Arxeologiya və Antropologiya İnstitutunda Beynəlxalq arxeoloji yay məktəbi barədə maarifləndirici təqdimat keçirilib

7 may tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunda Tatarıstanın Kazan Federal Universitetinin Beynəlxalq əlaqələr İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Ruzil Səttarov və tarix üzrə fəlsəfə doktoru Yelena Vorobyova tərəfindən XI Beynəlxalq arxeoloji yay məktəbi barədə maarifləndirici təqdimat keçirilib.
İlk olaraq, institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev qonaqları salamlayıb və Tatarıstan tərəfi ilə bu əməkdaşlığın gənc alim və mütəxəssislərin təkmilləşməsindəki əhəmiyyətindən danışıb.
Daha sonra, tarix üzrə fəlsəfə doktoru Yelena Vorobyova Yay məktəbinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək, treninqlərin dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirildiyini qeyd edib.
İki mərhələdən ibarət olan layihənin birinci mərhələsi 10 iyul -25 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində, ikinci mərhələ isə 13-26 avqust 2024-cü il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində keçiriləcək. Bakıda başlayacaq yay məktəbində ilk olaraq memarlıq tikililərinin çöl konservasiyası və bərpası, keramikanın çöl emalı və konservasiyası üzrə seminarlar və praktiki dərslər təşkil olunacaqdır.
İkinci mərhələ çərçivəsində isə Bolqar şəhərində paleoantropologiya, arxeozoologiya, arxeobotanika və paleotorpaqşünaslıq istiqamətləri üzrə xüsusi dərslər keçiləcəkdir.
Yay məktəbinin yekununda 2 dəfə (24 iyul – Bakı, 25 – Bolqar şəhərində) olmaqla “Arxeologiyada fənnlərarası tədqiqatlar: nailiyyətlər və çağırışlar” mövzusunda gənclərin beynəlxalq elmi-praktiki konfransı təşkil olunacaq.
Tədbirin sonunda institutunun gənclərindən ibarət heyətin sualları ətarafında diskussiya aparılıb.