T.ü.f.d., dosent Təvəkkül Əliyevin rəhbərliyi ilə Mil-Qarabağ ekspedisiyası
Qalatəpə şəhər yerində (Ağcabədi r-nu) arxeoloji qazıntı işləri. Son illərdə aparılan
tədqiqatlar bu məskənin Antik dövrdə Strabon tərəfindən adı çəkilən Enian və ya
Ayniana adlı alban şəhərinin, Orta əsrlərdə isə ərəb müəlliflərinin əsərlərində bəhs
olunan Yunan adlı şəhərin qalıqları olmasına dair fikir yürütməyə əsas verir.

Qalatəpənin topoqrafik planı                     Qalatəpənin cənubdan görünüşü

 

Cari tədqiqat mövsümündə əsas diqqət Qalatəpənin II qazıntı sahəsinin – D1 və D2
kvadratlarının araşdırılmasına yönəldilmişdir. Burada 2,6 m dərinliyə qədər
mədəni təbəqə açılmış, bişmiş və çiy kərpiclərdən inşa olunan tikili qalıqları,
təndir, təsərrüfat quyusu və s. aşkar edilmişdir. Həm tikili qalıqları, həm də ayrı-
ayrı tapıntılar tədqiq olunan abidənin stratiqrafiyasını, o cümlədən 4 tikinti qatını
müəyyən etməyə imkan vermişdir.

Yoxlama xəndəkdə tikili qalıqları

I tikinti qatında tikililər əsasən bişmiş kərpiclərdən inşa olunmuş, təsərrüfat
quyuları alt mədəni qatları kəsib keçmiş, müxtəlif çeşidli şirli qablar, bardaq və
qazan tipli şirsiz saxsı məmulatı geniş yayılmışdır. Dövr etibarilə bu tikinti qatı ilk
monqol yürüşləri ərəfəsinə təsadüf edir. XI-XII əsrləri əhatə edən və zəngin
artefaktlara malik II tikinti qatında da yuxarıda göstərilən xüsusiyyətlər izlənilir. III
tikinti qatının inşaat sənətində çiy kərpiclər üstünlük təşkil edir. Erkən şirli qab
nümunələri bu qatı xronoloji baxımdan IX-X əsrlərə aid etməyə imkan verir. IV

tikinti qatı arxeoloji materiallar baxımından çox kasaddır. Bəzi fraqmentlər həmin
təbəqənin Erkən Orta əsrlərə aid olduğunu göstərir. D1 kvadratı 2,6 m dərinlikdə
başdan-başa çiy kərpic düzümü ilə örtülüb. Burada bir-birinə palçıqla bənd edilib
üzərinə suvaq çəkilmiş kvadrat şəkilli kərpiclər (40 x 40 sm; 42 x 42 sm və s.)
üstünlük təşkil edir. Oxşar kərpic düzümü qala divarından kənarda qoyulan
yoxlama şurfda da açılmışdır.
Qazıntı zamanı D1 kvadratının şimal-qərb küncündən üzərində gözəl naxışlar olan
şirli boşqabın hissələrinə təsadüf edilmişdir. Onun mərkəzində gözə oxşar
dairəciklərlə əhatələnən quş təsvir var. Qeyd olunan kvadratın IX-X əsrlərə aid
təbəqəsindən sınmış vəziyyətdə olan şirsiz saxsı çıraq aşkar olunmuşdur. Oxşar
nümunələrdən fərqi olaraq, onun içərisindəki fitil bu günədək salamat qalmış, hətta
neft qoxusunu belə özündə saxlamışdır.

D1 kvadratında çiy kərpic düzümü

Qalatəpənin gil məmulatı arasında müxtəlif ölçü və naxışa malik qapaqlara, geniş
çeşidli bardaq və qazan tipli qablara təsadüf olunur. Tapıntılar arasında metal və
şüşə məmulatı nümunələri də var. Obsidiandan yaxşı işlənmiş bıçaqvari lövhələr,
qaşovlar xüsusi maraq doğurur. Bu nümunələr Qalatəpə və onun ətrafında daha
erkən dövrlərə aid yaşayış yerinin olmasından xəbər verir. D1 kvadratında
dəmirdən 3 ədəd çubuqvarı halqaya, tuncdan boru şəkilli əşyaya və iynəyə təsadüf
edilmişdir. Qazıntı sahəsinin ətrafından Orta əsrlərə aid bir ədəd mis pul da
tapılmışdır.

 

 

 

                                                        Şirli boşqabın           Şirsiz saxsı məmulatı      Metal məmulatı və obsidian
alət                                                                                              
bir hissəsi

 

Cari ildə Qalatəpədə aparılan araşdırmalar Son Antik dövrdən Erkən Orta əsrlərə
keçidi öyrənmək baxımından əhəmiyyət kəsb edir. Qala divarının ətrafında
aparılan yoxlama qazıntı işləri isə gözlənildiyindən artıq məlumat əldə etməyə
imkan verdiyindən gələcəkdə həmin qazıntının genişləndirilməsi və D1 kvadratı ilə
birləşdirməsi nəzərdə tutulur. Bu, istər Antik, istərsə də Orta əsrlərə aid qala
divarlarının quruluşunu daha ətraflı öyrənməyə imkan verəcəkdir.

 

Təvəkkül Əliyev