14 iyun tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev açaraq, müstəqilliyimizin əldə edilməsində və qorunub saxlanılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri haqqında danışıb. O, Ulu Öndərin vətənimizi çətin vəziyyətdən xilas etdiyini, xalqımızın maraqlarına xidmət edən daxili və xarici siyasət yürütdüyünü xüsusi vurğulayıb.

Daha sonra tarix üzrə fəlsəfə doktoru İdris Əliyev çıxış edərək 15 iyuna gedən tarixi yol haqqında ətraflı məlumat verib, Ulu Öndərin dövlətimizin suverenliyi uğrunda beynəlxalq aləmdə apardığı uzaqgörən siyasəti və uğurlu addımları haqqında danışıb.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapıb. Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Müasir, Müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”. Bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirirlər.