Qaraçinar çoxtəbəqəli yaşayış yeri Kiçik Qafqazın şərq yamacında, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, Goranboy rayonunun Qaraçinar kəndi ərazisində yerləşir. Yaşayış yeri Qaraçay çayının sağ sahilində, indiki yer səviyyəsindən 5 metr hündürlükdə olmaqla, 1 ha-ya qədər ərazini əhatə edir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşir. Qaraçay öz başlanğıcının kiçik Qafqaz dağ silsiləsinə aid dağlardan götürərək Kür çayına tökülür. Qaraçayın ətrafında eneolit dövründən başlayaraq müasir dövrə qədər müxtəlif dövrlərə aid yaşayış yerləri və qəbir abidələri mövcuddur. Bu isə Qaraçayın min illər ərzində təbii-birləşdirici marşurut (keçid yolu) rolunu oynamasını göstərir. Sovet dövründə (1970-ci illərin əvvəli) Yaşayış yerinin səthində ermənilər tərəfindən pivə zavodunun tikliməsi nəticəsində yaşayış yerinin mərkəzi hissəsi dağıntıya məruz qalmışdır. Zavodun tikildiyi ərazidə mədəni təbəqə tamamilə qazılaraq götürülmüşdür. Götürülən mədəni təbəqə torpağı isə yaşayış yerinin üzərinə tökülmüşdür. Bu isə yaşayış yerinin bir tərəfində mədəni təbəqənin tamamilə dağılmasına, digər tərəfində isə mədəni təbəqənin qarışmasına səbəb olmuşdur.

Yaşayış yeri Naftalan Goranboy arxeoloji ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov tərəfindən 2014-cü ildə qeydə alınmışdır. Həmin il Qaraçay hövzəsində yeni abidələrin qeydə alınması məqsədi ilə kəşfiyyat işləri həyata keçirilmiş, onlarla kurqan tipli qəbir abidələri ilə yanaşı Qaraçinar yaşayış yeri də, qeydə alınaraq yerüstü materilallar toplanılmışdır. Həmin il yaşayış yerinin Qaraçayın yarğanı olan sahəsində 4×4 metr ölçüdə yoxlama qazıntısı aparılaraq abidə haqqında ilkin məlumat əldə edilmişdir. Yaşayış yerinin son eneolit dövründən başlayaraq orta əsrələrə qədər olan böyük bir dövrü əhatə etməsi məlum olmuşdur.

Toplanmış yerüstü materiallar orta əsrlər və antik dövrə aid keramika nümunələri ilə yanaşı, Kür-Araz mədəniyyətinə aid tunc yastı balta və saxsı nümunələrindən ibarətdir. Abidədən yerüstü material kimi çoxsaylı kəsici əşyalar aşkar edilmişdir. Diqqət çəkən məqamlardan biri aşkar edilmiş bütün kəsicilərin obsidiandan hazırlanmasıdır.

2017-ci ildə abidəyə Fransa və İtaliya arxeoloqları baxış keçirmişlər. Abidənin Kür-Araz mədiniyyətinə aid Qafqazın ən əhəmiyyətli abidələrindən biri olaraq arxeoloji qazıntı işlərinə başlanılmasının vacibliyini qeyd etmişlər.

2018-ci ildən yaşayış yerinin qazıntısına Azərbaycan arxeoloqları ilə yanaşı Culio Palumbinin rəhbərlik etdiyi Fransa və İtaliyadan olan arxeoloqlar cəlb edilmişdir. 2018-2023-cü illərdə yaşayış yerində Azərbaycan-Fransa Beynəlxalq arxeoloji ekspedisiyası qazıntı işləri aparmışdır. 2020-ci ildə bütün dünyanı cənginə alan karonavirus pandemiyası səbəbindən abidədə tədqiqatlara ara verilmişdir. Abidənin ən alt təbəqəsi son eneolit dövründən başlayır. Erkən tunc dövrünə aid əsas təbəqənin qalınlığı 3 metrdən artıqdır. Erkən tunc dövrü təbəqəsinin üzərində fasilələrlə orta tunc, son tunc-ilk dəmir, antik və orta əsrlər dövrünə aid təbəqələrə rast gəlinir. 2023-cü ildə burada 200 kv.m ərazidə aparılan qazıntılar zamanı erkən tunc dövrü təbəqəsindən orta tunc dövrü təbəqəsinə keçid mərhələsində və erkən tunc dövrü qatında arxeoloji qazıntı işləri aparılıb.

2024-cü ildə Qaraçinar yaşayış yerində arxeoloji qazıntı işlərini Müzəffər Hüseynovun rəhbərlik etdiyi arxeoloji ekspedisiya davam etdirmişdir.

Tədqiqatlar yaşayış yerinin 3 fərqli ərazisində aparılıb. 1-ci ərazi əvvəlki illərdə aparılmış arxeoloji qazıntıların davamında, 2-ci abidənin cənub-qərb hissəsində, 1 metr enində aşağıdan təpənin üst hissəsinə doğru-abidənin mədəni təbəqəsinin qalınlığını öyrənmək məqsədi ilə aparıldı. 3-cü ərazidə 2×2 metr ölçüdə yoxlama qazıntıları aparılıb.

1-ci sahədən kərpic binanın qalıqları aşkar edilib. Kərpic divar düzümünün yaxşı saxlandığını söyləyə bilərik. Divarın 7 metrdən artıq hissəsi təmizlənsə də, divar qalıqlarını tamamilə açmaq mümkün olmayıb. Təmizlənmiş hissəyə əsasən yuvarlaq tikilinin 100 kv-metrdən artıq sahəni əhatə etdiyini söyləmək olar. Ehtimal ki, büyük ölçülü tikili arakəsmələrlə bölünmüşdür. Divarın daxilinin az bir hissəsi qazıntı sahəsinə düşürdü. Lakin bu kiçik sahənin təmizlənməsi nəticəsində əsasən obsidian və qismən çaxmaqdaşından oraq dişləri, sümük kəsici, sümükdən muncuq, mərkəzi hissəsində deşik açılmış diskşəkilli əşya və erkən tunc dövrünə aid saxsı qab hissələri aşkar edilib. Kərpic tikilinin kənarından isə  təndir və təsərrüfat quyusu da aşkar edilib.

 

Yaşayış yerində, abidənin cənub-qərb tərəfində seçilən ikinci qazıntı yerindən isə erkən tunc dövrünə aid mədəni təbəqə aşkar edilib. Bu hissəsinin bütün qatlarından analiz nümunələri götürülüb.

Bu günə qədər aparılan arxeoloji tədqiqatların yekununa əsasən Qaraçinar yaşayış yeri Kür-Araz mədəniyyətinə aid Cənubi Qafqazda tədqiq olunan ən mühüm abidələrindən biridir. Abidənin ilk tunc dövrü mədəni təbəqəsinin qalınlığı (3 metrdən artıq) və zənginliyi, eləcə də erkən tunc dövründən orta tunc dövrünə keçid prosesinin izlənməsi abidənin əhəmiyyətini artırır. Yaşayış yerində tədqiqatların gələcək illərdə davam etdirilməsi qərara alınıb.

Təsərrüfat quyuları və dirək yerləri

Kərpic divar qalığı və ocaq yeri

Kərpic divar qalığı