23 may 2024-ci il tarixində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun “Abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsinin müdiri, t.ü.f.d., dosent Mikayıl Mustafayev Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktoru Ayrat Qabitoviç Sitdikovla birgə Biləsuvar rayonu ərazisində yerləşən arxeoloji abidələrlə tanış olmaq məqsədilə bölgəyə ezam olunub, bölgədə yerləşən arxeoloji abidələrin vəziyyəti ilə yerindəcə tanış olublar.

İlk olaraq Biləsuvar rayonu İcra başçısı Faiq Qürbətovun qəbulunda olub, bölgədəki arxeoloji abidələrin vəziyyəti, görülən işlər və yeni planlar barədə danışıqlar aparılıb.

Görüş zamanı Ayrat Qabitoviç qeyd edib ki, bu ilin iyul ayından Tatarıstan Respublikası Elmlər Akademiyasının Arxeologiya İnstitutu və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu arasında yay məktəbi təşkil olunacaqdır. Bununla əlaqədar olaraq, bir qrup arxeoloqların Biləsuvar rayonu ərazisində aparılacaq praktik və nəzəri tədris ilə bağlı Çöl Ağdam şəhərciyi, Şəhriyar qalası, Şəhriyar yaşayış yeri və Ağdam qalası topoplanları hazırlanacaq, geodeziya və kəşfiyyat xarakterli arxeoloji testlər aparılacaqdır. Qeyd olunan abidələrin kompleks şəkildə tədqiq olunması, bu prosesə başlamağın vacibliyi diqqətə çatdırılıb. Daha sonra  Biləsuvar rayonun Diyarşunaslıq muzeyində və rayon ərazisindən aşkar olunmuş arxeoloji materiallarlala tanış olublar.

Öz növbəsində, icra başçısı Faiq Qürbətov bu işdə arxeoloqlara yaxından dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Səfər zamanı Ayrat Qabitoviç ilə birgə  Astara rayonunda Alaşa kəndində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntı sahəsinə də baxış keçirilib.