Tatarıstan Respublikasının Arxeologiya İnstitutunun direktoru Arxeologiya və Antropologiya İnstitutunda qonaq olub.

17 aprel tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunda Tatarıstan Respublikasının A.X. Xalikov adına Arxeologiya İnstitutunun direktoru, akademik Ayrat Sitdikov ilə görüş keçirilib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəsləfə doktoru, dosent Fərhad Quliyev qonağı salamlayaraq Azərbaycan və Tatarıstan arxeoloqları arasında elmi əməkdaşlığın inkişafından danışıb və bu sahədə gələcək fəaliyyət planının təşkil olunmasının vacibliyini vurğulayıb.
Tatarıstan Respublikasının A.X. Xalikov adına Arxeologiya İnstitutunun direktoru Ayrat Sitdikov tədbir iştirakçılarını salamlayaraq institutun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, bildirib ki, institutun yaranma tarixi 1878-ci ildə Kazan Universitetinin “Arxeologiya, tarix və etnoqrafiya cəmiyyətinin” yaranması ilə bağlıdır. 2014-cü ildən isə Tatarıstan Elmlər Akademiyasının strukturunda müstəqil elmi-tədqiqat institutu kimi fəaliyyət göstərməyə başlayıb. İnstitutun müxtəlif istiqamətləri əhatə edən 7 şöbəsində 73 nəfər elmi işçi, ümumilikdə isə 110 nəfərə yaxın əməkdaş fəaliyyət göstərir. Burada Şimali Avrasiya arxeoloji mədəniyyətlərinin davamlılığı və transformasiyası tədqiqatları, eyni zamanda Tatarıstan Respublikasının tarixi-mədəni irsinin qorunması və öyrənilməsi adlı iki əsas elmi problem üzrə işlər aparılır. Ayrat Sitdikov bildirib ki, qarşılarında şəhər arxeologiyasına dair bir çox aktual sualların həlli də dayanır. Daha sonra o, gənc alimlərin hazırılanması sahəsində atılan addımlardan biri olan beynəlxalq arxeoloji yay məktəbi barədə məlumat verdi və bu məktəbin 12 ölkədə fəaliyyət göstərdiyini, paleontologiya, trasologiya, keramikanın bərpası və öyrənilməsi istiqamətlərində təlimlərin keçirildiyini bildirib.
O, həmçinin öz çıxışında Azərbaycanın arxeoloq-alimləri ilə əməkdaşlıq etmək istəyini ifadə edərək hər iki xalqın türk soylu olduğunu və bir çox ortaq mövzuların mövcudluğunu, bu sahədə əməkdaşlığın bir çox elmi problemlərin həllində müsbət rol oynaya biləcəyini vurğulayıb.
İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Tatarıstan Arxeologiya İnstitutunda və muzeydə olduğunu və səfəri zamanı ölkənin qədim mədəniyyəti ilə tanış olduğunu bildirib. Beynəlxalq arxeoloji məktəb layihəsinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini, eyni zamanda həm iştirakçılar həm də yerli alimlər üçün unikal təcrübə ola biləcəyini vurğulayıb.
Sonda institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qonağa xatirə hədiyyəsi təqdim edib.