AMEA Arxeologiya və Antropologiya İnstitutunun Çöl Tədqiqatlarının Monitorinqi və Qiymətləndirməsi komissiyası tərəfindən 18-iyul 2024-cü il tarixində Kilsədağ Məbədlər Kompleksində 2024-cü ilin 20 iyun tarixindən aparılan arxeoloji tədqiqatların inspeksiyası həyata keçirilib. Monitorinq qrupunun üzvləri professor Hidayət Cəfərov və şöbə müdiri Ceyhun İsmayılov Kilsədağ Məbədlər kompleksi ərasizisində 2022-ci ildən başlayaraq aparılan arxeoloji tədqiqatlarla yerində tanış olublar.

Fəaliyyətdə olan “Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyasına rəhbərliyi “Antik dövr və Alban arxeologiyası” şöbəsinin müdiri  tarix üzrə fəlsəfə doktou, dosent Natiq Alışov həyata keçirir. Ekspedisiya tərkibi “Antik dövr və Alban Arxeologiyası” şöbəsinin əməkdaşları elmi işçi Abdulla Abdullayev, baş laborant Elxan Qəhrəmanlı və “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Elmira Cəfərovadan ibarətdir.

Ekspedisiya rəhbəri Monitorinq qrupunu Kilsədağ Məbədlər kompleksi ərazisində arxeoloji tədqiqatlara 2022-ci ildən start verildiyini qeyd edərək, əlavə etmişdir ki, Qəbələ rayonunun Böyük Əmili kəndində yerləşən Kilsədağ Məbədlər Kompleksi ətrafında aparılan arxeoloji tədqiqat işlərinə XX əsrin 70-ci ilin əvvəllərində mərhum arxeoloq Rəhim Vahidov tərəfindən başlanılmışdır. Tədqiqatlar nəticəsində Qafqaz Albaniyası dövlətinin mövcud olduğu dövrə aid dairəvi formalı məbədin qalıqları üzə çıxarılmışdır. 

Həmin arxeoloji tədqiqatlardan yarım əsr sonra 2020-2022-ci illər ərzində Kilsədağ Məbədlər kompleksinin ərazisində aparılan yerüstü arxeoloji kəşfiyyat nəticəsində həmin sahədə dairəvi məbəd kompleksi ilə birbaşa bağlılığı olan tikili qalıqları qeydə alınımış və müşahidə olunan tikili qalıqlarının Kilsədağ məbəd kompleksi ilə bağlılığını nəzərə alaraq, 2022-ci ildə mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində arxeoloji tədqiqatlar başlanıb. 

2022-ci ildə Kilsədağ Məbəd kompleksi ərazisində şimaldan cənuba 26 metr uzunluğunda, şərqdən qərbə 12,50 metr enində A və B kvadratlarında aparılan arxeoloji tədqiqat işləri zamanı maraqlı memarlıq elementləri üzə çıxarılıb. Şimal və cənub hissədən oval formalı dini ictimai bina qalığının uzunluğu 21 metr, eni 12 metr olmaqla, divarının qalınlığı 1,40 metr olduğu müəyyən edilib.

Ekspedisiya rəhbəri Natiq Alışov 2023-cü ilin arxeoloji tədqiqatların nəticələrinə toxunaraq qeyd etdi ki, dairəvi məbəddən qərbdə başlanılaraq şərqə doğru genişləndirilməsi nəzərdə tutulan tədqiqatlar zamanı hər biri 12,50×12,50 olamqala C və D kvadratlarda yeni tədiqatlara başlanıb və mühüm elmi nəticələr əldə olunub. Həmin tədqiqat mövsümündə C kvadratında beş D kvadratında isə üç otaqdan ibarət dini ictimai yaşayış yerinin memarlıq elemetlərini özündə əks etdirən bünövrə yerləri aşkar edilib.

Ekspedisiya rəhbəri cari ildə görülən işlər haqqında monitorinq qrupunu məlumatlandıraraq bildirdi  ki, bu ilki təqdiqatlarda artıq dairəvi məbəd sərhədlərinə çatdırılıb. Hal-hazırda tədqiqatların 12,50×12,50 olan E və F kvadratlarında davam etdirildiyini diqqətə çatdırılıb. Müşahidələrlə məlum oldu  ki, E kvadratında dairəvi məbədin yerləşmə mövqeyinə uyğun olaraq xaric divarların izlənməsi zəruruiyyəti meydana çıxdığını nəzərə alıb, E kvadratını şimala doğru daha 3 metr genişləndirilib və bu əlavə şərti olaraq E1 kvadratı adlandırılıb.

Tədqiqata cəlb edilmiş, mövcud divarların izlənməsinin  təmin edilməsi üçün E kv-dan şərqə doğru G kvadratıda 5×12 m, olmaqla yeni arxeoloji tədqiqat sahəsi qoyulub. Burada aşkar edilmiş divarların kvadrat xaricinə çıxdığını nəzərə alaraq tədqiqat sahəsi E kvadratında olduğu kimi, 3×5 m, olmaqla şimala  genişləndirilib və şərti olaraq G1 kvadratı adlandırılıb.

Bu ilki tədqiqatların ilkin nəticələrinə əsasən daha iki ədəd dini-ictimai təyinatlı bina qalıqlarının bünövrəsi müəyyən edilərək arxeoloji qazıntılara cəlb edilib. Tədqiqat prosesində dairəvi məbəd kompleksi ilə həmdövr olan iri ölçülü binaların sayı daxildən müxtəlif ölçülü otaqlardan ibarət olmaqla beşə çatıb.

Ərazidən, tədqiqatlar zamanı çoxlu sayda Son Antik – İlk Orta və Orta Əsrlərə aid saxsı qab, şüşə, kirəmit, bişmiş kərpic qalıqları, həm də İlk Orta və Orta əsrlərə aid numizmatik nümunələr aşkar edilib.

 Ekspedisiya rəhbəri aşkar olunan maddi-mədəniyyət nümunələrinə əsasən dairəvi məbəd kompleksi ətrafında Antik və İlk Orta əsrlərdə qala divarları ilə əhatə olunan dini təyinatlı “Akropolun” formalaşdığını ifadə etməyə imkan verdiyini qeyd edib. Kilsədağ Məbədlər Kompleksini əhatə edən mühafizə divarları daxilində inşa edilmiş, bu dini ictimai təyinatlı tikililərin üzə çıxarılması və ərazinin relyefi nəzərə alınmaqla qala divarları xaricindəki tikililərin terrasvari formada inşa olunması diqqət çəkən məqamlardandır.

3-4 hektara yaxın ərazidə müşahidə edilən tikili qalıqları bürc yeri və mühafizə divarlarının olması Kilsədağ məbədlər kompleksi ətrafında dini xadim və xidmətçilərin məskunlaşması fikri üzərində düşünməyə əsas verən amillərdəndir.

Aşkar edilmiş bu tikili qatları və divarları daxilində çoxlu sayda antik dövrlə səsləşən kərpic və kirəmit qalıqları bizə mövcud tikililərdən daha öncə burada başqa bir dini ictimai kompleksin olduğuna işarə verir.

Hələlik 43 m, uzunluğunda və 26 m, enində (1000 kvadrat metr sahədə)  aparılan arxeoloji tədqiqatlar Kilsədağ Məbədlər Kompleksi ərazisində yaxın gələcəkdə stasionar ekspedisiyanın yaradılması zərurəti meydana çıxarır ki, bu da regionda arxeoturizmin inkişafına və Qafqaz Albaniyasında dini mədəni proseslərin öyrənilməsi istiqamətində geniş imkanlar yaradır.

Monitorinq qrupunun üzvləri hazırki məqamda Qafqaz Albaniyasının maddi-mədəni irisinin öyrənilməsi istiqamətində belə geniş sahədə təqdiqatların aparılmadığını vurğulayıblar.

“Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi” ekspedisiyasına uğurlar diləyən montorinq qrupunun üzvləri növbəti aylarda arxeoloji tədqiqatların davam etdirilməsinin zəruri olduğunu bildirdilər.

Monitorinq qrupu Kilsədağ Məbəd Kompleksində icra olunan çöl-tədqiqatlarının lazımı səviyyədə aparılmasını vurğulamaqla yanaşı, ekspedisiya üzvlərinə bəzi nəzəri və elmi-metodik istiqamətli tövsiyyələrini verib. Ekspedisiya üzvləri ilə tədqiqatların səmərəliliyini artırmaq üçün fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Kilsədağ Məbədlər Kompleksi ərazisində arxeoloji tədqiqatlar 30 iyul 2024-cü il tarixinə qədər davam edəcəkdir.