Şəhri-Şərifan yaşayış yeri
Şəhri-Şərifan yaşayış yeri Zəngilan rayonunun Şərifan kəndi yaxınlığında, Həkəri çayın sahilində yerləşir. Şəhər yeri 8-9 hektar ərazini əhatə edir. Onun şimal tərəfi Həkəri çayın vadisi, cənub tərəfi yeni çəkilən dəmir yolu xətti ilə hüdudlanır. Yaşayış yerinin ortasından keçən, cənub-şimal istiqamətli, Həkəri çaya perpendikulyar, dağlardan gələn sel sularının əmələ gətirdiyi, dərinliyi 4-5 metr yarğan abidəni 2 hissəyə ayırır. Qazıntı abidənin şimalında, yarğanın daha çox ziyan vurduğu 50 kv.m. sahədə başlanılmış, tədqiqat prosesində aşkarlanan tikinti qalıqlarının öyrənilməsi məqsədi ilə, bu sahə şərqə genişləndirilərək 65 kv.m-dən artıq ərazini əhatə etmişdir. Hesabat müddətində mədəni təbəqənin 1,8-2,2 m qalınlıqda yatımı öyrənilmişdir. Arxeoloji qazıntı işləri nəticəsində çaydaşından hörülmüş tikinti qalıqları, quyular, seldən qurunmaq üçün yarğan boyunca hörülmüş mühafizə divarı, istehsalla bağlı tullantılar, müxtəlif təyinatlı artefaktlar aşkarlanmışdır.
Qazıntı sahəsinin şimaldan görünüşü
1 saylı kvadratda aşkarlanan tikinti qalıqları eni 50 sm olan çaydaşlarından bünövrə, hörgü qalıqlarından, möhrə döşəmədən ibarətdir. Tikinti qalıqlarından uzunluğu 4, 55 m olan şimal divarının nisbətən yaxşı mühafizə olunmuşdu, hündürlüyü bəzi yerlərdə 50 sm-dən artıq idi. Şərq tərəfdə ondan şimala divar uzanırdı. Qərb tərəfdə isə divar cənuba dönür və onun qalıqlarını yalnız 1m izləmək olur.
Sel daşqınlarından mühafizə divarı
Qazıntı sahəsinin şərqə genişləndirilməsi yarğan boyunca ucaldılmış mühafizə divarını 5,75 m uzunluqda tədqiq etməyə imkan vermişdir. Yarğan boyunca uzanan bu divar, şərq tərəfdən sel sularının təsirinə məruz qalmış və müəyyən dərəcədə uçmuş, ilkin görünüşünü itirmişdir.
40-50 sm dərinlikdən başlayaraq, kül, kömür qatları daha çox rast gəlinir. Bəzən qatların qalınliğı 30-35 sm – ə çatır. Həmin kül, kömür qatlarından metal pasaların tapılması onların istehsalla bağlılığını, tədqiq olunan yaşayış məskənində dəmirçilik sənətinin mövcudluğundan xəbər yerir.
Metal pasa, Şirsiz saxsı bardaq parçası
Tapıntılar arasında üstünlük təşkil edən şirli saxsı məmulat fraqmentlər halında olmasına baxmayaraq tipoloji zənginliyi ilə fərqlənir, onun məhəlli özəlliklərindən biri Çin farforunun, Teymuri fayansının təsiri altında bədii tərtibatında ağ fonda kobalt boya ilə naxış işləmələrinin geniş tətbiqidir. Tapıntılar arasında, görünür, Ərdəbildə istehsal olunmuş, farfor piyalənin olması da, böyük maraq doğurur. Stratiqrafik müşahidə və artefaktların təhlili Şərifan şəhər yerini XIII-XVII əsrlərə aid etməyə imkan verir.
Farfor qab fraqmenti
Tarix Dostiyev