30 oktyabr tarixində Bakıdakı Rus Evində Şəki xanlığında zərb edilən və avers tərəfində Rusiya imperiyasının tacı əks olunmuş sikkələrə həsr olunmuş sərgi və mühazirə keçirilib.

Tədbir iştirakçılarının diqqətinə Şəki xanlığının XVIII əsrin sonu – 19-cu əsrin əvvəllərinə aid orijinal gümüş və mis sikkələrdən ibarət sərgi təqdim olunub.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tədqiqatçı Rüstəm Hüseynov bu sikkələrin zərbinə səbəb olan tarixi hadisələr, sikkələrin  çeşidləri və ən maraqlı numizmatik nümunələri barədə ətraflı danışıb.

Qeyd edək ki, Şəki xanlığı Azərbaycanın şimal-qərbində XVIII əsrin ortaları – XIX əsrin əvvəllərində mövcud olmuş tarixi dövlətdir. Şəki xanlığının sikkələri, xüsusən də taclı keçid tipli sikkələr Azərbaycan tarixinin və Rusiya ilə əlaqələrinin mühüm təfərrüatlarından çox şey danışa bilər, XVIII əsrin sonu – erkən XIX əsr əhatə edən  dövrün təkcə siyasi deyil, həm də iqtisadi tarixinin səhifələrinə işıq sala bilər. Şəki xanlığının bəzi sikkə növləri son dərəcə məhdud nüsxədə məlumdur və numizmatika sahəsində nadir hesab edilir.