Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin 90 illik yubileyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Konfransda çıxış edən rektor Elçin Babayev BDU-nun elmi məktəbləri arasında arxeologiya məktəbinin özünəməxsus yer tutduğunu deyib. Rektor bildirib ki, bu məktəbin ən yaxşı nümayəndələrindən biri də tanınmış arxeoloq alim Qüdrət İsmayılzadədir: “Ötən əsrin və dövrümüzün böyük arxeoloqlar nəslinin yetişməsində yaxından iştirak edən, tariximizin ən müxtəlif dövrlərinə işıq salan Qüdrət İsmayılzadənin tədqiqatları, araşdırmaları bu gün də təhlil edilir və öyrənilir. Onun Azərbaycanda Antik dövrə aid ilk yaşayış məskəni olan Qaraköpəktəpə yaşayış yerindəki tədqiqatlara, həmçinin Qarabağda, Quruçay və Köndələnçay vadilərində arxeoloji abidələrin axtarış və qeydə alınması məqsədilə yaradılan ekspedisiyaya rəhbərlik etməsi həmin dövrün araşdırılması baxımından böyük töhfə idi. Qüdrət müəllim öz işinin ustası idi. Belə insanların işini davam etdirməliyik. Bu baxımdan hazırda bizim əsas qayəmiz böyük Qələbəmizdən sonra azad edilmiş ərazilərdə aparılan arxeoloji tədqiqat və elmi araşdırma işlərində BDU tələbələrinin yaxından iştirak etməsidir. Çünki araşdırılmağa, öyrənilməyə və tanıdılmağa ehtiyacı olan abidələrimiz var”.

Arxeoloq olmağın həkim dəqiqliyi tələb etdiyini deyən rektor bu cür tədbirlərin əsas məqsədinin görkəmli alimlərin həyat yoluna işıq salmaq, gənc nəslin qeyd edilən sahəyə marağını artırmaq olduğunu bildirib.

Sonra Qüdrət İsmayılzadənin həyat yolu ilə bağlı videoçarx nümayiş etdirilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev konfransın mövzusunun günümüzün reallıqları ilə səsləşdiyini, Qarabağ və Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış abidələrimizin öyrənildiyini qeyd edib: “Ölkəmizin arxeologiya elminə böyük töhfələr vermiş, əsas tədqiqat sahəsi Qarabağ olmuş Qüdrət İsmayılzadənin 90 illik yubileyində məhz bu mövzunun işlənməsi əlamətdar hal daşıyır. Qüdrət İsmayılzadə təkcə Azərbaycan deyil, dünya arxeoloqları tərəfindən də tanınan və istinad edilən böyük alim idi. Təsadüfi deyil ki, alman arxeoloqların dəvəti ilə Türkiyənin Çanaqqala şəhəri yaxınlığındakı antik Troya qazıntılarında iştirak etməsi Qüdrət müəllimin böyük tədqiqatçı olmasından xəbər verirdi. O, elmimizdə tanınmış Qafqazşünas alim kimi qalıb. Hazırda azad edilmiş ərazilərdə aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edir, öyrəndiklərimizi tətbiq edirik”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə böyük müəllim, elm adamı olan Qüdrət İsmayılzadənin tələbələr üçün əsl məktəb yaratdığını bildiriblər.

Daha sonra çıxış edən BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov, professor Hidayət Cəfərov, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri professor Tarix Dostiyev və Qüdrət İsmayılzadənin qızı, Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə Qüdrət İsmayılzadənin Azərbaycan elmində oynadığı roldan, müasir arxeoloji çağırışlardan danışıblar.

Beynəlxalq konfrans öz işini sabah başa çatdıracaq.