22 avqust 2024-cü il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və Monitorinq qrupunun üzvü professor Hidayət Cəfərov dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə Naftalan şəhəri yaxınlığında yerləşən çoxtəbəqəli Qalaboynu tarixi abidəsində aparılan çöl tədqiqatlarının gedişi ilə yerində tanış olublar.

Qalaboynu yaşayış yeri Naftalan şəhəri Qaşaltı kəndi ərazisində yerləşir. Abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 ha-dan artıqdır. Yaşayış yeri 2020-ci ildə Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və ilkin arxeoloji tədqiqatlar aparılıb. 2024-cü ilin avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan htəşəm quruluşlu, boyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkar edilib. Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37×37 sm ölçüdə, 9-10 sm qalınlıqda, tərkibinərda doğranmış saman qalıqları qatılmış, çiy kərpiclərdən istifadə edilmişdir. Kərpic divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli,möhkəm tərkibli daşlardan ibarət lövhələr də aşkar edilib. 15-30 sm qalınlığı olan daşların kənarları səliqə ilə yonulmuşdur. Kərpic divarları və daşların yaxın analogiyasına Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində, vaxtilə İlyas Babayev tərəfindən tədqiq edilmiş Əhəməni dövrünə aid saray kompleksində rast gəlinmişdir. Qaracəmirlidə belə daşlardan sütun altlığı kimi istifadə olunmuşdur.  Abidədən aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək olar. Bu günə qədər belə saray qalıqları Azərbaycanda İdeal Nərimanov tərəfindən qeydə alınmış Sarıtəpə yaşayış yerində, İlyas Babayev tərəfindən qeydə alınaraq beynəlxalq arxeoloji ekspedisiya çərçivəsində tədqiqatlar aparılmış Qaracəmirli saray kompleksində rast gəlinir. Qalaboynu yaşayış yeri sayca bu tip 3-cü abidədəir. Abidənin üzərində orta əsrlərdə qısa müddətli yaşayış mövcud olmuşdur. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələmişdir.  Aşkar edilən tapıntılar  böyük marağa səbəb olub. İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, tarix elmləri doktoru, professor Hidayət Cəfərovla birgə abidəyə baxış keçirib, aparılan işlərlə bağlı təklif və tövsiyyələr verərək burada tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyin bildiriblər. Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının alman və Azərbaycan arxeoloqlarından ibarət üzvləri abidəyə səfər edərək buranın Qaracəmirli saray kompleksi ilə çox oxşarlıq təşkil etdiyini bildiriblər. İnstitut rəhbərliyi və Naftalan şəhər rəhbərliyi belə bir abidənin müntəzəm turizm məkanı olan Naftalan şəhəri ərazisində aşkar edilməsinin əhəmiyyətindən bəhs edərək, gələcəkdəburanın böyük turizm marşrutu kimi fəaliyyət göstərə biləcəyini vurğulayıblar.

Abidədə gələcəkdə tədqiqatların davam etdirilməsi qərara alınıb.