Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, “Qayıdış” İctimai Birliyinin təşkilatçılığı ilə “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli şəhər 7 saylı tam orta məktəbdə keçirilən seminarda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev çıxış edərək, İmişli rayonunun ərazisində yerləşən qədim tarixə malik “Qızıltəpə”, “Muxortəpə”, “Qara təpə”, “Yeddi Kurqan”, “Dəyirman yeri”, “Qalaça yeri” və digər abidələr haqqında məlumat verib. Qeyd edib ki, Qızıltəpə tarixi abidəsində 800 il bundan əvvəl qazılmış quyu, müşahidə məntəqəsi və istehkam divar hörgüləri aşkar olunub. Eradan əvvəl IV əsrə aid ərazidə aşkarlanan tapıntılar Səlcuqlu imperiyası dönəmini əhatə edir. Qazıntılar zamanı ərazidə orta əsrə aid gözətçi qalasının izləri üzə çıxıb. Qızıltəpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir.

Bildirilib ki, Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanında bu ərazilərdə intensiv yaşayış məskənləri olub. Tarixi abidələrin 3 min ildən çox yaşı var. Arxeoloji qazıntılar zamanı tapılmış, antik dövrə aid edilən mədəniyyət nümunələrinin tədqiq edilməsi yeni faktları üzə çıxara bilər. Bu tapıntılar Mil-Muğan düzünün minilliklər ərzində xalqımızın qədim yaşayış məskəni olduğunu sübut edir.

Seminarın sonunda “Qayıdış” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Mil-Muğan mədəni irsi: İmişli rayonunun arxeoloji abidələri” adlı kitab tədbir iştirakçılarına və rayonun təhsil və mədəniyyət müəssisələrinə, kitabxanalara paylanılıb.

Xəbərin istinad mənbəyi AZƏRTAC – a məxsusdur.