Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İnstitutun əməkdaşları iştirak edirdilər. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Zaur Həsənov açdı.

Öz çıxışında Z.Həsənov İkinci Vətən Müharibəsinin Azərbaycanın 200 illik tarixində müqayisə oluna bilməyən ən böyük tarixi hadisə kimi dəyərləndirdi. Onun təklifi ilə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində şəhid olmuş zabit və əsgərlərimizin, erməni işğalçılarının müharibə və hümanizm qanunlarına zidd olaraq törətdiyi vəhşi bombardmanlar nəticəsində həlak olmuş dinc soydaşlarımızın xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla yad etdilər.

Daha sonra t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Abbas Seyidov, t.e.d., professor Əsədulla Cəfərov cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət, ortaya qoyduğu dəmir iradə və müzəffər Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində qazandığımız şanlı qələbə barədə danışdılar, qələbədən sonra dünyada xalqımızın nüfuzunun güclənməsini və yağı düşmən tərəfindən viran edilmiş bölgələrimizdə dövlətmizin qüdrətini göstərən nəhəng quruculuq işlərini  xüsusi vurğuladılar. Məruzəçilər dövlətimiz tərəfindən şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına göstərilən yüksək diqqət və qayğını xüsusi olaraq qeyd etdilər.

Həmçinin, İnstitutun şöbə müdiri, t.ü.f.d. Akif Quliyev azad edilmiş torpaqlarımızda əsir və itkin düşmüş soydaşlarımızın axtarılması işində İnstitutun nəzdində yaradılan və onun başçılıq etdiyi “Məhkəmə arxeologiyası” şöbəsinin fəaliyyəti barədə söz açdı. O, aşkar edilmiş azərbaycanlı mülki şəxslərin və hərbi əsirlərin qalıqlarının tədqiqatları zamanı onların erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalması və xüsusi amansızlıqla qətlə yetirildiyini göstərən bəzi faktları açıqladı. Daha sonra İnstitutun kiçik elmi işçisi, Birinci Qarabağ Müharibəsi veteranı Məhyəddin Seyidov döyüş xatirələri barədə tədbir iştirakçılarına məlumat verdi.

Tədbirin sonunda Arxeologiya və Antropologiya İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Zaur Həsənov Ordumuzun daha da güclənməsinin zamanın tələbi olduğunu qeyd etdi.