25 iyun tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunda Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev ilə görüşü keçirilib.
Fərhad Quliyev qonaqları salamlayaraq, tələbələrə özünün də tarix fakültəsinin məzunu olduğunu bildirib. Bu fakültənin ölkəmizdə ictimai-siyasi sahələr üçün kadrları, o cümlədən Arxeologiya və Antropologiya İnstitutunda çalışan arxeoloqları yetişdirdiyini vurğulayıb. O, tələbələrə arxeologiya elmi haqqında geniş məlumat verərək, arxeoloji tədqiqatların aparılması, aşkar olunmuş tapıntılarla iş prosesi barədə danışıb. Tarixi öyrənməkdə axeoloji metodların vacibliyindən, bu metodlarla aparılan tədqiqatların daha dəqiq nəticə verdiyini qeyd edib.
O, bu peşənin müsbət tərəflərindən söz açaraq, arxeoloq olmağın ən böyük üstünlüyünün komanda ilə işləmək, xarici mütəxəssislərlə tədqiqatlar aparmaq və dünyaya inteqrasiya olunmuş elm sahəsində çalışmağın olduğunu bildirib.
Tələbələr direktorun çıxışını böyük maraqla dinləyib, sonda isə öz suallarını veriblər. Fərhad Quliyev sualları cavablayıb və bu peşədə irəliləmək üçün tövsiyyələr verib.