Qazaxıstan Respublikasının paytaxtı Almatıda görkəmli qazax alimi, arxeoloq Kimal Akişeviç Akişevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir mərhələdə Avrasiya arxeologiyasının üfüqləri və paradiqmaları” adlı Birinci Beynəlxalq Arxeoloji Simpozium keçirilmişdir. Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyi, A.X. Marqulan ad. Arxeologiya İnstitutu və K.A. Akişev ad. Elmi-Tədqiqat Arxeologiya İnstitutu mötəbər tədbirin təşkilatçıları idilər. Simpoziumda 20 ölkədən (Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Monqolustan, Rusiya, Ukrayna, Moldova, Polşa, ABŞ, Kipr, Böyük Britaniya, Almaniya, Hindistan, Çin, Hollandiyadan və d.) alimlər iştirak ediblər. Simpoziumun əsas məqsədi Avrasiya arxeologiyasının aktual və fundamental problemləri və onların həlli üsullarının müzakirəsi olub.

A.X. Marqulan ad. Arxeologiya İnstitutunun baş direktoru Akan Onqarulının dəvəti ilə Qazaxstan respublikasına ezam olunmuş AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev beynəlxalq simpoziumun plenar iclasında “Cənubi Qafqazın erkən əkinçilik dövrünün yarım köçəri mədəniyyətləri” adlı məruzə ilə çıxış etmişdir. Simpoziumun gedişi zamanı hər iki ölkələrin arxeologiya İnstitutlarının rəhbərləri arasında ortaq mövzular əsasında müştərək tədqiqat işlərinin perspektivləri müzakirə edildi. Qazaxıstan və Azərbaycan arxeoloqlarının birgə çalışması üçün İnstitutlar arasında əməkdaşlıq memorandumun imzalanması razılığı əldə olundu.