərpic düzümü topası götürüldükdən sonra 1,2 m dərinlikdə, qalınlığı 3 sm olan əhəngli suvaqdan ibarət döşəmə aşkarlandı. Həmin döşəmənin altında qalınlığı 70-80 sm olan içərisində seyrək kiçik və orta çay daşları olan xırda daşlı torpaq – çınqıl qatı yerləşirdi.

Üst, XIX əsr mədəni təbəqəsində üzə çıxarılan tikili qalıqları orta əsr mədəni təbəqəsinin öyrənilməsinə mane yaratdığından tədqiq olunandan sonra götürülmuş, bununla orta əsr mədəni təbəqəsinin hərtərəfli tədqiqinə başlanılmışdır.

Orta əsr təbəqəsinin tədqiqinin nəticələri olduqca maraqlıdır. Şəhər istehkam tikililərinin öyrənilməsi 2013-2014-cü illərinin çöl tədqiqatlarında da diqqət mərkəzində olmuş, Narınqalanın şimal və qərb divarlarının içəri tərəfdən tədqiqi davam etdirilmişdir. Nəticədə Narınqalanın qərb divarı 50 m, şimal divarı isə 60,1 m məsafədə içəri tərəfdən açılaraq bünövrəyədək öyrənilmişdir (şəkil 5-6).

Şəkil 5. Narınqalanın şimal divarından görünüş.

Şəkil 6. IV qazıntı sahəsi. Narınqalanın qərb divarından görünüş.

 Qala divarının qalıqları şimal-qərb küncündə daha yaxşı qalıb  və burada divar qalıqlarının hündürlüyü 7,1 m təşkil edir. Hörgünün aşağı cərgələri 90 sm hündürlükdə ağ daşdan-“zəyəmdaşı”ndan hörülüb. Daha sonra hörgü çaydaşı, bişmiş kərpic və ağ daşlardan qarışıq üslubda hörülüb və polixrom səth yaradır. Qeyd etmək lazımdır ki, şimal və qərb divarlarının bitişdiyi narınqalanın şimal-qərb küncü ağ daş bloklarla hörülüb. Bünövrədən 45 sm hündürlükdə narınqalanın şimal divarında, 16N kvadratında eni 26 sm, hündürlüyü 30 sm olan açırım düzəldilib (şəkil 5).

 Şimal divarının plan və konstruktiv quruluşuna dair yeni faktik materiallar əldə olunub. Narınqalanın içərisində qalanın şimal-qərb küncündən kombinə edilmiş hörgü şərq istiqamətində 25,28 m düzxətli davam edir. 17J kvadratında kombinə edilmiş hörgü kəsilir. Ona şərqdən  çiy kərpicdən hörülmüş divar birləşir. Çiy kərpic hörgü 2,2 m uzunluqda, 70 sm hündürlükdə tədqiq olunub. Bu hörgü kombinə edilmiş hörgüdən 90 sm nazikdir. Çiy kərpic hörgünün üzərində çaydaşından  betonabənzər, hündürlüyü 1,7 metrə çatan divar qeydə alınıb (şəkil 7).

Şəkil 7. IV qazıntı sahəsi. Narınqalanın şimal divarında yenidənqurma və təmir qalıqları.

Dövr etibarı ilə kombinə edilmiş hörgü, çiy kərpic hörgü və betonabənzər qalıqlar fərqlidir. Məsələyə tam aydınlıq gətirmək üçün bu sahədə daha geniş ərazinin tədqiqata cəlb edilməsi vacibdir.

       Aparılan arxeoloji qazıntılar Narınqalanın daxili plan quruluşuna aydınlıq gətirən tikinti qalıqlarının üzə çıxarılması ilə əlamətdardır (şəkil 8).

Şəkil 8. IV qazıntı sahəsinin cənubdan görünüşü.

Monumental binanın tədqiqi davam etdirilmiş,  onun qərb divarı aşkarlanmış, cənub divarının qərb tərəfi və mərkəzi bürcü üzə çıxarılmış, binanın daxili həyətinin qərbindəki arakəsmə divarın tədqiqi davam  etdirilmiş, 7saylı otaq təmizlənmişdir.

2012-ci ildə aparılan arxeoloji qazıntılar zamanı IV qazıntı sahəsinin 9F və 9H saylı kvadratları qazılmamış, stratiqrafik müşahidə üçün dəhliz şəklində toxunulmaz saxlanılmışdı. Amma, monumental binanın arakəsmə divarının tədqiqi bu kvadratlarda mədəni təbəqə yatımının öyrənilməsini tələb edirdi. Digər tərəfdən 9F kvadratında mədəni təbəqə yatımının üst, 80-100 sm qalınlıqda boz torpaq qatından altda çınqıl, xırda çaydaşı yatımı yerləşirdi. 1,2 m dərinlikdən başlayaraq çınqıl qatı axdığından 1,5 m diametrində oyuq əmələ gəlmişdi. Yuxarıda qeyd olunanları nəzərə alıb 9F və 9H saylı kvadratlarında saxlanılmış mədəni təbəqə yatımı götürüldü. Məlum oldu ki, 9F və 9H kvadratlarında çınqıllı, çaydaşlı təbəqə 1-1,2 metrdən başlanıldığı halda 8F və 8H kvadratlarında çınqıllı, çaydaşlı təbəqə yatımı yoxdur. 9F və 9H kvadratlarında isə çınqıllı, çaydaşlı yatımın 2,9 m dərinliyidək davam etdiyi müəyyən edildi. Aparılan qazıntı işləri nəticəsində arakəsmə divarın tam açılaraq tədqiqi üçün imkan yarandı. Məlum oldu ki, arakəsmə divarın uzunluğu 18,9 m çatır, divar qalıqlarının hündürlüyü isə 3,4 m təşkil edir (şəkil 9).

Şəkil 9. Monumental binanın arakəsmə divarının qalıqları.

O cənubda, qazıntı sahəsinin 7F saylı kvadratında eni 3,53 m olan tağlı açırımla tamamlanmışdır. Divardan şimal tərəfdəki keçidin eni isə 2, 7 metrdir. Cənubda, tağlı açırım tərəfdə o monumental binanın həyətindəki 7 saylı sütunla birləşir. 7F və 8F saylı kvadratların ərazisində, xüsusilə  tağlı açırımın olduğu sahədə güclü yanğın olduğunu sübut edən qalın kül, kömür qatı qeydə alınmışdır və bu qat zəngin tapıntıları ilə fərqlənmişdir. Görünür, XI əsrin əvvəllərində burada güclü yanğın olmuşdur. Qeyd edək ki, oxşar mənzərə 2012-ci ildə 12F və 12H kvadratlarında da qeydə alınmışdı. Arakəsmə divarın şimalinda, 12F kvadratında isə ona birləşən düzbucaq biçimli tikili qalığı üzə çıxarılıb. Bişmiş kərpicdən hörülmüş həmin tikili 2,4 m x 1,45 m ölçüdədir. Qalıqların təmizlənmiş hündürlüyü 1,2 metrdir.

Monumental binanın cənub divarının mərkəzi bürcü qismən XIX əsr binasının altında qalıb. Yalnız bürcün daş hörgüsü salamat qalıb. Bütövlükdə, cənub divarın çiy kərpic hörgüsü monumental binanın digər divarlarının çiy kərpic hörgüsü ilə müqayisədə daha çox dağılıb. Monumental binanın qərb divarının çiy kərpic hörgüsü də XIX əsrdə qismən dağıntıya məruz qalıb.

Monumental binanın 7 saylı otağının tədqiqinin nəticələri də diqqətəlayiqdir.  O planda düzbucaq biçimli olub 5,85m x 4,22m ölçülərdədir. Otağın qapı açırımı şimal divarın  şərq tərəfindədir. Otağın divarlarının əyriliyi dam örtüyünün tağ-tavanlı olduğunu ehtimal etməyə əsas verir. Otaq təmizlənərkən tapılmış çoxsayda bişmiş kərpic qalaqları da bu ehtimalı gücləndirir. Onların hamısı kvadrat formalıdır, amma ölçüləri müxtəlifdir: 22х22х5sm; 22х22х5,5sm; 23,5х23,5Х5,5 sm; 24х24х5,5sm; 24х24х6sm; 27х27х6sm; 38х38х6sm; 45х45х7sm. Kəmiyyət etibarı ilə 23,5х23,5Х5,5sm; 24х24х5,5sm; 24х24х6sm ölçülərdə kərpiclər üstünlük təşkil edir. Görünür, bişmiş kərpic qalaqları tağtavanın uçması nəticəsində otağın içərisinə tökülmüşdür. Otağın  şimal-qərb küncündə 5 küp üzə çıxarılıb. Onlardan ikisi tam salamatdır, digərlərində çatlar və qırıqlar var idi (şəkil 10).

Şəkil 10. IV qazıntı sahəsi. Monumental binanın 7 saylı otağının şimal-qərb küncündə aşkarlanmış küplərin təmizlənməsi.

 Salamat qalmış küplərin dar dairəvi oturacağı, yumurta formalı gövdəsi, gen, qabarıq bildirilməyən boğazı, yana qatlanmış yastı, enli ağzı vardır. Onların hündürlüyü 1 metrə yaxındır.   Birinin çiyninə cızma üsulu ilə ox – göstərici işarəsinə bənzər işarə salınıb.

IV qazıntı sahəsinin şimal-qərb sektorunda, orta əsr mədəni təbəqəsinin alt, IX-X əsrlərin inşaat qatında, monumental binanın yeni aşkar edilmiş qərb divarının şimal-qərb bürcündən qərbdə məişət tikililərinin qalıqları üzə çıxarılıb. Onlar oval və ya dördbucaqlıya yaxın biçimdədir (şəkil 11-12).

Şəkil 11. IV qazıntı sahəsi. IX-X əsrlərə aid məişət tikililərinin qalıqları.

Şəkil 12. IV qazıntı sahəsinin şimal-qərb sektoru.

Onların ağ daş, bişmiş kərpic və çaydaşı ilə səliqəsiz hörülmüş divarları vardır. Hörgüdə orta əsrlər üçün səciyyəvi olan 22x22x5 sm, 23x23x5,5sm, 24x24x6sm  ölçülərdə bişmiş kərpiclərlə yanaşı, ilk orta əsrlər üçün səciyyəvi olan 45x45x7 sm, 45,5x46x7sm, 45x45x6sm olçülərdə böyük kərpiclər də (2, s.118) işlənilmişdir. Tikililər qeyri həndəsi quruluşdadırlar. Misal üçün, narınqalanın şimal divarından 1,2 m cənubda üzə çıxarılan divar qalıqları qövsşəkilli olub hündürlüyü 80 sm təşkil edir. Həmin divardan 3,7 m cənubda daha bir divar qalığı aşkarlanıb. Qalınlığı 40 sm olan olan həmin divarı yalnız 1,35 m izləmək olur. Tikililərin içərisində təndir və oçaq qalıqları üzə çıxarılıb. Tikililərin sahəsi çaydaşı, bişmiş kərpiclə döşənib. 12N və 13N saylı kvadratların ərazisində 8 kv.m. sahədə 3 təndir və kiçik quyunun olması diqqəti çəkir. Uzunluğu 65 sm, eni 48 sm, dərinliyi 80 sm olan quyunun ağzının kənarları ağ daşla hörülüb. 8R-9R və 8S-9S kvadratlarında 4,15 m dərinlikdə aşkar edilən döşəmə 23x23x6 sm ölçülərdə bişmiş kərpiclərlə döşənmişdi. Döşəməni çaydaşından hörülmüş, eni 72 sm olan cənub-şimal istiqamətli divar qalığı iki hissəyə ayırır (şəkil 13).

Şəkil 13. IV qazıntı sahəsi. Döşəmə qalıqlarından görünüş.

Monumental binanın cənub divarından cənubda da məişət təyinatlı tikintinin qalıqları üzə çıxarılıb. Onun sahəsi bişmiş kərpiclərlə döşənmişdir. Burada dörd təndir aşkarlanıb.Təndirlərdən birinin yanında yerləşən 45,5 x 46 x 7 sm ölçüdə bişmiş kərpicin mərkəzində diametri 4 sm olan deşik vardır. Görünür, bu kərpic vaxtilə çirkli suyun hopdurulduğu quyunun ağzında olubmuş. Məişət tikilisində çirkli suyun hopdurulduğu quyunun ağzında oxşar kərpicə IV qazıntı sahəsində hələ 2007-ci il qazıntısında rast gəlinmişdir (3,s. 38-39).

Qazıntının 1E və 1D saylı kvadratlarında 73 x 73sm ölçüdə sütunların qalıqları aşkarlanıb. Təəsüf ki, bu sütunlar güclü dağıntıya məruz qalıb, hörgünün yalnız dörd cərgəsi salamat qalıb.

IV qazıntı sahəsinin şimal- qərb sektorunda aşkar edilmiş iki silindrik quyunun XI əsrdə qazıldığı ehtimal olunur. Bu quyulardan cənubda, 9S və 9Rsaylı kvadratların 10S və 10R saylı kvadratlarla qovşağında şərq-qərb istiqamətli, çaydaşından hörülmüş divarın qalıqları üzə çıxarılıb təmizləndi. Uzunluğu 5,6m olan bu divar qərb tərəfdə narınqala divarına birləşir. Divar qalıqlarının hündürlüyü 80-100 sm təşkil edir. Mədəni təbəqənin tədqiqi zamanı divar qalıqlarının ətrafından xeyli bişmiş kərpic fraqmentlərinin və qırıntılarının tapılması divarın üst cərgələrinin hörgüsündə bişmiş kərpicdən istifadə ehtimalını irəli sürməyə əsas verir. Divar qalıqlarından 90 sm şimalda, 10S kvadratında aşkarlanaraq təmizlənən quyunun diametri 80 santimetrdir. Quyu 3 m dərinliyə qədər təmizləndi. Təhlükəli olduğundan dibədək təmizləmək mümkün olmadı və onun təmizlənməsi dayandırıldı. Quyu tərkibində çaydaşları, bişmiş kərpic qırıqları və qırıntıları zəngin, az miqdarda keramika fraqmentləri olan çürüntülü torpaqla dolu idi. Keramika nümunələri arasında fayans qab qırıqları daha çoxdur. Hətta bir neçə fraqmentin yapışdırılması nəticəsində bütöv bənövşəyi şirli monoxrom fayans boşqab alındı.12S kvadratında aşkarlanaraq təmizlənən quyunun diametri ağzında 80 sm, dibində 72 sm, dərinliyi isə 3,4 metrdir. Quyunun içərisi bişmiş kərpic qırıqları və qırıntıları, bütöv kərpiclərlə zəngin yumşaq, yaşıl çalarlı torpaqla, dibində kül qarışıq tünd rəngli yumşaq torpaqla dolu idi. Bütöv kərpiclər 24,5×24,5x 6 sm, 23,5×23,5×5,5 sm ölçüdədirlər. Quyunun üç metr dərinliyindən muncuq tapıldı.

Monumental binadan qərbdə, 12Q və 12K kvadratlarında beş təndirin cəmləşdiyi XI əsrə aid təndirxana qalıqları üzə çıxarılıb (şəkil 14).

Şəkil 14. IV qazıntı sahəsi. Təndirxana qalıqları və pilləkənin aşkarlanaraq təmizlənməsi.

Təndirlərdən biri kiçik, dördü isə böyük idi və çörək bişirilməsi üçün nəzərdə tutulmuşdu. Onlardan ikisi tapıntıları ilə də diqqətəlayiqdir. 12Q və 12K kvadratlarının qovşağında yerləşən təndirin diametri dibində 66 sm, ağzında 62 sm, salamat qalmış divarlarının hündürlüyü 57 sm idi.Təndir tərkibində çaydaşı və bişmiş kərpic fraqmentlərinin zəngin olduğu narın, kül qarışıq torpaq ilə dolu idi. Təndirdən iki bütöv kərpic, qırmızı boyalı dolça, daş əşya, dəmir mıxlar və əqiq muncuq tapıldı. Bu təndirdən 1,7 m qərbdə, 12Q kvadratında yerləşən təndir digər bir təndiri kəsmişdi. Onun diametri dibində 51 sm,  ağzında 45 sm, salamat qalmış divarlarının hündürlüyü 50 sm idi.Təndir tərkibində bişmiş kərpic qırıqlarının, quş sümüklərinin zəngin olduğu narın, kül qarışıq tünd rəngdə torpaq ilə dolu idi. Təndirdən XI əsr üçün səciyyəvi olan şirli boşqab, kiçik tutumlu nəfis şüşə qab tapıldı. Digər təndirxana 10J və 11J kvadratlarında üzə çıxarılıb. Bu təndirxanada altı təndirin qalığı tədqiq olunub və onların hamısı çörək bişirilməsi üçün idi. Onların diametri dibində 51-56 sm, üst tərəfində 46-50 sm, divarlarının salamat qalmış hündürlüyü 21-43 santimetrdir.

 Narınqalanın qərb divarının divaradayaq sahəsində, 8S kvadratında aşkarlanan üç təndirin qalıqları biri-digərinin üzərində olmaqla, hazırlanma üsulunun fərqliliyi ilə diqqətəlayiqdir. Bunlardan birinə – bişmiş kərpicləri dikinə qoyaraq hörmək və içərisinə suvaq çəkməklə düzəldilmiş təndirə Şəmkir qazıntılarında ilk dəfə rast gəlinib.

    2013-2014-cü illərin arxeoloji qazıntıları Narınqalanın daxili plan quruluşuna aydınlıq gətirən tikinti qalıqlarının üzə çıxarılması ilə əlamətdardır. Narınqalada monumental binadan qərb tərəfdə tikili qalıqları cənub-şimal istiqamətli XII-XIII əsrin əvvəllərinə aid iki paralel, dar küçə boyunca uzanır. Qərb tərəfdəki küçə daşlı qumla döşənmişdi. Onun eni 2 m olub, səki olan yerlərdə 1,5 metrə qədər daralır. Cənub tərəfdə, dördbucaq biçimli bürc qarşısında daşlı qum əhəngli məhlulla qarışdırılmışdı.

Küçədən sol tərəfdə bişmiş kərpicdən inşa olunmuş tikinti qalıqlarının arakəsmə divarları narınqalanın qərb divarı ilə birləşir. Bu tikinti qalıqları narınqalanın şimal divarınadək davam edir və şimal hissəsi 2012-2013-cü il qazıntıları ilə öyrənilmişdir. 2014-cü ildə isə 3R kvadratından başlamış 9R kvadratına qədər, daha dəqiqi desək, 23,3 m məsafədə tətqiq olunub. Amma, 2R kvadratında üzə çıxarılmış bünövrə qalıqları bu divarın 2R kvadratına, yəni narınqalanın qərb divarındakı dördbucaq biçimli bürcünədək davam etdiyini düşünməyə əsas verir. Arakəsmə divarlarla bu kompleks bir neçə bölməyə ayrılır. Komleksin tədqiqi mövcud olduğu dövr ərzində burada bir neçə dəfə təmir və yenidənqurma işləri aparıldığını müəyyənləşdirməyə imkan vermişdir. Tədqiq olunan sahədə divarda iki yerdə, 9R kvadratında və 6R kvadratında qapı açırımı aşkarlanıb. 9R kvadratında qapı açırımının eni 1 metrdir.

2R,3R, 2P, 2N kvadratlarının sahəsində XIX əsrə aid bünövrə qalıqları götürüldükdən sonra 2R kvadratında 1,3 m dərinlikdə eni 56-58 sm olan tikinti –  bünövrə qalıqları aşkarlanıb. Onun cənub divarının uzunluğu 4,1 m uzunluqda, şərq divarı isə yalnız 1,3 m uzunluqda izlənib. Həmin bünövrə qalıqlarından şimalda əhəngli suvaq qatı, görünür, döşəmə üzə çıxarılıb. 2P kvadratının cənub tərəfində isə döşəmə bişmiş kərpiclə döşənib.

Küçənin şərq tərəfində zirzəmili binanın qalıqları, mürəkkəb quruluşlu, çoxotaqlı, ehtimal ki, əl-kimya laboratoriyası və ya əczaxana olmuş kompleksin qalıqları yerləşir. Bu kompleks inşaat texnikası, elecədə suvaq üzrə çəkilmiş qırmızı boyada nazik cızma üsulu ilə salınmış müxtəlif xarakterli təsvirlərlə diqqətəlayiqdir.

Kompleks qərb tərəfdə 3P – 6P kvadratlarını, şərq tərəfdə 3M – 6M kvadratlarını, şimalda 6P – 6M kvadratlarını, cənubda 3P – 3M kvadratlarını əhatə etməklə uzunluğu 14 m, eni 6,5 metrdir və 90 kv.m.-dən artıq sahəyə malikdir. Kompleks çoxotaqlı olmuşdur. Cənub tərəfdə yerləşən otağın qərb divarı 2,8 m məsafədə  salamat qalıb. Divarın əsası möhrədən olub içəri tərəfdən bişmiş kərpiclərlə ona üzlük vurulub. Otagın cənub divarının qalıqları da güclü dağıntıya məruz qalıb və  yalnız 2,3 m uzunluqda tədqiq olunub. Onun fərqləndirici xüsusiyyəti burada bişmiş kərpicdən üzlüyün olmaması, möhrə divar üzərinə suvaq çəkərəq qırmızı boya ilə boyanmasındadır. Boyaq üzrə isə cızma üsulu ilə heyvan və quş təsvirləri, atlı təsviri (?) çəkilib. Bu otağın şimal-qərb küncündə 2 x 2,15 m ölçülərdə dördbucaq biçimli tikili qalığı aşkarlanıb. Onun qərb və şimal divarlarını binanın əsas, yükgötürən divarları təşkil edir, cənub və şərq divarları isə bişmiş kərpiclə adi qaydada yastısına hörülüb. Cənub divarda hörgünün 2-4 cərgəsi, şərq divarında isə 3 cərgə salamat qalıb. Həmin tikintinin döşəməsi bişmiş kərpiclərlə döşənib. Tikintinin şərq divarından 2,85 m şərqdə bişmiş kərpiclərlə hörülmüş, görünür, istehsalatla bağlı qalıqlar aşkarlanıb. Onun salamat qalmış qalıqlarının şimal-cənub istiqamətdə olmaqla uzunluğu 3,2 m, eni 1,1 metrdir, şərq tərəfində  radiusu 35 sm olan qövsvari çıxıntı vardır. Qurgunun şərq divarının qalınlığı 37 sm olub tam və yarımkərpiclərlə hörülüb. Qarşısındakı eni 21 sm, dərinliyi 36 sm olan boşluq, görünür, isti hava kütləsinin cərəyan etməsi üçündür. Həmin boşluğun qarşısında 17 sm enində açırımlar- boşluqlar saxlamaqla 46-50 sm uzunluqda hörgülər hörülüb. Daha sonra bu qurğu qərbə dönərək davam edir. Lakin burada kanala bənzər boşluq yoxdur. Kanalabənzər boşluqdan və açırımlardan kömür, kül qatı çıxarılıb.

Bu otaqdan şimalda yerləşən digər otaqla onun arasındakı möhrə divarın qalınlığı 70 sm idi və üstünə bir cərgə bişmiş kərpic cərgəsi düzülmüşdü. Hər iki tərəfdən üzünə bişmiş kərpicləri dikinə qoymaqla üzlük vurulmuşdur. Üçüncü cərgədən sonradan möhrə divara adi suvaq vurularaq üzəri qırmızı boya ilə boyanmışdı. İkinci, ortancıl otağın döşəməsi kirəc məhlulundan istifadə etməklə bişmiş kərpiclərlə döşənmişdir. Otaq kvadrata yaxın biçimdə olub, daxili ölçüləri cənub-şimal iatiqamətdə 4,47 m, qərb-şərq istiqamətdə 4,4 metrdir. Otağın şimal qərb küncündə isə kiril əlifbasının “П”hərfinə bənzər biçimdə, bişmiş kərpiclə yastısına hörgünün qalıqları aşkarlanıb. Hörgünün 2-3 cərgəsi salamat qalıb. Divarlar arasındakı məsafə 40 sm-dən 30 sm-dək daralır. Bu otağın diqqəti çəkən digər cəhəti döşəməsinin qərb və şərq kənarlarının yarımkərpiclərlə maili işlənməsidir. Otağın şərq divarı tamamilə dağılıb. Ondan şərqdə yerləşən otağın divarları güclü dağıntıya məruz qaldığından onun plan quruluşunu və xarakterini müəyyənləşdirmək çətindir. Ortancıl otaqdan şimalda yerləşən otaq isə mürəkkəb plan quruluşu ilə fərqlənir. Onun şimal divarının əsasən bünövrəsi salamat qalıb. Divar hörgüsü isə yalnız qərb tərəfində 90 sm uzunluqda mühafizə olunmuşdur. Bişmiş kərpiclərlə hörülmüş, qalınlığı 70 sm olan divarın burada üç cərgəsi qalıb. O çaydaşından hörülmüş, qalınlığı 75 sm olan qərb divara birləşir. Çaydaşı hörgüsü 2,9 m uzunluqdadır, daha sonra möhrə divar davam edir. Bu otaqda bişmiş kərpiclərlə adi palçıqda hörülmüş bir neçə arakəsmə, kiçik divarlar mürəkkəb quruluş əmələ gətirir. Digər tərəfdən onların dağılmış vəziyyətdə olması otağın ümumi plan quruluşu və sxemi haqqında dolğun təsəvvür yaratmağa imkan vermir. Otağın ortasındakı təkqatlı hörgü onu cənub və şimal olmaqla iki hissəyə ayırır. Şimal hissə bişmiş kərpiclərlə hörülmüş ayrı-ayrı hissələrə bölünür. Diqqəti çəkən cəhətlərdən biri odur ki, kompleksin tədqiqi zamanı bu hissəsə, yəni otağın şimalında qalın kül, kömür qatı qeydə alınıb.

Yuxarıda təsvir olunan kompleksdən şərqdə 2L – 4L kvadratlarında çaydaşından qoyulmuş, şimal-cənub istiqamətli bünövrə qalıqları üzə çıxarılıb. 2L –  2M kvadratlarında həmin bünövrə qalıqları qərbə dönür və qövsvarı, bürc çıxıntısını xatırladan forma alır. Onun radiusu 1,5 metrdir. Cənub-şimal istiqamətli divar qalığı şərqdəki küçə boyunca yerləşir. 3M – 3L kvadratlarında ona  qərb tərəfdən çaydaşından hörülmüş divar birləşir. 4M – 4 L kvadratlarının qovşağında isə təndir və bişmiş kərpicdən hörülmüş tikinti qalıqları aşkarlanıb.

 Küçənin şərq tərəfində yerləşmiş tikinti qalıqlarından zirzəmili binanın qalıqları nın tədqiqinin nəticələri də maraqlı olmuşdur. XI-XII əsrlərə aid zirzəmili binanın alt qatı, zirzəmisi torpaqda 2 m hündürlüyədək çay daşları ilə kirəcli yapışdırıcı məhlulla inşa olunub. Binanın divarlarının  yuxarı, yerüstü hörgüsü Arran memerlıq məktəbinə xas üslubda bəzəkli işlənmişdir. Tikilinin şimal divarının yuxarı, yerüstü hörgüsü qismən hələ 2012-ci ildə üzə çıxarılmışdir (1, s. 264, şəkil 11).

Lakin 2013-2014-cü illərdə aparılan qazıntılar həmin divar qalığının zirzəmili binanın şimal divarının yerüstü hörgüsü olduğunu aydınlaşdırdı. Məlum oldu ki, binanın zirzəmi hissəsi 2 m dərinlikdə torpaq qazılaraq inşa olunmuşdur. Bu səbəbdən binanın divarlarının çaydaşından inşa olunmuş alt hörgüsü içəri tərəfdən səliqəli, şaquli olduğu halda bayırdan kələ-kötürdür. İçəri tərəfdən divarın üzərinə suvaq çəkilib. Tədqiqat zamanı binanın içərisində, zirzəmisinin şərq tərəfində qalınlığı 1,5 m-dən artıq olan yanğın qatı, qərb tərəfdə isə 1,5 m qalınlıqda xırda daşlı torpaq qatı qeydə alınıb. Otağın döşəməsi nazik yastı çaydaşlarla səliqə ilə döşənmişdi. Mərkəzində bişmiş kərpicdən hörülmüş sütunun qalığı vardı. Görünür, sütun zirzəminin tavanını saxlayırmış.

Şərq tərəfdə yerləşən küçə boyunca müxtəlif təyinatlı binaların qalıqları yerləşir. Küçə daşlı qumla, bişmiş kərpic istehsalında yaranan tullantılarla, qismən ağ daş lövhələrlə döşənmişdi. Müəyyən olunmuşdur ki, mövcud olduğu dövr ərzində bu küçə ən azı üç dəfə təmir edilmiş və nəticədə onun səviyyəsi 35-40 sm qalxmışdı.

Küçədən şərq tərəfdə tədqiq edilmiş XII-XIII əsrin əvvəllərinə aid təndirxana  qalıqlarının üç səviyyəsi müəyyənləşdirilib. Burada dörd təndir və döşəmə qalıqları, xüsusi quruluşlu ocaq, təsərrüfat küpü və s. üzə çıxarılıb. Təndirlərin fərqləndirici xüsusiyyəti, onların qərb tərəfində külbə və onunla əlaqəli bişmiş kərpiclərdən xüsusi qurulmuş qurğunun olmasındadır. Misal üçün, 2Q kvadratında 104 sm dərinlikdə aşkarlanan təndirin diametri dibində 60 sm, üst tərəfində 58 sm, salamat qalmış divarlarının qalıqlarının hündürlüyü 38 sm olub qərb tərəfində külbə yerləşdirilib. Həmin tərəfdə bişmiş kərpiclər 10 sm məsafədə aralı olmaqla dikinə qoyularaq üstü yastısına düzülməklə örtülmüşdü. Təndirin içərisi nəm, kül qarışıq torpaqla dolu idi. Təndir təmizlənərkən içərisində bütöv kərpic, zoomorf və antropomorf formalı qabın fraqmenti, küp qırıqları tapıldı. Zoomorf və  antropomorf elementli qab xüsusilə diqqətəlayiqdir. 2Q kvadratında oxşar formalı daha bir təndir 1,35 sm dərinlikdə aşkarlandı. Onun diametri dibində 56-60 sm, üst tərəfində 50-52 sm idi. Salamat qalmış divarlarının hündürlüyü 47 sm-ə çatırdı. Şimal tərəfində külbə vardı. Külbə çaydaşı və bişmiş kərpicdən qurulmuşdu. Təndirin içərisindəki kül qarışıq narın torpaqdan iki bütöv kərpic və xeyli sayda saxsı parçaları tapıldı. Təndirin ətrafı bişmiş kərpiclərlə döşənib. Təndirdən 34 sm aralıda oval biçimli ocaq aşkarlanıb. Onun diametri 25-30 sm idi. İçərisi kül qarışıq torpaqla dolu idi. Həmin ocaqdan 75 sm şimal-şərqdə yarımkərpiclərlə qövsvari bir qat hörgü qalığı  aşkarlanıb. Hörgünün iki cərgəsi qalıb. Bu hörgüdən şimalda orta tutumlu küp basdırılıb.

Qazıntı sahəsinin 7Q və 7K kvadratlarında aşkar edilmiş bişmiş kərpic və çiy kərpicdən inşa olunmuş kompleksin qalıqları güclü dağıntıya məruz qaldığından onun təyinatını müəyyənləşdirmək çətindir. Bununla belə onun istehsalatla bağlı olduğunu ehtimal etmək olar.

11L və11M kvadratlarının qovşağında XIII əsrin əvvəllərinə aid məişətlə bağlı planda oval tikinti qalığı aşkarlanmışdır. Onun diametri 2,4-2,8 metr idi. Divarları çaydaşı, bişmiş kərpic və kərpic parçaları ilə adi palçıqda kobud hörülmüşdü. Divarlarının eni 48 sm, salamat qalmış hündürlüyü 50-58 sm idi. Döşəmə bişmiş kərpic parçaları, yastı ağ daş və çay daşları ilə döşənmişdi. Şərq tərəfində 24x24x5 sm ölçülərdə dörd bişmiş kərpici dikinə qoymaqla ocaq düzəldilmişdi. Ocağın içərisində kül qatı vardı.

Bu məişət kompleksi götürüldükdə onun altında XII əsrin sonlarına aid digər bir məişət kompleksinin qalıqları üzə çıxarıldı. Bu qalıqlar təndir və ondan 55 sm şərqdə yerləşən quyudan ibarət idi. Təndirin cənub tərəfində külbə var idi. Diametri 67-75 sm olan quyunun  dərinliyi 70 sm idi. Görünür, çürkli suların hopdurulmasına xidmət etmişdi.

XII əsrə aid, bişmiş kərpicdən kirəcli məhlulla inşa olunmuş möhtəşəm pilləkənin qalıqları da şəhərin maraqlı mülki tikinti qalıqlarındandır  (şəkil 15).

Şəkil 15. IV qazıntı sahəsi. Pilləkənin cənubdan görünüşü.

Onun eni 3 m olub, kənarlarında sürahi vardı. Sürahi ilə birlikdə eni 3,4 m olub. Pilləkən 3,26 m dərinlikdə aşkarlanmış, 7,1 m dərinliyə qədər onun tədqiqi aparılmışdır. Pilləkənin proyeksiyası 8,3 m, marşın özünün uzunluğu 9 metrdir. Görünür, o adi pilləkən olmayıb ictimai əhəmiyyətli kompleksə daxil imiş və dörd nəfərin eyni zamanda sərbəst yanaşı hərəkətinə imkan verirmiş. Pilləkənin alt pillələri üst pillələrinə nisbətən daha yaxşı qalmışdı. Əgər üst pillələr IX-XI əsrlərin mədəni təbəqə yatımını kəsirdisə, alt pillələr qazılmış xam torpaqda yerləşirdi. Pilləkənin qalıqlarının üzərində bişmiş kərpic parçaları, fraqmentləri, şirli kirəmit fraqmentləri, kirəc ovuntusu qatları ilə zəngin, qalınlığı 1,5 m  və daha artıq olan inşaat zibilləri təbəqəsi yerləşirdi. Şirli kirəmit qalıqlarının çoxluğu pilləkənin üzərində kürəmitli örtüyün olması ehtimalını irəli sürməyə əsas verir.

IV qazıntı sahəsinin şimal-qərb sektorunda orta əsr mədəni təbəqəsinin üst inşaat qatında şərqdən qapısı olan dördbucaq biçimli tikinti qalıqları tədqiq olunub. Həmin tikili narınqalanın şimal və qərb divarlarına birləşdirildiyindən müvafiq divarlarının hörülməsinə ehtiyac qalmamışdır.

2013-2014-cü ildə Şəmkir şəhər yerində arxeoloji qazıntılardan orta əsr Şəmkir şəhərinin sənət istehsalına dair maraqlı faktlar əldə olunub. IV qazıntı sahəsində IX əsrə aid dulus kürəsinin qalıqları aşkarlanıb. Dördbucaq biçimli bu kürənin uzunlugu 1,65 m, eni 1,52 m m, qalıqlarının hündürlüyü 90 sm olub üçərisində istehsal tullantıları, bişmə prosesinda zay olmuş, divarları bir-birinə yapışmış səhəng tapılmışdır. Kürə bişmiş kərpicdən hörülmüş, içərinə gil suvaq çəkilmişdi. Divarlarının qalınlığı 25 sm idi. Dulusçuluqla bağlı digər maraqlı fakt orta əsr şəmkirli dulusçularından birinin adını müəyyənləşdirməyə əsas verən faktik materialın əldə olunmasıdır. XI əsrə aid şirli saxsı qab fraqmenti üzərində “əmele Sərdar” sözləri yazılıb. Sənət istehsalı ilə bağlı maraqlı tapıntılar arasında zərgərlikdə işlədilən saxsı butə və ərimiş metalı süzmək üçün kiçik tutumlu tunc qab (şəkil 19). diqqətəlayiqdir.

Şəkil 19. Ərimiş metalı süzmək üçün qab.

IV qazıntı sahəsindən əldə olunan tapıntılar şirli və şirsiz keramika, inşaat keramikası, əmək alətləri və silah nümunələri, məişətdə işlənən dəmir əşyalar, şüşə qab-qacaq, bəzək əşyaları və sikkələrlə təmsil olunub. Silahlar arasında nizə  ucluğu diqqəti çəkir. “Minai” tipli fayans qab nümunələri (şəkil 20), yüksək bədiiliyi ilə fərqlənən, həndəsi, nəbati və ya təsvir motivli dekora malik şirli saxsı qablar (şəkil 21-23), qulplu, nazik divarlı zərif şüşə qab (şəkil 24), kiçik ölçülü füruzəyi şirli kirəmit fraqmenti tapıntılar arasında böyük maraq doğurur.

Şəkil 20. Minai tipli fayans qabın fraqmenti.

Şəkil 21. XI əsrə aid şirli saxsı qab.

Şəkil 22. XII əsrə aid marqans üzrə cızma naxışlı şirli saxsı qab.

Şəkil 23. XII əsrə aid üzərində quş təsviri olan şirli polixrom saxsı qabın qırığı.

Şəkil 24. XI əsrə aid şüşə qab.

        2014-cü ilin arxeoloji tədqiqatlarının mühüm nailiyyətlərindən biri Orta əsr Şəmkir şəhərinin qəbiristanlığının aşkarlanmasıdır. Şəhər qalasının şərq divarının şimal-şərq bürcündən  şimalda aparılan yoxlama qazıntıları bu ərazidə orta əsrlərə aid müsəlman qəbirlərinin yerləşdiyini göstərdi.

2013-2014-cü illərdə möhkəmləndirmə və konservasiya işləri narınqalanın cənub və şərq divarlarında (şəkil 16,17), qərb divarın kontforsunda, monumental binanın şərq divarının mərkəzi bürcündə aparılıb.

Şəkil 16. Narınqalanın cənub divarında konservansiya

Şəkil 17. Narınqalanın cənub divarında konservansiya və qismən bərpa işləri aparıldıqdan sonra görünüş.

Konservasiya işləri aparılan sahələrdə uçqun xəritəsini və dərinliklərini dəqiq müəyyənləşdirmək üçün ilk növbədə həmin divar hissələrində tor qurulmuşdur. Daha sonra ölçmə işləri yerinə yetirilmiş, dağılma sxemi müəyyənləşdirilmiş, hesablamalar aparılmış və bu əsasda konservasiya-möhkəmləndirmə işləri görülmüşdür. Konservasiya işləri aparılarkən arxeoloji qazıntılar zamanı tapılmış və istehkam tikilisinin ucaldılmasında istifadə olunmuş inşaat materiallarından – çaydaşı, bişmiş kərpic və “Zəyəmdaşı” adlandırılan yonulmuş yerli ağ daşlardan istifadə olunub. Arxeoloji qazıntılardan tapılan yonulmuş ağ daşlar yetərincə olmadığından həmin daşların yatağından – Zəyəm karxanasından eyni cinsli daş gətirilərək onlardan da istifadə edilib. Yapışdırıcı məhlulun istehkam tikilisinin inşaatında tətbiq olunmuş tərkibdə hazırlanmasına xüsusi diqqət verilmişdir. Bu məqsədlə yapışdırıcı məhlul əhəng, gil, çay qumu, kömür, saxsı qırıntıları və qırma daş  qarışığından hazırlanmışdır.

Şəmkir arxeoloji ekspedisiyasının 2013-2014-cü illərdə apardığı tədqiqatların mühüm nəticələri sırasında şəhərə girişin mənzərəsini yaradan memarlıq qalıqlarının aşkarlanmasını, Narınqalanın kompozisiya-plan sxeminə aydınlıq gətirən küçə və tikinti qalıqlarının üzə çıxarılmasını, sənət istehsalının dulusçuluq, zərgərlik kimi sahələri ilə bağlı yeni maddi dəlilləri qeyd etmək olar. Bütün bunlar orta əsr Azərbaycan şəhərinin, bütövlükdə Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsində çox qiymətli mənbədir.

Ədəbiyyat:

  1. Dostiyev T.M., Bəşirov R.Y., Hüseynli N.N., Mirzəyev R.H.. Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar. // Azərbaycanda arxeoloji tədqiqatlar -2012. Bakı, 2013, s. 257-268.
  2. Нуриев А.Б. Ремесло Кавказской Албании (III-VIII вв.). Баку, 2009, 433 с.
  3. Dostiyev T.M. 2006-2007-ci illərdə Şəmkir şəhər yerində aparılmış arxeoloji tədqiqatlar. // Şəmkir: arxeoloji irsi, tarixi və memarlığı. I Respublika elmi-praktik konfransın materialları. Bakı, 2008, s.31-60.

T.M.Dostiyev, R.Y.Bəşirov, N.N.Hüseynli, R.H.Mirzəyev