Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində qədim yaşayış yeri qalıqlarının, maddi-mədəniyyət nümunələrinin görünməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Xəzər arxeologiyası ekspedisiyası” 27 avqust-12 sentyabr 2024-cü il tarixlərdə (17 gün) Abşeron yarımadasının Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda arxeoloji kəşfiyyat işləri aparıb. Tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin, sualtı arxeoloq, dalğıc Ceyhun Əliyevin və d. elmi əməkdaşların üzvü olduğu ekspedisiyaya “Xəzər arxeologiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Abbas Seyidov rəhbərlik etmişdir. Kəşfiyyat tədqiqatları uğurlu olub. Buradan XIX əsrə aid iki batmış gəminin qalıqları, orta əsrlərə aid saxsı məmulatları aşkar olunub. Gələcəkdə bu ərazilərdə daha geniş arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli, 16/33 №-li Qərarı ilə Arxeologiya və Antropologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilərək, daxili imkanlar hesabına və mövcud ştat vahidləri çərçivəsində “Xəzər arxeologiyası” şöbəsi yaradılıb. Şöbənin əsas tədqiqat istiqaməti Xəzər dənizinin Azərbaycan sektorunda dənizin dibini və sahilboyu əraziləri elmi-tədqiqat baxımından araşdırmaq, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrdə tədqiqatlar aparmaq, yeni abidələri qeydə almaq və tədqiq etmək, monitorinqlər həyata keçirmək, abidələrin memarlıq quruluşunu öyrənmək və planının tərtibatı kimi işlərdən ibarətdir.