Alaşa kəndi Astara rayonundan 10 km cənub-qərb istiqamətində yerləşir.  Kəndin adının mənası müxtəlif formada yozulur. Alaşa toponiminin mənası “böyük həyat”, qədim türk dilində “cılız at” mənasını verir. Alaşa kəndi qədim tarixə malik ərazidir. Kəndin qədim köklərə malik olduğunu göstərən abidələrdən biri Əlişa və ya Divəkə qalasıdır. Bu abidə orta əsrlərə aid sirli memarlıq abidəsidir. Abidəni yerli əhali Divəkə , yəni divlərin evi, eyni zamanda Əlişa  adlandırır. Əzəmətli memarlıq nümunəsi olan bu qala özündə həm qədim ,həm də orta əsrlərin izlərini ehtiva edir. Qala Hirkan qoruğuna daxil olan bir yerdə , dağın başında qərar tutmuşdur. Qala qaya üzərində inşa olunmuş müşahidə və müdafiə qalasını özündə birləşdirir. Qazıntı zamanı çoxlu sayda saxsı qab qalıqları, şirli və şirsiz  qab qırıqları , fayans tipli qab qalıqları aşkar olunub. Eyni zamanda miniatür tipli saxsı qab da aşkar olunub. Bu abidədə xüsusi diqqət çəkən tapıntılardan daş parçası üzərində kobud şəkildə təsvir olunan şir başı olub.  Şir təsviri daşın üzərində müxtəlif tərəflərində əks olunub. Şir təsviri əzəmətin, qüdrətin simvoludur.  Qalanın qazıntı aparılan hissəsində  qırmızı kərpicdən hörülən hissənin tağ formasında olduğu, burada su axını üçün yerin olduğu da müəyyən edilib. Burada tədqiqatçılarqayaların dibindən suyun tökülməsi və ya axıdılması üçün su tüngləri, həmçinin kərpiclə hörülən hissələrdə əhənglə təsvirlərə də rast gəliblər. Bu təsvirlər müxtəlif heyvanlar əks etdirilib. Qalanın tədqiqatı davam etdirilir. Ekspedisiyanın rəhbəriArxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevdir.