Üzərliktəpə qədim yaşayış yeri
Abidə Ağdam şəhərinin şərqində, Ağdam-Ağcabədi yolunun sağ tərəfində yerləşir. Arxeoloji qazıntılar t.ü.f.d., dosent Fərhad Quliyevin rəhbərliyi ilə aparılmışdır. Ərazidə hər birinin sahəsi 100 kv.m (10×10 m) olmaqla şimaldan cənuba doğru 8 kvadrat yaradılmış və hər biri müxtəlif geodezik dərinlik səviyyəsinədək arxeoloji tədqiqata cəlb edilmişdir. Tədqiqatlar zamanı hər bir sahədə müxtəlif ölçülü, müxtəlif geodezik səviyyədə yerləşmiş 160 sayda təsərrüfat quyuları, 50 ocaq və ocaq yerləri, 3 dulus və metaləritmə kürəsi sobasının qalıqları, lehmədən 15 naməlum təyinatlı tikili qalığı, 4 divar qalığı, 21 iri və orta ölçülü dirək yerləri aşkar və tədqiq edilmişdir.
Üzərliktəpə abidəsinin və bütünlükdə Üzərliktəpə mədəniyyətinin mərhələləri üçün xarakterik olan külli miqdarda qaracilalı, boyalı və kobud məişət qabları kimi təsnif edilən keramik məmulat fraqmentləri həm stratiqrafik əsası təşkil edən süni gilli qatqıdan yaradılmış döşəmə təbəqələrində, əsasən təyinatı hələ də müəyyən edilməmiş bəzi quyularda, sobalar ətrafında aşkar edilib. Dulusçuluq və metallurgiyanı göstərən istehsal çıxarıları, metal (əsasən, tunc) qalıqları, daş bülövlər, əkinçiliyə işarə edən daş həvəng və həvəng dəstələri, əkin toxumlarının olduğu kül quyuları, toxuculuğu və dabbaqlığı göstərən iy başlıqları, biz və iynə ucluqları qeyd edilmişdir. İri və xırda buynuzlu heyvanların külli miqdarda osteoloji qalıqları, həmçinin, bəzi təsərrüfat quyularının quzu və çəpişlər üçün saxlanğıc yeri olmasını göstərən əlamətlər (quyunun perimetri üzrə qapaqların bağlanması üçün konstruktiv oyuq yerləri) qədim populyasiyanın intensiv maldarlıqla məşğul olması barədə dolğun məlumat verir. Quyularda məqsədli şəkildə əkinçilik alətlərinin, ev heyvanlarının (köpək, öküz və dəvə) cəmdəklərinin qoyulması qədim əhalinin dini-mifoloji baxışlarını nümayiş etdirməkdədir.
Ərazidə qırmızı rəngdə iri ölçülü serdolik (karneol, əqiq) nukleusların tapılması, qədim populyasiya tərəfindən bəzək əşyalarının istehsalına sahibliyini göstərir. Soba qalıqlarında qırmızı rəngli oxranın aşkar edilməsi, Üzərliktəpənin etalonu olan boyalı qabların boyalanmasında və naxışlanmasında texnoloji metodlara işıq sala bilər.
Əvvəlcə dirək yeri kimi qiymətləndirilmiş bəzi oyuqlar ətrafında yüksək hərarət nəticəsində torpağın rənginin dəyişməsi belə bir fikir irəli sürməyə əsas verir ki, qədim populyasiya suxur parçalarında metalın keyfiyyətini yoxlamaq üçün test əritmələr aparmışlar; bu barədə arxeometallurgiya üzrə ehtimallar mövcuddur.
Abidənin döşəməsinin stratiqrafiyasının təhlili belə bir fikirin irəli sürülməsinə zəmin yaradır ki, qədim populyasiya dövrü olaraq yaşayış ərazisini qalınlığı təqribən 30-50 sm olan gil qatışıqlı təbəqə ilə döşəyib. Bütün təpə məhz bu gil qarışıqlı döşəmə təbəqələrindən ibarətdir. Döşənmə zamanı əvvəlki tikililər dağıdılır, quyuların içi tullantı və dağıntı qalıqları ilə doldurulurdu. Yeni çəkilmiş təbəqə tarımlanandan və qurudulduqdan sonra yeni tikililər inşa edilir, yeni quyular qazılır, yeni texniki vasitələr (sobalar) qurulurdu.
Qədim populyasiya intensiv ticarət-mübadilə sisteminə cəlb edilmişdi. Bunu idxal olan dəvəgözündən (obsidian) olan alətlər, əqiq nukleuslar, oxra, tunc qalıqları göstərməkdədir. İlkin fikirə görə, yaşayış yerində həyat mövsumi canlanmış, yaşayış yeri müvəqqəti olaraq tam və ya qismən mövsümi tərk edildikdə sınmamış alətləri, silahları, bəzək əşyalarını, keramik məmulatı və d. qədim əhali özü ilə aparmışdır.
Həmçinin, ərazidə sonrakı dövrlərə, əsasən son tunc-erkən dəmir və antik dövrə aid qəbirlər, antik və ilk orta əsrlərə aid təsərrüfat küpləri və təndirlər aşkar edilmişdir.
Tədqiqatlar nəticəsində Üzərliktəpə D1 kvadratının 21 saylı strukturundan (“kanal”) 2.87 m dərinlikdən götürülmüş kömürün Yaponiyadakı Tokio Universitetinin radiokarbon laborator analizi e.ə. XVII əsr tarixlənməsini, eyni strukturdan olan kömürün Fransanın CNRS və Nissa Sofia Antipolis Universitetinin (UNS) birgə CEPAM bölməsində radiokarbon analizi e.ə. XVIII əsrin sonu – XVII əsrin əvvəlini göstərib.
Cənubi Qafqazda faktiki öz sahəsinin böyüklüyünə və mədəni təbəqələrinin qalınlığına görə yeganə orta tunc dövrü abidəsi olan Üzərliktəpədə arxeoloji tədqiqatlar region və bütövlükdə Ön Asiya üçün möhtəşəm və eyni zamanda hələ də tam öyrənilməmiş faktiki məlumat mənbəyidir.
Fərhad Quliyev