Ölkə ərazisində aparılan arxeoloji tədqiqatların səmərəliliyini və şəffaflığını artırmaq üçün AMEA Arxeologiya və Antropologiya İnstitutunun monitorinq komissiyasının üzvləri professor Hidayət Cəfərov, Antik dövr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov və şöbə müdiri Ceyhun İzmayılov 18 iyul 2024-cü il tarixində İnstitutun Fiziki Antropologiya laboratoriyasının müdiri Vüsal Həsənovun rəhbərliyi ilə Qəbələ rayonunun Çuxur Qəbələ kəndi ərazisindəki “Səlbir” antik və ilk orta əsr yaşayış yerində Koreyalı arxeoloqlarla birgə aparılan arxeoloji qazıntı sahəsində monitorinq işləri həyata keçirib. Həmin vaxt Mədəniyyət Nazirliyi Qəbələ Ərazi Zonasına yeni rəhbər təyin edilmiş tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də Qəbələdə fəaliyyət göstərən ekspedisiyanın çöl işləri ilə yerində tanış olub.
Qeyd edək ki, Koreyalı arxeoloqlara Seul Milli Universitetinin professoru Kim Jongilin rəhbərlik edir. Azərbaycan tərəfdən ekspedisiyanın tərkibi rəis Vüsal Həsənovdan, üzvləri antropoloqlar Lamiyə Həbibova və Zümrüd Mehdiyevadan ibarətdir.
Xatırladaq ki, ərazidə ilk arxeoloji qazıntı işləri 1944-1945-ci illərdə arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə başlanılıb. 1959-cu ildə Azərbaycan SSRİ Elmlər Akademiyası tərəfindən Saleh Qazıyevin rəhbərliyi altında Qəbələ arxeoloji ekspedisiyası yaradılıb və qazıntı işləri 1990-cı ilədək davam etdirilib. Müxtəlif illərdə arxeoloq Qara Əhmədov və Firudin Qədirov Səlbir ərazisində tədqiqatlar aparıb. 2005-ci ildən bəri qoruq ərazisində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar arxeoloji qazıntılar apararaq birgə fəaliyyət göstərirlər. 2017- ci ilə qədər Səlbir və ətraf ərazilərdə aparılan qazıntı işlərinə professor İlyas Babayev rəhbərlik edib. 2012-ci idən başlayaraq tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Antik və İlk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyası” tərəfindən Səlbir ərazisində, həmçinin qoruq ərazisinin xaricində Antik dövrə aid qəbir abidələri və yaşayış yerləri tədqiq olunub. Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiya tərəfindən Səlbir ərazisində Şimal və Qərb müdafiə divarları və müxtəlif tikili qalıqları da tədqiq edilib.
Bu ilki mövsümdə, 23 iyun 2024-cü il tarixindən başlayaraq Səlbir ərazinin şimal-qərb hissəsində və cənub-qərb hissəni əhatə edən V qazıntı sahəsində ümumilikdə 200 kvadrata yaxın ərazidə yeni arxeoloji qazıntı işlərinə start verilib.
Qazıntı işləri zamanı müxtəlif təyinatlı daş və kərpicdən qurulmuş tikili qalıqları, su təchizat kəməri, çox sayda orta əsr saxsı materialları, həmçinin müsəlman və xristian qəbirləri aşkar edilib. Faktlarla sübut edilib ki, Səlbir ərazisində həyat bitdikdən sonra Qala adlı sahədə davam etdirilib, Səlbir ərazisi qəbirstanlıq kimi istifadə olunub. Müxtəlif dərinliklərdə izlənən qəbirlər çox yerdə tikili qalıqlarını dağıdıb. Maraqlıdır ki, bəzi qəbirlərdə həm xristian, həm də islam dininin dəfn qaydalarının əlamətləri müşahidə olunub. Bu, dəfn istiqamətində və əllərin yerləşməsində özünü qabarıq şəkildə göstərib. Görünür, bu fakt xristianlığın tənəzzülü, islamın ilkin dövrünə keçidlə bağlı olub. Buna görə də bəzi qəbirlərin dini mənsubiyyətini müəyyən etmək çətinlik yaradıb. Hər iki qazıntı sahəsində qoyulmuş kvadratlardan ümumilikdə 6 qəbir üzə çıxarılıb.
Monitorinq qrupu qazıntıların tələb olunan səviyyədə, ekspedisiyada iştirak etməli olan üzvlərin yerində olması və əməli fəaliyyət göstərmələrini qeyd etməklə yanaşı, çöl tədqiqatlarının səmərəliliyini artırmaq istiqamətində praktiki tövsiyyələrini də verib.
Aparılan tədqiqatların zaman və maliyyə qıtlığı qazıntı sahəsinin daha da genişləndirilməsinə, əlavə işcilərin cəlb edilməsinə mane olur.
Monitorinq qrupu Səlbir və Qala yaşayış yerinin xəndək vasitəsilə iki yerə bölünməsi və hər iki ərazinin dövrünün təyin edilməsi, Səlbir ərazisində yaşayışın başlanğıc və son mərhələsinin müəyyənləşdirilməsi, həmin hissələrdə qəbirlər və tikililərin bir-birini əvəz etməsi kimi məsələlərə aydınlıq gətirilməsi, həmçinin Orta əsr Səlbir əhalisinin antropoloji cəhətdən öyrənilməsi üçün orada arxeoloji qazıntıların davam etdirilməsinin əhəmiyyəti və məqsədəmüvafiqliyi olduqca vacib olduğunu vurğulayıb.