Azərbaycan Televiziyası Kilsədağ məbədlər kompleksində aparılan arxeoloji tədqiqatlar zamanı üzə çıxmış yeni nəticələr haqqında reportaj hazırlayıb. Ekspedisiya rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov öz müsahibəsində qeyd edib ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinə əsasən dairəvi məbəd kompleksi ətrafında Antik və İlk Orta əsrlərdə qala divarları ilə əhatə olunan dini təyinatlı “Akropolun” formalaşdığını ifadə etməyə imkan verir. Kilsədağ Məbədlər Kompleksini əhatə edən mühafizə divarları daxilində inşa edilmiş, bu dini ictimai təyinatlı tikililərin üzə çıxarılması və ərazinin relyefi nəzərə alınmaqla qala divarları xaricindəki tikililərin terrasvari formada inşa olunması diqqət çəkən məqamlardandır.

3-4 hektara yaxın ərazidə müşahidə edilən tikili qalıqları bürc yeri və mühafizə divarlarının olması Kilsədağ məbədlər kompleksi ətrafında dini xadim və xidmətçilərin məskunlaşması fikri üzərində düşünməyə əsas verən amillərdəndir.

Bu tikili qatları və divarları daxilində çoxlu sayda antik dövrlə səsləşən kərpic və kirəmit qalıqları bizə mövcud tikililərdən daha öncə burada başqa bir dini ictimai kompleksin olduğunu düşünməyə əsas verir.