Naxçıvan MR Kəngərli rayonunda yerləşən Şahtaxtı kəndinin ərazisi Eneolit, Tunc, Dəmir, Antik, İlk Orta və Orta əsrlər abidələri ilə zəngindir. Şahtaxtının demək olar ki, bütün ərazisini əhatə edən bu qədim abidələr kompleksi Azərbaycanın qədim tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Şahtaxtı ərazisində fundamental tədqiqatlara  1978-ci ildən başlansa da, müəyyən səbəblərdən fasilələrlə davam etdirilmişdir. Son dövrlərə qədər arxeoloji ədəbiyyatda Son Tunc – İlk Dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələri 2007-2016-cı il tədqiqatları zamanı ərazinin daha qədim dövrlərə aid olması faktları meydana cıxmışdır. Lakin, çox təəssüflər olsun ki, 2016-cı ildən etibarən Şahtaxtı abidələrində müəyyən səbəblər üzündən yenidən arxeoloji tədqiqat işləri dayandırıldı. Milli Elmlər Akademiyasının rəhbərliyi Şahtaxtı abidələrinin tarixi əhəmiyyətini nəzərə alaraq, 2024-cü ildən etibarən bu möhtəşəm arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatların bərpa edilməsinə qərar verdi. Buna səbəb abidənin uzun müddət baxımsızlıq üzündən ciddi dağıntıya məruz qalması olmuşdur. Bu il aparılan arxeoloji qazıntı işlərinə 30 gün vaxt ayrıldığını, abidənin bərpa olunmasına isə,  azı 20-25 gün vaxt lazım olduğunu nəzərə alaraq, qazıntı işləri əsasən 30 ha artıq ərazini əhatə edən nekropolda aparılmışdır. Ekspedisiya müddəti ərzində 7 qəbir abidəsi aşkar edilərək tədqiq edilmişdir. Aşkar edilən qəbirlər daş qutu qəbirlərdən ibarət olmaqla müxtəlif ölçülərdə qurulmuşdur. Ən böyük qəbirin uzunluğu 2m. 80sm., eni 0.90 sm., dərinliyi isə, 1 m.30 sm, ən balaca qəbirin uzunluğu 1m., eni 0.80 sm, dərinliyi isə 1m-dir.

Tədqiq edilən qəbirlərin bəzilərinin zamanında talan edilməsi üzündən arxeoloji materiallar aşkar edilmişdir. Qəbirlərdən məişətdə işlədilən küpə, nehrə, qazan, kuzə, cam və s. tipli gil qablar, tunc qolbaqlar, əqiqdən hazırlanmış muncuqlar aşkar edilmişdir. Tədqiq edilən qəbirlərin hamısı Son Tunc – Erkən Dəmir dövrünə aiddir.

Şahtaxtı abidələr kompleksində aparılan arxeoloji və tarixi tədqiqatlarla Azərbaycan arxeologiyasının, tarixinin öyrənilməsi baxımından olduqca maraqlı, elmi əhəmiyyətli nəticələr əldə etmək mümkündür. Bunlar təkcə Azərbaycan arxeologiyası üçün deyil, eyni zamanda Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyası üçün də elmi əhəmiyyətə malikdir. Şahtaxtı qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarla müəyyən olunmuşdur ki, Şahtaxtıda insanlar Eneolit dövründən məskunlaşmış, heç bir yerdəyişmə etmədən, intensiv həyat tərzi keçirərək, bu gün də ərazidə həyat tərzini davam etdirirlər. Şahtaxtı tayfaları yalnız orta əsrlər dövründə, çox güman ki, coğrafi şəraitlə bağlı olaraq, qərb və cənub-qərb tərəfə yönələrək, bu gün də həmin ərazidə yaşayırlar. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, Şahtaxtıda yaşay  an qədim tayfalar özlərindən əvvəl yaşayan tayfalara hörmətlə yanaşmış, onların yaratdıqları maddi-mədəniyyət qalıqlarına toxunmayaraq öz mədəniyyətlərini yaratmışlar. Məhz bunun nəticəsidir ki, arxeoloji qazıntı işləri aparılan sahələrdə mədəni təbəqələr ardıcıllıqla izlənməklə, bəzi sahələrdə maddi-mədəniyyət qalıqları bir-birinin yanında salınmışdır.

Ümumiyyətlə, nəinki Azərbaycan, eyni zamanda Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyası üçün çox böyük əhəmiyyət kəsb edən belə bir abidənin daha da dərindən öyrənilməsi və  qorunub saxlanması olduqca vacibdir.