1918-ci il mayın 28-də  müsəlman Şərqində və Türk dünyasında ilk dünyəvi, sivil, demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti  yarandı.

1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildikdən sonra, ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. Zaqafqaziya Seyminin Azərbaycan nümayəndəliyi 1918-ci ilin mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və “İstiqlaliyyət Bəyannaməsi” qəbul edildi. Beləliklə, milli-azadlıq hərəkatının əsas yekunu olaraq xalqımız öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti bütün Türk və Müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk demokratik respublika idi.

Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında türk ordusu ilə birgə Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökümət Gəncədən Bakıya köçürüldü.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edildi.

Müstəqil Azərbaycan Cümhuriyyəti mövcud olduğu qısa dövrdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi: dünyada ilk dəfə qadınlara seçmə-seçilmə haqqı verdi, qadın-kişi bərabərliyini təmin etdi, milli ordusunu qurdu, milli bank yaradaraq pul vahidini dövriyyəyə buraxdı, demokratiya anlayışını gətirdi, azad seçki üsuli-idarəsi yaratdı, beynəlxalq əlaqələr quraraq dövlətlərin Azərbaycanın istiqlalını tanımasına nail oldu, Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirdi, iqtisadi islahatlar həyata keçirdi. Lakin, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycan Cümhuriyyəti cəmi 23 ay yaşadı, iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilmədi. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Ümummilli liderimiz Heydər Əliyev müstəqilliyimizdən həmişə böyük inamla danışaraq deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”. Qürurla deyə bilərik ki, artıq 4 ildir işğaldan azad olunmuş Qarabağda üçrəngli bayrağımız dalğalanır.