“ Qədim Şəmkir şəhərinin arxeoloji-memarlıq irsi: tədqiqi, qorunması və təbliği” mövzusunda elmi-praktik seminar keçirilib
30 avqust 2024-cü il tarixində “Qədim Şəmkir şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunda” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidməti, AMEA Arxeologiya və Antrapologiya İnstitutu və “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Qədim Şəmkir şəhərinin arxeoloji–memarlıq irsi: tədqiqi, qorunması və təbliği” mövzusunda elmi–praktik seminar keçirilib.
Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev məruzəsində arxeoloji abidələrin tədqiqinin Azərbaycanın tarix və mədəniyyətinin öyrənilməsində müstəsna əhəmiyyəti xüsusi vurğulayaraq arxeoloji irsin qorunması və təbliği məsələlərinin aktuallığına diqqət yönəldib. Arxeoloji abidələrin qorunması üzrə müəyyən uğurlarla yanaşı, həllini gözləyən, narahatlıq doğuran problemlərin də mövcudluğunu qeyd edib. Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu, nöqsan və boşluqların aradan qaldırılması, problemlərin həlliistiqamətində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun sıx təmasda fəaliyyətinin vacibliyini bildirib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov öz çıxışında mədəni irsin öyrənilməsində və təbliğində arxeoloji tədqiqatların mühüm əhəmiyyətindən, abidələrin qorunması probleminin aktuallığından bəhs etdi və seminar iştirakçılarına uğurlar arzulayıb.
Şəmkir Rayon İcra hakimiyyətinin nümayəndəsi Hacıyev Ruhid kənd sakinlərinin həyətyanı sahə, yaşayış evlərinin və pay torpaqlarının Qoruğun mühafizə zolağında olması ilə bağlı olan problemlər haqqında söz açıb. Yaxın illərdə İcra hakimiyyəti, Mədəniyyət Nazirliyi və Əmlak Komitəsi ilə birgə bu məsələnin həlli yolunun tapılmasına səy göstəriləcəyini bildirib.
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktorunun Nurlan Həsənov öz çıxışında Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət qoruğunun 2019-cu ildə yaranması və beş il ərzindəki fəaliyyəti haqqında məlumat verib.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyev Şəmkir şəhər yerində aparılan arxeoloji qazıntıların başlıca yekunları, bu tədqiqatların Azərbaycanda müsəlman şəhərinin təşəkkül və inkişaf mərhələrinin müəyyənləşdirilməsində, islama qədərki mədəniyyətdən Müsəlman mədəniyyətinə keçidin xüsusiyyətləri, erkən islam dövründə cərəyan edən etnik-mədəni proseslərin səciyyəsində əhəmiyyətini diqqətə çatdırıb. Geniş miqyaslı qazıntılar, gərgin əmək nəticəsində üzə çıxarılan arxeoloji-memarlıq komplekslərin arzuolunan səviyyədə qorunmadığından narahatlığını bildirib. “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki arxeoloji-memarlıq irsinin qorunması və təbliğinin təkmilləşdirilməsi, arxeoturizmin inkişafı üzrə öz təkliflərini bildirib.
Bundan başqa elmi-praktik seminarda tədqiqatçı Faiq Nəsibov, Şəmkir ziyalısı, şair Məzahir Hüseynzadə, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun bələdçisi Nəzrin Nəhmətova da çıxış ediblər.