XUDUTƏPƏ ÇOXTƏBƏQƏLİ YAŞAYIŞ YERİ
AMEA Arxeologiya və Antropologiya İnstitutu “Cəlilabad arxeoloji ekspedisiyası” 2021-2023-cü ilin çöl tədqiqatları mövsümündə rayonun Çəmənli kəndi ərazisindəki Xudutəpə çoxtəbəqəli yaşayış məskənində arxeoloji qazıntılar aparmışdır (Abidənin GPS koordinatları: N-39 12 52.-0; E-048 18 31.9). Sahəsi 4 hektara yaxın olan abidə Şiləvəngə-Yardımlı şose yolunun 22-ci km-də, yoldan 100 m sağ tərəfdə, Çəmənli və Cəlayir kəndləri arasında, hündür təbii təpənin üzərində yerləşir. Əlverişli təbii coğrafi relyefdə yerləşməsi Xudutəpənin uzun müddət bölgədə məskunlaşmış əhalinin intensiv yaşayış məskəni kimi mövcudluğuna və bunun nəticəsində də müxtəlif dövrlərə aid mədəni layların əmələ gəlməsinə səbəb olmuşdur. Təbii təpə üzərində yerləşən abidəni şərq, cənub-şərq və cənubdan qədim çay dərələri əhatə edir. Məhz bu da abidədə uzunmüddətli və fasiləsiz həyatın olmasını şərtləndirən əsas faktorlardan biri hesab edilməklə bol su ehtiyatlarının mövcudluğu ilə burada yaşamış qədim sakinlərin təsərrüfat həyatı və məişəti üçün əlverişli olduğuna dəlalət edir.
Şəkil 1. Abidədə qazıntı prosesi
Abidəni ilk dəfə yerli tarixçi Rza Rzayev XX əsrin 80-ci illərində aşkar etmiş və Muğandakı Əliköməktəpə abidəsində qazıntılar aparan Fərman Mahmudova bu barədə məlumat vermişdir. 1992-ci ildə arxeoloq F.Mahmudov abidəyə ilkin baxış keçirmiş və onu eneolit dövrü yaşayış məskəni kimi qeydə almış və abidəni cənub-şərq bölgəsinin arxeoloji xəritəsinə daxil etmişdir. Lakin 2021-ci ilə qədər Xudutəpədə heç bir əsaslı arxeoloji qazıntılar aparılmamışdır.
Şəkil 2. Orta tunc dövrünə aid təsərrüfat quyuları
Hələ Sovetlər birliyi dövründə abidənin mərkəzində quşçuluq ferması tikilmiş və digər kənd təsərrüfatı təyinatlı işlər görülməsi üçün beton konstruksiyalar qurulmuş və eyni zamanda cənub-qərb tərəfində futbol meydançası salınmaqla qeyd olunan hissəsi dağıdılmışdır.
2010-2011-сi illərdə arxeoloq A.Ələkbərov yaşayış yerinin şimal-şərq hissəsində kiçik ölçülü yoxlama qazıntıları aparmış və buradan son tunc-ilk dəmir dövrünə aid 2 torpaq qəbir aşkar etmişdir. O, bu qəbirlərin geniş təhlilini verməsə də müəyyən edilmişdir ki, abidənin şimal-şərq və şərq hissəsi nekropoldur. Ümumilikdə isə abidənin mühüm elmi əhəmiyyəti ondan ibarətdir ki, burada intensiv yaşayış olmuş və tunc-ilk dəmir dövründə də qəbristanlıq kimi istifadə edilmişdir.
Şəkil 3. Kürə qalığı
Abidəyə bizim tərəfimizdən 07 iyun 2021-ci ildə baxış keçirilmiş və yaşayış məskəninin üzərində dövlət tərəfindən qorunduğunu əks etdirən tablonun olmasına baxmayaraq üstünün taxıl sahəsi kimi əkildiyi məlum olmuşdur. Belə ki, məlumata görə abidənin ərazisi rayon sakinlərindən bir neçəsinə qanunsuz olaraq və qeyri-rəsmi şəkildə pay torpağı kimi verilmişdir. Kənd ziyalılarının verdiyi məlumata görə, abidənin mühüm elmi əhəmiyyətə malik olması ilə bağlı dəfələrlə rayon rəhbərliyi qarşısında məsələ qaldırılmış, onlardan torpağı istifadə edənlərə başqa yerdə əvəz olunması kimi yer verilməsi xahiş edilmiş, lakin bu günə qədər heç bir tədbir görülməmişdir. Qeyd olunur ki, abidənin üzərindən əkin sahəsi kimi istifadə edənlər onlar üçün başqa yerdə torpaq ayrılmasına tam razılığını bildirirlər.
Şəkil 4. Abidənin mədəni təbəqəsinin qrafik təsviri
Abidədə ilk qazıntılara 2021-ci ildə nekropol hissədən başlanmışdır. Daha sonra tədqiqatlar üçün təpənin cənub-qərb hissəsində, nisbətən ətəkdə 100 kv. metr sahədə yoxlama qazıntıları aparılması üçün sahə seçilmiş və nəticədə qalın mədəni təbəqə üzə çıxmışdır (Şəkil 1,4,7). 2021-ci il yoxlama qazıntılarının aparılmasında məqsəd yaşayış yerinin stratiqrafiyasını müəyyənləşdirmək idi. Qazıntılar hər biri 5×5 m olmaqla kvadratlara ayrılmışdır. Belə ki, abidənin üst qatı orta əsrlər dövrünə aid materiallarla müşayiət olunur. Bu tapıntılar kütləvi saydadır. Daha alt qatlarda isə Son Tunc-İlk Dəmir və İlk Tunc dövrü təbəqələri bir-birini əvəz edir (Şəkil 2). Belə ki, orta əsrlər dövründən dərhal sonra son tunc-ilk dəmir dövrü təbəqəsi üzə çıxmışdır. Burada da materiallar kütləvi şəkildədir. Əsasən də osteoloji qalıqlar və ocaq yerləri tapıntılarla müşayiət olunur. Ən alt qatda isə zəif halda Eneolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri tapılmışdır. Bütün bu yoxlama qazıntıları sübut etmişdir ki, abidə təkcə eneolit deyil, yuxarıda qeyd olunan müxtəlif dövrlərə aid təbəqəyə malikdir.
Şəkil 5. Abidədən tapılmış dulus çarxı
2023-cü ilin tədqiqatları yenidən bu sahədə davam etdirilmiş və bütün kvadratlarda qazıntılar aparılmışdır. Bu ilki qazıntılar zamanı daha zəngin artefaktlar üzə çıxmışdır. Onlardan bir qismi haqqında aşağıda məlumat veririk:
İlk olaraq III kvadratda təmizlik işləri aparılmış, eyni zamanda qazıntılar I və II kvadratlarda əvvəlki ildən yarımçıq qalmış dərinliklərdə davam etdirildi. Belə ki, I kvadratda 80 sm dərinlikdən orta əsrlər dövrü təbəqəsindən 1 ədəd sikkə nümunəsi tapılmışdır. Bu, Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis puldur. Pulun üzərində t.ü.f.d. Akif Quliyev tədqiqat aparmışdır. Eyni sahədən çoxlu sayda orta əsrlərin şirsiz və şirli saxsı fraqmentləri də əldə edildi.
Şəkil 6. Daş tikili düzümü
II kv-da 80 sm dərinlikdən başlayaraq orta əsrlər dövrü materialları son tunc-ilk dəmir dövrü ilə əvəz olunur. Kv-n şimal tərəfində bu dərinlikdə diametri 50 sm olan ocaq yeri təmizləndi. Ocaq yerindən son tunc-ilk dəmir dövrünə aid saxsı qırıqları və qayıqvari formalı dən daşları götürüldü.
I kv-n şimal tərəfində 80 sm dərinlikdən orta əsrlərə aid saxsıdan su borusu aşkar edildi. Su borusu bütövdür. Kv-n şimal-qərb hissəsində təndir qalığı üzə çıxmışdır (Şəkil 8). Onun hündürlüyü salamat qalmamış, lakin çevrəsinə əsasən diametrinin 90 sm, badının qalınlığının isə 6 sm olduğu məlum olmuşdur. Bu kv-n mərkəzi hissəsində iki xırdabuynuzlu heyvana məxsus skelet üzə çıxmışdır. Ehtimal ki, bu qoyun skeletidir və bir-birinə çarpaz şəkildə basdırılıb. Eyni zamanda bu kv-da tapılan çaxmaqdaşından oraq dişləri də vardır.
Şəkil 7. Abidənin mədəni təbəqəsi
III kv-n şərq tərəfində 1,4×1,4 m ölçülü, düzbucaqlı plana malik tikili qalığı açılmışdır. Eyni ölçülü digər tikili də kv-n qərb divarında üzə çıxıb. Tikililərin divarlarının qalınlığı 30 sm-dir. Bütün tikili qalıqları saman qarışıqlı gildən hazırlanmışdır. Həmçinin bu tikililərin arasında 80 sm diametrində çökək yer təmizlənib. Ümumilikdə tikili qalıqları 20 sm qalınlığındakı gil döşəmə üzərində qurulub.
Şəkil 8. Təndir qalığı
II kv-n cənub-qərb hissəsində, 80 sm dərinlikdən, diametri 60 sm olan möhrədən hazırlanmış kürə üzə tapılıb. Onun salamat qalmış hissəsi 40 sm, qat-qat hazırlanan badının qalınlığı isə 5 sm-dir. Kürənin bir tərəfində havanın daxil olması və oduncağın yanması üçün 8 sm diametrində köbəsi vardır. Bu kv-n şimal-şərq tərəfində qalın kül qatının üzərində iri buynuzlu heyvana məxsus sümüklər tapılmışdır. Kv-n qərb tərəfində 80 sm dərinlikdən ocaq yerinin üstündə qalmış 1 ədəd saxsı qazan üzə çıxdı. Bu qırmızı rəngli, qum qatışıqlı gildən zəif hazırlanmış qabın ağzı köbəli olub xaricə qatlanmışdır. Gövdə hissəsində kanalvari işləmələrdən ibarət naxışlar vardır. Üstü tam hislidir. Qazanın içərisində heyvan sümüyü qalıqları tapılıb. Kürədən cənub tərəfdə də 1 ədəd üzü aşağı şəkildə çevrilmiş saxsı küpə tapılıb. Qeyd olunan saxsı qabların kürə ətrafında tapılması onların ocaqda yemək bişirilməsi prosesində istifadə edildiyini göstərir.
Şəkil 9. Dulus sobasının qalığı
II kv-ın cənub hissəsində 1,2 m dərinlikdə, diametri 2 metr olan ocaq yeri üzə çıxmışdır. Ocaq yerinin içərisindən 1 ədəd sümük biz, 1 ədəd gildən iy başlığı və çoxlu sayda İlk Dəmir dövrü saxsı qab fraqmentləri götürülmüşdür.
I kv-n cənub-qərb hissəsində 1,8 m dərinlikdən insan skeleti üzə çıxmışdır. Mərhum, üzü cənub-şərq istiqamətində, sağ yanı üstə dəfn edilib. İnsanın sağ qolu dirsəkdən yuxarı bükülmüş, sağ ayağı da dizdən yuxarı qatlanmışdır. Sol ayağı isə qarşıya tərəf uzadılıb. Skeletin üstünə 1 ədəd yastı, uzunsov qaya daşı qoyulmuşdur. Bu kv-n qərb tərəfində uzunluğu 1,55 m, eni 0,8 m olan və 1,4 m dərinlikdən yanmış yer təmizləndi. Bu, ehtimal ki, dulus sobası olmuş ( Şəkil 9), lakin orta əsrlər dövründə yaşayış zamanı alt qatda olan təbəqə qarışdırılmaqla soba da dağılmışdır. Sobanın qopmuş bir fraqment gilinin üzərində iri ölçülü bitki qalıqlarının izi qalmışdır. Yəni buradan belə aydın olur ki, gilli torpaq bitki ilə qarışdırılmış və daha sonra isə güclü od üzərində yandırılmışdır, yaxud da zaman keçdikcə bu hissə yanmanın təsirindən bərkimişdir. Digər bir yanmış gil qatı isə bir üzü dərin şırımlardan olan forma ilə müşahidə edilir. Maraqlı xüsusiyyət ondan ibarətdir ki, kvadratın bu dərinliyindən eneolit dövrü saxsı fraqmentləri, dən daşı qırıqları, gildən sapand daşları tapılıb. Eynilə bu tapıntıları da yuxarı təbəqədə yaşayış olduğu zaman alt qatın qarışdırılması kimi izah etmək mümkündür. Təbəqədən eyni zamandan Son Tunc dövrünə aid saxsı qab fraqmentlərinin tapılması da bunu əsaslı şəkildə sübut edir.
II kv-n cənub hissəsindən 1,6 m dərinlikdə diametri 21 sm olan dulus çarxının hissəsi aşkar edilmişdir (Şəkil 5). Dulus çarxından 20 sm şərq istiqamətində 1,8 m dərinlikdə kürə üzə çıxmışdır. Kürənin hündürlüyü 20 sm, diametri isə 30 sm idi. Kürə aşağı hissədə enli, yuxarıda isə dar və günbəzşəkillidir. Bu da onun üzərində qazanın rahat qoyulması və altındakı ocağın rahat yanmasını şərtləndirir (Şəkil 3).
Bundan başqa II kv-da ocaq yerləri təmizlənmiş, çoxlu sayda İlk Tunc dövrü qab qulpları, Eneolit dövrünə aid ocaq qurğusu ayaqları, dən daşları, sürtgəc və sümükdən alətlər tapılmışdır (Şəkil 12). Kv-n 1,8 m dərinliyindən Eneolit dövrünə aid monoxrom boya naxışlı qab fraqmentləri də üzə çıxmışdır.
Şəkil 10. İlk Tunc dövrünə aid qoç fiquru
I kv-n mərkəzi hissəsindən 1,9 dərinlikdən uzunluğu 1,4 m, eni 0,8 m olan orta ölçülü daşlardan sıx şəkildə düzüm tapıldı (Şəkil 6). Bu daşlar təmizləndikdən sonra götürülmüş və müəyyən edilmişdir ki, onlardan 5 ədədi alt dən daşıdır. Alətlər üzü aşağı qoyulmuşdur. Bu dən daşları bir qayda olaraq məsaməli və sıx tərkibli qırmızı rəngli qum daşından qayıqvari formada düzəldilmiş, onların alt hissəsi oval, üst işlək üzləri isə çökəkdir. Ən böyük dən daşı fraqmentinin işlək hissəsi düz və hamardır. Onun saxlanmış uzunluğu 30 sm, eni 15,5 sm, qalınlığı 7,5 sm-dir. Digər bir dən daşı daha yaxşı hazırlanmış, alətin üst işlək üzü hamardır və içərisində qırmızı oxra izini görmək olur. Alt üzü simmetrik qaydada hamarlanıb. Bu alətin salamat qalmış uzunluğu 20 sm, eni 13 sm, qalınlığı 6 sm-dir. Dən daşları içərisində kiçik ölçülü olanları da vardır. Onlardan 1 ədədi yastı, enli və qayıqvaridir. Alətin ortası istifadədən çökəlmişdir. Baş tərəfləri dikinə formada qalmışdır. Alətin saxlanmış uzunluğu 13,5 sm, eni 11 sm, qalınlığı 4 sm-dir. Digər bu tipli əmək alətinin üst işlək üzü tam hamardır. Alətin bu hissəsində qəhvəyi rəngli iz qalmışdır. Ümumilikdə qeyd olunan dən daşlarının işlək üç üzünə nəzər saldıqda onların içərisində ayrı-ayrılıqda müxtəlif bitkilərin əzildiyini müşahidə etmək olar. Şübhəsiz ki, bu bir ehtimaldır və gələcək tədqiqatlar buna daha geniş aydınlıq gətirə biləcəkdir.
Şəkil 11. Xalkolit dövrünə aid daşdan qadın bütü
II kv-n şərq tərəfindən İlk Tunc dövrünə aid 1 ədəd kiçik ölçülü dopu üzə çıxıb. I kv-n qərb tərəfində 1 ədəd gildən qoç fiquru (Şəkil 10) və çaxmaqdaşından kəsici alətlər, oraq dişləri tapılıb.
I kvadratın şərq divarında 1,6 m dərinlikdə 50×10 sm ölçüsündə çiy kərpic qalıqları təmizlənmişdir. Salamat qalmış uzunluğu 2 m olan divar qalığının əsas hissəsi qazıntı sahəsindən şərq istiqamətində kənara düşdüyü üçün kərpiclərin enini dəqiqləşdirmək mümkün olmamışdır. Divarın kərpicləri saman qatışıqlı palçıqdan hazırlanmış və bir-birinə suvaqla bərkidilmişdir. Kv-dan çoxlu sayda dən daşları, saxsı qab fraqmentləri də götürülmüşdür. Bu kv-da qazıntılar 2,8 m dərinlikdə dayandırılmış və qeyd olunan dərinlikdə sümükdən qaşovlar, çaxmaqdaşından kəsici alətlər, gildən qalın əşya qalığı, daşdan qadın bütü (Şəkil 11), çoxlu sayda qab qırıqları və osteoloji qalıqlar üzə çıxmışdır.
II kvadratda qərb hissədə bir qədər çökək yer müşahidə edilib. Ehtimal ki, bura böyük ocaq yeri olmuşdur. Çünki bu hissədən çoxlu sayda yanmış izlər aşkar edildi. Ocaq yerinin içərisindən osteoloji qalıqlar, saxsı qab fraqmentləri üzə çıxdı. Kvadratın şərq hissəsində oval formalı yarımqazmanın az bir hissəsinin salamat qaldığı müşahidə edilir. Bu yarımqazmanın içərisindən çaxmaqdaşından kəsici alətlər, gildən muncuq və obsidiandan arxaik səciyyəli kəsici alətlər tapılmışdır. Kv-n cənub tərəfindən başlayaraq 2,4 m dərinlikdə bütün sahədə materikə çıxılmışdır.
Şəkil 12. Xalkolit dövrünə aid sümükdən cilalayıcı alətlər
Ən sonda qazıntı sahəsi və abidənin mühafizə zonası üçün baryerlər düzəldilmişdir. Bu iş qazıntı sahəsinin antropogen təsirlərdən qoruması üçün təhlükəsizlik tədbirlərinə görə edilmişdir. Bütün bu işlər başa çatdıqdan sonra qazıntı sahəsi və ümumilikdə abidə Mədəniyyət Nazirliyinin abidə mühafizəsinə təhvil verilmişdir.
Beləliklə, 2021-2023-ci ildə Xudutəpə aparılmış arxeoloji qazıntılar zəngin maddi mədəniyyət nümunələrinin tapılması ilə Muğanın Xalkolit-Tunc dövrü məskunlaşması haqqında zəngin məlumatlar vermişdir.
Anar Ağalarzadə