Konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq olunması yollarını müzakirə etməkdir.
Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu mövzuda tədbirin keçirilməsinin həm turizm baxımından, həm də mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələri aşkar edildiyini, bu nümunələrin qorunduğunu bildirib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə paytaxtımızın tarixi mərkəzindəki qədim abidələrin, mədəni irsin qorunması istiqamətində tətbiq edilən yeni metodlar barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qonaqlara ölkəmizdə mövcud arxeoloji memarlıq abidələri və onların mühafizəsi, bərpası istiqamətində görülən işlər haqqında məlumat verib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev öz çıxışında Azərbaycanda arxeoloji turizmin potensialından məlumat verərək bu istiqamətdə arxeoloq alimlərin gördüyü işlər haqqında danışıb, onların mədəni irsin öyrənilməsində, qorunub-saxlanılmasında və təbliğ olunmasında mühüm rolu olduğunu vurğulayıb.
İstanbul Universitetinin Arxeologiya fakültəsinin professoru Mehmet Özdoğan bu beynəlxalq konfransın təcrübə və bilik mübadiləsi baxımından səmərəli olacağından əminliyini ifadə edərək, tədbirin təşkili ilə bağlı iştirakçılar adından təşəkkürünü çatdırıb.
Daha sonra Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa filmin nümayişi baş tutub.
Rəsmi açılış mərasimindən sonra konfrans işinə başlayıb. UNESCO yanında Mədəni İrsdə Arxeologiya Etikası və Praktikası üzrə sədri, Böyük Britaniyanın Arxeologiya departamentinə Beynəlxalq Mədəni İrsin İdarə Edilməsi üzrə MA Proqramının həmdirektoru Robin Coningham, ABŞ-ın “Colonial Williamsburg” fondunun tarixi araşdırmalar bölməsinin direktoru, EXARC (Arxeoloji Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası) sədri Dr. Peter Inker, Almaniyanın “Museumsdorf Düppel – Stiftung Stadtmuseum Berlin” orta əsrlər arxeoloji açıq səma muzeyinin kuratoru Dr. Julia Heeb fərqli mövzularda məruzələrlə çıxış ediblər.
Konfransın seminar bölməsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanın arxeoloji irsi, işğaldan azad edilmiş ərazilərdəki arxeoloji irs, hazırki layihələr və tapıntılar” mövzulu məruzə ilə çıxış edib. İşğaldan azad olunmuş torpaqlarda aparılmış arxeoloji tədqiqatlar haqqında ətraflı məlumat verərək, bu ərazilərdə yerləşən abidələrin dünyaya tanıdılmasının, tariximizin təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin işğal dövründə dağıntılara məruz qalmış, ciddi zərər görmüş abidələrimizin bərpa və konservasiya olunmasının vacib olduğunu qeyd edib. Tədqiq olunmuş abidələr sırasında Üzərliktəpə, Çinartəpə və İmarət kompleksi haqqında məlumatı dinləyicilərin diqqətinə çatdırıb.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov “Füzuli rayonunda Yedditəpə kurqanlar abidəsi”, həmçinin institutun “Trasoloji və eksperimental arxeologiya” laboratoriyasının müdiri Əjdər Babazadə “Pleystosen dövründə Qarabağın Hominin məskənləri – Azıx və Tağlar mağaraları” adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə ABŞ, Böyük Britaniya, İtaliya, İsrail, Almaniya, Türkiyə və digər ölkələrdən 15-ə yaxın ekspert iştirak edir. Dünyanın aparıcı arxeoloji parklarının rəhbərləri və İCOMOS kimi beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı bu konfransda iki gün ərzində 20-dən artıq məruzə təqdim ediləcək.
Konfrans çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində açıq havada “Eksperimental arxeologiya” mövzusunda sərgi-ekspozisiya da təşkil olunub. Burada qoruğun ziyarətçiləri və turistlər Paleolit dövrünə aid çadırı seyr edərək, ibtidai insanların müxtəlif məşğuliyyətlərini əyani surətdə izləmək, daş, buynuz, ağac və s. materiallardan əmək alətlərinin hazırlanması, od əldə edilməsi yollarını təcrübədən keçirə biliblər. İştirakçılar həmçinin oxatma yarışlarında, divar rəsmlərinin çəkilməsində iştirak ediblər, dulusçuluq ustalarının işi ilə tanış olmaqla keramikadan müxtəlif əşyalar hazırlayıblar.
Qeyd edək ki, konfrans çərçivəsində tədbir iştirakçıları Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər, həmçinin Çuxur Qəbələ, Səlbir və Qala əraziləri ilə tanış olublar.