23 oktyabr 2024-cü il tarixində Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə “Şuşa və ətrafının arxeoloji tədqiqi” mövzusunda elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova Şuşanın arxeoloji tədqiqi tarixinin XIX əsrdən başladığını qeyd edərək işğaldan azad olunduqdan sonra İnstitutun Şuşa şəhəri və ətraf ərazilərdə apardığı tədqiqat işləri barədə qısa məlumat verib. O, qeyd edib ki, gənclər elmin, o cümlədən, arxeologiyanın bu günkü və sabahkı simasıdırlar və buna görə də elmi tədqiqatları paylaşmağa həvəs göstərməli, elmi tədbirlərin aparıcı qüvvəsinə çevrilməlidirlər.
Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nigar Mustafayeva tədbir iştirakçılarını salamlayıb və çıxışında işğaldan azad olunmuş torpaqlarda aparılan uğurlu işlərin, eləcə də arxeoloji tədqiqatların əhəmiyyətini vurğulayıb.
Elmi sessiyada müxtəlif elmi müəssisələrdən olan gənc alim və mütəxəssislərin məruzələri dinlənilib. Arxeologiya və Antropologiya İnstitutunun “Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi” şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Gülanə Əliyeva “Qarabağın abidələri arxeoloji tədqiqatlarda”, Qafqazşünaslıq İnstitutunun “Qafqaz ölkələrinin beynəlxalq əlaqələri” şöbəsinin müdiri, t.ü.f.d., İnstitutun Gənc Alim və Mütəxəssislər şurasının sədri Günel Musayeva “Şuşa şəhərinin strateji əhəmiyyəti”, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, GAMŞ sədri fəl.ü.f.d. Elnur Mustafayev “Tarixi proseslərin öyrənilməsində Şuşanın epiqrafik abidələrinin əhəmiyyəti”, Radiasiya Problemlərləri İnstitutunun elmi işçisi Aybəniz Əhədova “Qarabağ arxeoloji tədqiqatlarında radiokarbon və spektroskopik metodların tətbiqi”, AR Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun GAMŞ sədri b.ü.f.d. Nərgiz Bayramova “Qarabağın biomüxtəlifliyi: torpaq və su ehtiyatları” və Arxeologiya və Antropologiya İnstitutunun laboratoriya müdiri Əjdər Babazadə “Şuşa qalalarında beynəlxalq arxeoloji tədqiqatlar-2024” mövzusunda məruzələri ilə çıxış ediblər.