11 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində fəaliyyət göstərən “Gənc arxeoloq” elmi dərnəyinin təşəbbüsü ilə Qarabağın paleolit abidələrinin son illərdəki tədqiqatlarının nəticələrinə həsr olunmuş Dəyirmi masa keçirildi. Dəyirmi masada Azıx və Tağlar mağara düşərgələrində tədqiqat aparan paleolitşünas arxeoloqlar, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, dos., t.ü.f.d. Azad Zeynalov və böyük elmi işçi, t.ü.f.d. Yaqub Məmmədov məruzələrlə çıxış etmişlər. Çıxışlarında Azərbaycanın qədim və zəngin mədəni irsinin öyrənilməsində arxeologiya elminin əhəmiyyətindən bəhs edən mütəxəssislər erməni işğalı dövründə Qarabağın arxeoloji irsinə qeyri-qanuni müdaxilə və saxtalaşdırmaları ifşa etmişlər. Məruzəçilər II Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Azərbaycan arxeoloqlarının əcnəbi həmkarları ilə əməkdaşlıqda Azıx və Tağlar mağara düşərgələrində müasir tələblər səviyyəsində tədqiqatlara başlanılması, bu abidələrin UNESCO-nun Dünyanın irsi siyahısına daxil edilməsi üzrə görülən tədbirlər haqqında tələbə və magistrantlara məlumat vermişlər.
Tədbirdə Bakı Dövlət Universiteti Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix elmləri doktoru Tarix Dostiyev, “Gənc arxeoloq” elmi dərnəyinin 32 nəfər üzvü – tələbə və magistrantlar iştirak etmişlər. Paleolitşünas arxeoloqlar tələbə və magistrantların suallarını cavablandırmış, arxeologiyaya, bəşəriyyətin ulu keçmişinə, insanın yaranması, maddi mədəniyyət kateqoriyalarının meydana gəlməsi, ibtidai insanların həyat mənzərəsinin bərpası problemlərinə maraq göstərən gənclərlə fikir mübadiləsi aparmışlar.