Rəyasət Heyətinin iclasında “Xəzərin arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzə dinlənilib
AMEA-da aparılan struktur islahatlarına müvafiq olaraq, Xəzər dənizində sualtı tədqiqatların və sahilboyu ərazilərdə, digər su hövzələrində arxeoloji tədqiqat işlərinin aparılması üçün AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya və Antropologiya İnstitutunun strukturunda daxili imkanlar hesabına Xəzər arxeologiyası şöbəsi yaradılıb.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Abbas Seyidov “Xəzərin arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzəsində deyib.
Məruzədə qeyd olunub ki, XX əsrin ikinci yarısında Azərbaycanda sualtı arxeoloji tədqiqatların aparılması ön plana çəkilib. Azərbaycan SSR Nazirlər Sovetinin 24 iyul 1968-ci il tarixli Sərəncamı və Azərbaycan SSR EA-nın 9 avqust 1968-ci il tarixli qərarı ilə Xəzər dənizinin sualtı tarixi-arxeoloji abidələrinin öyrənilməsinə hazırlıq işləri aparılıb. T.e.d. Zelik Yampolski elmi məsləhətçi olmaqla, praktiki iş dalğıc Viktor Kvaçidzeyə həvalə olunub. 1986-cı il də daxil olmaqla – 19 il ərzində V.Kvaçidze Xəzər sahillərində və adalarda tədqiqat işləri apararaq, 4000-dən artıq maddi-mədəniyyət qalığı aşkar edib. Tədqiqatlar Şuvəlan burnunda, Gurqan burnu ilə üzbəüz Abşeron yarımadasının şərq hissəsində, Bakı buxtası və Səbail sualtı istehkamında, Salyan rayonu ərazisində Kürün qədim kanalı və Bəndovan burnunda aparılıb.
Müəllif qeyd edib ki, 27 avqust-12 sentyabr 2024-cü il tarixlərində Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası ekspedisiyası Abşeron yarımadasının Xəzər rayonu ərazisində yerləşən Zirə və Pirallahı istiqamətində, həmçinin orta əsrlərə aid Şəhri-Gürqanda arxeoloji kəşfiyyat işləri aparıb və tədqiqatlar zamanı XIX əsrə aid iki batmış gəminin qalıqları və XII-XIV əsrlərə aid saxsı məmulatları aşkarlanıb.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda və sahilboyu ərazilərində arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrə dair yeni araşdırmalar aparmaq, aşkar olunacaq abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək, planını çıxarmaq və digər zəruri işləri icra etmək üçün Xəzər arxeologiyası şöbəsinin fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.