AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şuşa şəhərində keçirilmiş Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) I toplantısının iştirakçıları ilə görüşüb.
Görüşdə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Türkiyənin Hacettepe Universitetinin professoru Dr. Yunus Koç, Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin direktoru Farhod Maksudov, Y.Qulamov adına Səmərqənd Arxeologiya İnstitutunun direktoru Muminxan Saidov və Tatarıstan Elmlər Akademiyasının (Rusiya Federasiyası) Arxeologiya İnstitutunun direktor müavini Ruzim Sattarov iştirak ediblər.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli ölkə başçısının Türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi qarşıya qoyduğunu söyləyib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” strategiyası ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri nəticəsində dövlətlərimiz arasında strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu da öz növbəsində Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsinə və genişlənməsinə müsbət təsir edib.
Bu gün dünyada müxtəlif təşkilatların olduğunu deyən akademik İsa Həbibbəyli belə bir şəraitdə ortaq dilə, tarixə, mədəniyyətə malik türk xalqlarının da birliyinin və həmrəyliyinin olmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, hazırda Türk Dövlətləri Təşkilatının Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Türk Universitetlər Birliyi (TÜRKÜNİB), Türk Mədəniyyəti və İrsi Fondu kimi qurumları uğurla fəaliyyət göstərir.
Dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən irəli gələrək AMEA-nın Türk dünyasının elm mərkəzləri və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli Akademiyanın elmi müəssisə və təşkilatlarında türk xalqlarının dilini, tarixini, ədəbiyyatını, folklorunu, fəlsəfi fikir tarixini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, tezliklə Memarlıq və İncəsənət İnstitutunda da müvafiq şöbənin açılacağını söyləyib.
“Bu gün Türk dünyasının elm xadimlərinin də birlik və həmrəyliyi olduqca vacibdir. Uzun illərdir tarix, dilçilik və ədəbiyyat sahəsində sıx əməkdaşlığımız və birliyimiz var. Bu gün arxeoloq alimlərin də birliyi yaranır və Akademiya olaraq bunu dəstəkləyirik. Bu cəhətdən Şuşa şəhərində keçirilmiş Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) I toplantısı olduqca önəmlidir”, – deyə AMEA prezidenti bildirib.
Daha sonra çıxış edən AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev növbəti ildən etibarən Türk dünyasının arxeoloqlarının birliyi və arxeoloji irsinin öyrənilməsi istiqamətində mühüm layihələrin keçiriləcəyini söyləyib.
Öz növbəsində Türkiyənin Hacettepe Universitetinin professoru Dr. Yunus Koç da Türk dünyasının arxeoloqlarının birliyinin yaradılmasının xalqlarımızın həmrəyliyinə öz töhfəsini verəcəyini vurğulayıb.
Görüşdə, həmçinin birgə tədqiqatların, layihələrin, konfransların keçirilməsi, kadr mübadiləsinin aparılması kimi məsələlər də müzakirə olunub.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib.
Qonaqlar, həmçinin AMEA-nın Əsas binası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Xəbərin istinad mənbəyi www.science.gov.az məxsusdur.