Tədbiri giriş sözü ilə institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev açaraq ölkəmizdə aparılan arxeoloji qazıntı işlərində hər zaman dövlətin dəstəyinin hiss olunduğunu vurğuladı.
Daha sonra, tarix elmləri doktoru Zaur Həsənov “Heydər Əliyev və mədəni irs” adlı məruzə ilə çıxış etdi. O məruzəsində Ümumilli liderin ölkəmizin maddi mədəniyyətinin qorunmasında müstəsna rolu olduğunu, bu yolda böyük canlanmaya və tarixi uğurlara nail olduğunu qeyd etdi.
“Heydər Əliyev və Azərbaycan arxeologiyası” adlı məruzə ilə çıxış edən tarix elmləri doktoru, professor Hidayət Cəfərov isə, Azərbaycan arxeologiyasının inkişaf yolunda Ulu öndər Heydər Əliyevin misilsiz rolu olduğunu, onun hakimiyyət dövrünün mədəniyyətimizin intibah dövrü kimi tarixə qızıl hərflərlə yazıldığını xüsusi vurğuladı.
Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov Ulu öndərin mədəniyyət siyasəti istiqamətində uğurlu addımları haqqında geniş məlumat verərək hazırda ölkə Prezidenti İlham Əliyevin bu siyasəti davam etdirməsini, bunun arxeoloji tədqiqatların geniş vüsət almasına şərait yaratdığını bildirdi.
Tədbirdə həmçinin tarix elmləri doktoru, professor Abbas Seyidov, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, tarix üzrə fəlsəfə doktoru, dosent Əkbər Bədəlov, tarix üzrə fəlsəfə doktoru, Qəhrəman Ağayev çıxış edərək mövzu ilə əlaqəli fikir və xatirələrini bölüşdülər.
İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Qulyev tədbirin yekununda cənab Prezidentin maddi-mədəni irsin öyrənilməsinə böyük önəm verdiyini və institutun apardığı tədqiqatlara diqqətlə yanaşdığını, cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar arxeologiya elminə olan qayğının bariz təzahürü olduğunu vurğuladı.