AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev bildirdi ki, xatirəsini dərin hörmətlə andığımız Heydər Əliyev sovetlər dönəmində belə, dünyanın iri dövlətlərinin siyasi çevrələrində artıq SSRİ rəhbərliyində güclü siyasətçi və lider kimi tanınırdı. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı faktiki dövlətimizi dünya xəritəsindən silinməsinin qarşısını aldı. Dövlətimizin müstəqilliyi və qüdrətlənməsi istiqamətində Heydər Əliyevin başladığı böyük mücadilə yolunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev davam etdirərək siyasi və hərbi qələbələrə imza atdı.

Daha sonra tədbir iştirakçıları çıxış edərək öz fikirlərini bildirdilər. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Arxeologiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, t.ü.f.d., dosent Bəxtiyar Cəlilov, t.e.d., professor Hidayət Cəfərov, t.e.d., professor Qafar Cəbiyev, t.ü.f.d., dosent Bəhlul İbrahimli və t.e.d., professor Əsədulla Cəfərov çıxışlarında xalqımızın və respublikamızın tarixinin dramatik dövründə Heydər Əliyevin xalqımızın tələbi ilə respublikamızın siyasi rəhbərliyinə qayıdaraq böyük siyasi təcrübəsinə əsaslanıb öz müdrik siyasəti ilə dövlətimizi xaos və vətəndaş müharibəsindən xilas etdiyini, xalqın Ulu Öndərə olan dərin etimadını və sevgisini vurğuladılar. Həmçinin, tədbirdə Ulu Öndərin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan, arxeologiya sahəsinə xüsusi önəm verməsindən söz açıldı.