Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) Şuşa şəhərində keçirilmiş Birinci Toplantısı
Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə 2024-cü il sentyabrın 14-dən 18-dək Azərbaycan Respublikasının Şuşa şəhərində Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (the Association of Research Institutes and Centers of Archaeology of the Turkic World (ARICA)/ tələffüzdə: ARİKA) ilk rəsmi iclası keçirildi. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkstan, və o cümlədən, Qaraqalpaq muxtariyyətindən, Tatarıstanın (Rusiya Federasiyası) tanınmış elmi-tədqiqat mərkəzlərinin 19 nümayəndəsi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev tədbir iştirakçılarını salamladı və tədbirin Azərbaycanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində keçirilməsinin bütün Türk Dünyası üçün simvolik olduğunu vuğuladı. Türk Akademiyasının prezidenti Prof. Dr. Şahin Mustafayev müasir dünya elminin çağırışlarına uyğun Türk Dünyası arxeologiyasının qarşıda duran fəaliyyət istiqamətləri barədə konsepsiyanın əsas tezislərini açıqladı. AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev tədbir iştirakçılarını salamlayaraq düşmən işğalından azad edilmiş Azərbaycan torpaqlarında respublika rəhbərliyi tərəfindən aparılan bərpa və quruculuq işlərinin kontekstində arxeoloqların üzərinə düşmüş vəzifələrdən danışdı.
Daha sonra tədbir iştirakçıları “Türk-İslam irsinin tədqiqatları” və “Türk xalqlarının Avrasiyada mədəni təsirləri” mövzuları üzrə sessiyalarda hazırladıqları təqdimatlarla çıxış etdilər. Tədbirin sonuncu hissəsində Dəyirmi Masa arxasında elmi fikir mübadiləsi aparıldı.
Sonda ARICA-nın Şuşa şəhərində keçirilmiş toplantısının Qətnaməsi qəbul olundu. Qətnamədə Türk dünyasının arxeoloji irsinin araşdırılmasında qarşılıqlı əməkdaşlığın istiqamətləri öz əksini tapıb.
Həmçinin, tədbir iştirakçıları işğal dövründə erməni işğalçılarının törətdiyi saysız vandalizm aktlarını sübut edən azərbaycanlı əhaliyə aid qəbiristanlıqların, məscidlərin, yaşayış məskənlərinin dağıntıları, hal-hazırda azad edilmiş ərazilərdə aparılan möhtəşəm bərpa-quruculuq işləri ilə tanış olmuşlar. Həmçinin, tədbirin iştirakçıları azad edilmiş torpaqlarda aparılan arxeoloji qazıntıların ərazilərinə səfər etdilər.
Qeyd edək ki, 9-10 noyabr 2023-cü il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin Birinci İşçi Toplantısında arxeoloji tədqiqatlarda türk xalqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas istiqamətlər müzakirə olunmuşdu. Görüş müxtəlif arxeologiya institutları və mərkəzlərinin nümayəndələri üçün ortaq problemləri, əməkdaşlıq imkanlarını və türk arxeologiyasının qlobal miqyasda görmə qabiliyyətini və təsirini artırmaq üçün strategiyaları müzakirə etmək üçün platforma rolunu oynadı.
Görüşün ilkin nəticəsi olaraq Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (the Association of Research Institutes and Centers of Archaeology of the Turkic World (ARICA)/ tələffüzdə: ARİKA) rəsmi yaradılması olub. ARICA-nın yaradılması arxeoloji tədqiqatlar sahəsində türk xalqları arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələdir. ARICA türk arxeoloji əməkdaşlığını təşviq etmək, birgə tədqiqatlar aparmaq və ekspedisiyalar həyata keçirmək, eyni zamanda beynəlxalq qurumlarla əməkdaşlıq etmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etmək məqsədi daşıyır.