II Plovdağ nekropolu və yaşayış yeri
T.ü.f.d., dosent Bəhul İbrahimlinin rəhbərliyi ilə Xaraba Gilan arxeoloji
ekspedisiyası Ordubad rayonu ərazisində yerləşən II Plovdağ nekropolu və yaşayış
yerində ümumilikdə 606 kv. m. ərazidə arxeoloji qazıntı işləri aparmışdır.
Qazıntıların əsas məqsədi Son Tunc dövrü kurqanları altında salamat qalmış Erkən
Tunc dövrü yaşayış yerinə aid mədəni təbəqəni tədqiq etməkdən ibarət idi.
II Plovdağ. Qazıntı sahəsinin ümumi görünüşü
Aparılan arxeoloji qazıntılarla erkən tunc dövrünə aid 4, orta tunc dövrünə aid isə 3
yaşayış evinin qalıqları aşkar olundu. Bunlardan orta tunc dövrünə aid 5 saylı
tikilini və 9 saylı yaşayış evini, erkən tunc dövrünə aid isə 8 saylı yaşayış evini
xüsusilə qeyd etmək olar. 5 saylı tikili dairəvi planda dağ daşları ilə işlənmişdir.
Divarları şərq tərəfdə 50-55 sm hünüdürlüyündə saxlanmışdır, diametri 2,68 sm-
dir. Tikilinin içərisində mədəni təbəqəyə aid heç bir qalıq aşkar olunmadı. Çox
ehtimal ki, tikili təsərrüfat təyinatlı olmuş, anbar kimi istifadə edilmişdir.
II Plovdağ. Erkən tunc dövrünə aid mədəni təbəqə
9 saylı yaşayış evi son tunc dövrünün kurqanları ilə eyni səviyyədə – üst qatdadır.
Divar daşları 65-70 sm. dərinlikdə aşkar olundu. Yarımqazma şəklində, dairəvi
planda içəri üzü iri həcmli dağ daşları ilə işlənmiş, arxası müxtəlif həcmli daşlarla
doldurulmuşdur. Cənub divarında dağdan qopub gəlmiş üç nəhəng daşdan istifadə
olunmuşdur. Evin divarları cənub tərəfdə 90-95 sm., şimal tərəfdə 30-35 sm., şərq
tərəfdə 48-50 sm., qərb tərəfdə isə 40-45 sm. hündürlüyündə salamat qalmışdır.
Diametyri 3 merə yaxındır. İçərisində daş alətlər, müxtəlif təyinatlı saxsı qab
fraqmentləri, osteoloji qalıqlar və bir ədəd çəhrayı gilli, düz divarlı mobil ocağın
fraqmentləri aşkar olundu.
II Plovdağ. Orta tunc dövrünə aid 9 saylı yaşayış evinin qalıqları
8 saylı yaşayış evinin divarları iri həcmli daşlarla düzgün dairə formasında
işlənmişdir. Ölçülərinə və tikinti üslubuna görə erkən tunc dövrünə aid 1 saylı və 2
saylı evlərlə eynidir və eyni horizontda yerləşir. Diametri 3,6 metrdir. Divarları iki
cərgə daş səviyyəsində (40-45 sm) saxlanmışdır. Evin cənub divarı, şərq və qərb
divarlarının cənub tərəfləri burada e.ə. XV-XIII əsrlərdə qurulmuş iki kurqan
nəticəsində dağılmışdır. Evin şimal-şərq küncündə 1,2 kv. m. sahədə erkən tunc
dövrünə aid mədəni təbəqə saxlanmışdır. Bu təbəqədən erkən tunc dövrünün
əvvəlləri üçün xarakterik olan gil qab fraqmentləri, kömür qalıqları və iri həcmli
daş alətlər (dən daşı, dübək daşı) aşkar olunur.
Eyni zamanda üç qəbir abidəsi və bir qurbangah tədqiq olunmuşdur. 100 saylı
kurqan qeyd etdiyimiz kimi, erkən tunc dövrünə aid 8 saylı yaşayış evinin
içərisindədir. Qəbir kamerasının divarları yanı üstə qoyulmuş sal daşlarla
işlənmişdir. Örtük daşları yoxdur. Giriş yolu cənub-şərqdəndir. Bu divar hər iki
tərəfdən daralmışdır, eni 62 sm.-dir. Şərq divarının uzunluğu 1,31 m., qərb
divarının uzunluğu 1,39 m., şimal divarının eni 0,8 m.-dir. Qəbirin kamerası iki
kromlexlə əhatələnmişdir. Qəbirə yaxın kromlexin diametrei 2,31 m., ikinci
kromlexin diametri 2,99 m.-dir. Kameranin içərisi dağıdılmış, qalan smüklər də
yerini dəyişmişdir. Qəbirin şimal-qərb kücündə çəhrayı gilli bir qabın
fraqmentlərindən başqa avadanlıq aşkar olunmadı.
102 və 103 saylı qəbirlər mərkəzi qazıntı sahəsinin şimal kənarındadır. Qəbirlər
tamailə dağıdılmışdır. Örtük daşları yoxdur, divar daşlarından da yalnız bir cərgə
qalmışdır. Buna baxmayaraq 102 saylı qəbirin kamerasından bir ədəd boz gilli
vaza aşkar olundu. Vazanın ətrafında çürümüş sümük qalıqları izlənir. Sümük
qalıqları təmizlənərkən üç ədəd əqiq muncuq aşkar olundu.
103 saylı qəbirin kamerası dairəvi plandadır, diametri 1,48 m-dir. Qəbirin üstü
konsentrik düzülmüş daşlarla örtülmüşdür. Kamera üstdən toxunulmamış görünsə
də, içərisindən avadanlıq və skelet qalığı aşkar olunmadı. 103 saylı qəbirin
qurbangahı nisbətən salamat qalmışdır, lakin, nə vaxtsa örtük daşları
götürüldükdən sonra təbii qüvvələrin təsirindən gil qablar çürümüş,
parçalanmışdır. İki ədəd çəhrayı gilli, ağzı azca kənara açılan qablar formaca
oxşardır. Kameranın divarları dikinə qoyulmuş iri sal daşlarla qurulmuşdur, eni 64
sm., uzunluğu 76 sm.-dir. Divarları sal daşların hündürlüyü boyda (25-35 sm.)
salamat qalmışdır. Bununla II Plovdağ nekropolunun şimal hissəsində qəbir
abidələrinin tədqiqi başa çatmış oldu.
II Plovdağ. 103 saylı qəbirin qurbangahı
Tədqiqatlar təsdiq edir ki, II Plovdağın şərq tərəfi Orta Tunc və Erkən Tunc
dövrünün yaşayış evlərindən ibarətdir. Erkən Tunc dövrünün daşla işlənmiş iri
həcmli yaşayış evləri müəyyən intervalla eyni horizontda yerləşir. Orta Tunc
dövründən başlayaraq evlərin içərisində daşla dairəvi formada işlənmiş, ərzaq
saxlamaq üçün xüsusi yerlər – anbarlar meydana gəlir. İndiyə qədər II Plovdağ
nekropolunda aparılmış arxeoloji tədqiqatların statistik təhlili göstərir ki, orta tunc
dövründə torpaq qəbirli kurqanlar, son tunc dövründə isə daş qutu qəbirli kurqanlar
çoxluq təşkil etmişdir. II Plovdağ yaşayış yeri, qəbir abidələri və dini təyinatlı
abidələrdə aparılan arxeoloji tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki,
Plovdağ protoşəhər tipli abidədir və Gilan çayı vadisində urbanizasiya prosesi
buradan başlamışdır.
Orta tunc dövrünəaid boyalı qab fraqmenti
Mobil ocaq qurğusunun baş hissəsi
Erkən tunc dövrünə
aid tipli qulp
Ortası deşikli daş alət
Erkən tunc dövrünə
aid evdən tapılmış
daş alət
Ortası oyulmuş çay
daşı
102 saylı qəbirdə
aşkar olunmuş vaza
103 saylı qəbirin
qurbangahında
aşkar olunmuş
bikonik gövdəli gil
qab
Bəhlul İbrahimli