25 may tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, numizmat Rüstəm Hüseynovun Milli İncəsənət muzeyində “Azərbaycan Xalq Cümhuriyyətinin əsginasları” adlı ustad dərsi keçirilib. O, mövzu üzrə çıxış edərək 1917-ci ildə Azərbaycanda pul sistemi və o dövrün iqtisadi vəziyyəti, Bakı Şəhər İdarəsi, Zaqafqaziya Komissarlığı və Bakı Şəhər Təsərrüfat Sovetinin istiqrazları, habelə Azərbaycan Xalq Cümhuriyyətinin pul nişanlarının ilk buraxılışı, həmçinin əsginas növlərinin maraqlı nümunələri haqqında ətraflı məlumat verib.

Ustad dərsi zamanı Rüstəm Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin əsginaslarının, Bakı şəhər hökumətinin istiqrazlarının nümunələrini göstərib, onların xüsusiyyətlərini və çeşidlərini ətraflı izah edib, Azərbaycan tarixindəki rolu barəsində ətraflı danışıb.

AXC kağız pullarının dövriyyəyə buraxılması faktları və Azərbaycan tarixində ilk Dövlət Bankının fəaliyyəti tamaşaçılarda böyük maraq doğurub. Nümayiş etdirilmiş 1920-ci il əsginas seriyasının sınaq nüsxəsi xüsusi maraq doğurub. Sonda dinləyicilərlə az tanınan əsginaslarla bağlı diskussiya aparılıb.